Sualları Moskva Dövlət Universitetinin nəzdində Postsovet məkanının öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzin baş direktoru Yuliya Yakuşeva cavablandırır.
- Qarabağ münaqişəsi zonasında gərginliyin azalması nöqteyi-nəzərindən Soçidə keçirilən Azərbaycan-Rusiya-Ermənistan sammitindən nə gözləyirsiniz?
- Gözləntilər realdır. Əlbəttə, bu danışıqlar nəticəsində Qarabağ münaqişəsinin qəti həllini gözləmək sadəlövhlük olardı. Münaqişə zonasında gərginliyin və qarşılıqlı təhdidlərin səviyyəsinin kəskin azaldılmasına isə artıq indi nail olmaq lazımdır. Həm də yalnız yaxın zaman formatında deyil, strateji planda. Görüş tərəflərin müharibə həddindən konstruktiv dialoqa keçməyə hazır olduğunu nümayiş etdirdi. Düşünürəm ki, bu, üçtərəfli danışıqların mümkün nəticələri arasında ən yüksək nəticədir.
- İndiki mərhələdə söhbətin münaqişənin qəti həllindən deyil, yeni müharibənin başlanmasına yol verilməməsindən getdiyinə dair fikir nə dərəcədə yerinə düşür?
- Əslində, müsahibənin əvvəlində də mən bu barədə demişəm. Realist olmaq lazımdır - münaqişənin “burada və indi” formatında həlli mümkün deyil. Lakin əgər Rusiya prezidenti birbaşa vasitəçi funksiyalarını üzərinə götürürsə, demək ki, onun İlham Əliyevə və Serj Sarqsyana söyləməyə sözü var. Gəlin ehtimal etməyək, lakin hesab edirəm ki, həm münaqişə tərəflərinin, həm də vasitəçilərin ardıcıl səyləri nəticə etibarilə bu münaqişənin qarşılıqlı münasib həlli formatına gətirib çıxara bilər. Ancaq vurğulayım ki, bu məsələ çətin ki, yaxın perspektivdə öz həllini tapsın.
- Soçi görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak etməyiblər. Bu, bəzilərinə Rusiyanın münaqişənin həllində yenidən təşəbbüsü öz əlinə almasını güman etməyə əsas verdi. Rusiya ilə Qərb arasında gərginliyin hökm sürdüyü bir vəziyyətdə bu münaqişədə təkbaşına sülhməramlı rolunun öhdəsindən gəlmək imkanları nə yerdədir (Moskvanın Bakı və İrəvanla əlaqələri nəzərə alınmaqla)?
- “Sıfira bərabər imkanlar” oyunu üslubunda düşünməyə dəyməz. Vasitəçi ölkələrin hər biri nizamlanma prosesinə töhfə verə bilər. Lakin Qarabağ münaqişəsinin nizamlanmasının ölkəmizin xarici siyasi prioritetlərindən biri olduğunu nəzərə alsaq, əlbəttə ki, Rusiyanın rolu çox böyükdür. Rusiya Zaqafqazya regionunda sabitlyin təmin edilməsində obyektiv şəkildə maraqlıdır. Siz düzgün qeyd etdiniz - Moskvanın Bakı və İrəvanla çox sıx əlaqələri var, bu səbəbdən onun regionda təsiri böyükdür. Azərbaycan və Ermənistan Rusiya prezidentinin vasitəçilik səylərinə etibar edirlər. Təsadüfi deyil ki, görüş Paris və ya Nyu-Yorkda deyil, Soçidə keçirilib. Qərblə gərgin münasibətlərə gəlincə isə, Qarabağ münaqişəsi birbaşa Moskvanın vasitəçiliyi ilə həll olunarsa, Aİ və ya ABŞ-ın buna əngəl törədəcəyini düşünmürəm.
- Yeri gəlmişkən, Ukraynada baş verən hadisələrin keçmiş SSRİ ölkələrini Rusiyadan və ya ən azı Moskvanın təşəbbüsü ilə təşkil edilmiş inteqrasiya birliklərindən üz çevirməsinə səbəb ola biləcəyi fikrini necə şərh edərdiniz?
- Və ya əksinə, əgər ideologiya məsələləri və gənclər və KİV-lə iş qərbyönümlü fondların iltizamına verilərsə, qanuni hakimiyyəti necə asanlıqla devirməyin mümkün olması ilə bağlı milli elitanı bir daha düşünməyə vadar edə bilər. Ukrayna böhranının postsovet ölkələrində siyasi proseslərə təsirini inkar etmək olmaz. Lakin nəticə sizin səsləndirdiyiniz fikrin tam əksi ola bilər. Rusiyanın qərb istehsalçılarına qarşı tətbiq etdiyi sanksiyalar yaxın xarici ölkələrdən olan istehsalçıların Rusiya bazarına çıxış əldə etməsi üçün yeni imkanlar açır. Yeri gəlmişkən, artıq Azərbaycan və Ermənistana Rusiyaya meyvə-tərəvəz məhsullarının tədarükünü artırmaq təklif olunub. İqtisadi maraqları heç kəs ləğv etməyib. Bu yaxınlarda Aİ ilə assosiasiya sazişi imzalayan Gürcüstan Moskva ilə münasibətləri gərginləşdirməyə tələsmir, əksinə iqtisadi əməkdaşlığı artırır. Ənənəvi olaraq istənilən inteqrasiya formatlarında iştirakdan boyun qaçıran Özbəkistan bu yaxınlarda MDB
məkanında Azad Ticarət Zonasına daxil olub. Avrasiya inteqrasiya layihəsi nəzərdə tutulmuş templərlə inkişaf edir və yeni üzvlərin qoşulması gözlənilir. Moldovaya gəlincə isə, onun xarici siyasət vektoru Ukrayna hadisələrindən xeyli əvvəl müəyyən edilib. Kişinyovun hərəkətləri respublikada sosial-iqtisadi vəziyyətə güclü zərbə vurub. Beləliklə, indiki mərhələdə Rusiyanın postsovet məkanında mövqelərinin zəifləməsi barədə danışmaq əsassızdır. Tendensiyalar əksinədir.
- Azərbaycanın Avrasiya İttifaqına qoşulması mümkünlüyünə inanırsınızmı (baxmayaraq ki, Qarabağ münaqişəsi həll olunmayanadək Bakı üçün İrəvanla istənilən əməkdaşlıq forması qəbuledilməzdir)? Aİ-yə qoşulma respublikaya hansı imtiyazları verə bilər?
- Əminəm ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulması sırf praktiki planda baxılması gərəkən məsələdir. Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığının müxtəlif formatlarının inkişafından ölkə biznesi və vətəndaşlarının əldə edəcəyi üstünlüklər və imkanlar dəfələrlə iqtisadi icmallarda təqdim olunub. Gömrük İttifaqına və ya Avrasiya İttifaqına qoşulma məsələsində Bakıya heç kim heç zaman təzyiq göstərməyib və göstərmir. Azərbaycan müstəqil qərar qəbul etmək üçün kifayət qədər siyasi və iqtisadi potensiala malikdir. Əgər praktiki planda Avrasiya layihəsinə qoşulma məqsədəuyğun olarsa, bu halda müvafiq addım atılacaq.
Söhbət etdi Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət