Prezident İlham Əliyev Bakıda yeni stansiyaların tikintisini zəruri hesab edir.
"Bilirik ki, on il bundan sonra Azərbaycan necə inkişaf edəcək. Ona görə, yeni stansiyaların tikintisinə böyük ehtiyac var", - deyə dövlət başçısı bazar ertəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bəyan edib.
Onun sözlərinə görə, hazırda şəhərdə elektrik təchizatı ilə bağlı heç bir problem yoxdur.
"Son illər ərzində ölkəmizdə bir çox elektrik stansiyası tikilib. Deyə bilərəm ki, biz öz enerji potensialımızı böyük dərəcədə gücləndirə bilmişik. Son on il ərzində tikilən stansiyaların istehsal gücü mövcud potensialımızın təxminən 40%-ni təşkil edir. Əgər o stansiyalar tikilməsəydi, bu gün biz ölkəmizin uğurlu inkişafına nail ola bilməzdik. Ancaq son on il ərzində elektrik enerjisinə olan tələbat böyük dərəcədə artıb. Bu da təbiidir. Çünki son on il ərzində həm iqtisadiyyat, sənaye artıb, insanların rifah halı yaxşılaşıb", - deyə prezident vurğulayıb.
“Əgər əvvəlki illərdə bizdə qışda və yayda enerji sərfiyyatında fərq var idisə, indi bu fərq yoxdur. Nə üçün? Çünki əvvəlki illərdə yay aylarında daha az istifadə olunurdu. Ancaq son illərdə insanların yaşayış səviyyəsinin yaxşılaşması nəticəsində demək olar ki, vətəndaşlarımızın əksəriyyəti kondisionerlər əldə ediblər və beləliklə, yayda da enerjiyə olan tələbat artıb.
Ancaq biz gələcəkdə yeni stansiyaların tikintisinə başlayacağıq. Eyni zamanda Bakı şəhərində və bölgələrdə yarımstansiyaların tikintisi də nəzərdə tutulmalıdır. Çünki bizim uğurlu inkişafımız bunu tələb edir. Tələbat artır və mövcud potensial tələbatdan çox, ondan böyük olmalıdır", - deyə o qeyd edib.
“Hazırda Bakıda yeni böyük elektrik stansiyası tikilir – “Şimal-2”. Ola bilər ki, bir dənə də böyük stansiyanın tikintisinə ehtiyac olacaq. Ötürücü xətlər də yenilənir. Ötürücü xətlərin yerin altına salınması prosesi də gedir. Biz buna da nail oluruq. Bir sözlə, elektrik təchizatı ilə hazırda şəhərdə heç bir problem yoxdur. Ancaq gələcəyə baxmaq lazımdır və daim bu sahə diqqət mərkəzində olmalıdır. Qazlaşdırma da demək olar ki, Bakı şəhərində öz həllini tapıb. Qazlaşdırma 96%-dir. Qazlaşdırılmayan məntəqələr, yerlər də qazlaşdırılmalıdır ki, Bakı şəhəri 100% qazla təmin edilsin, - deyə İ.Əliyev əlavə edib.
Onun sözlərinə görə, bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir.
“Biz təqribən 90%-ə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. İçməli su və kanalizasiya layihələri isə bu gün deyə bilərəm ki, Bakı üçün, ölkəmiz üçün ən vacib olan məsələdir. İndi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir. Bəzi rayon mərkəzlərində, şəhərlərdə artıq bu, icra edilib. Bu da tarixi nailiyyətdir. Çünki biz həmişə sudan əziyyət çəkirdik, su qıtlığını yaşayırdıq. Bu gün də hələ Bakının bir hissəsi fasilələrlə içməli su alır. Ümid edirəm ki, növbəti illərdə bu məsələ tam şəkildə öz həllini tapacaq. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcək ki, biz bu problemi tam şəkildə həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaq və bu məsələ birdəfəlik öz həllini tapacaq”, - deyə dövlət başçısı söyləyib.
“Eyni zamanda istilik sisteminin bərpası prosesi gedir. Hələ görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakıda istiliyi 100% təmin edək. Bu, həm bir tərəfdən sosial bir layihədir, eyni zamanda, istilik olan yerdə elektrik enerjisinə tələbat da azalır“, - deyə İ.Əliyev vurğulayıb.
O deyib ki, insanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır.
"Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir və dövlət orada tarif siyasətini uğurla apara bilər. Bildiyiniz kimi, Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Dövlət investisiyaları da cəlb edilə bilər bu sahələrə", - deyə prezident vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət