Suallara Fransanın vətəndaş cəmiyyətinin fəallarından biri, “Hexanet” şirkətinin meneceri Cemel Qezal cavab verir
- Azərbaycanın inkişaf perspektivləri barədə fikirlərinizi bölüşərdiniz.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya üzrə böyük səylər göstərir. Bu istiqamətdə işlər eyni anda bir neçə cəbhədə aparılır, ölkənin gələcəyi olan gənclərə xüsusi dəstək göstərilir. Azərbaycan, həmçinin milli mədəniyyətini daha geniş təbliğ etmək üçün çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edir. Bundan başqa, sevindirici haldır ki, Azərbaycan neft gəlirlərini respublikada infrastrukturun inkişafına yönəldir.
- Mən bilirəm ki, siz gələn il Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına xüsusi maraq göstərirsiniz. Bu hadisədən nələr gözləyirsiniz?
- Bəli, Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etməyi həvəslə qəbul etdi. Bu, çoxlu sayda iş yerlərinin açılmasına kömək edəcək, ən vacibi isə bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Ümid edirəm ki, bu hadisə bizim hamımız üçün çox həyəcanverici olacaq. Oyunların Azərbaycanda keçirilməsi Azərbaycan iqtisadiyyatının necə sürətlə inkişaf etdiyini növbəti dəfə nümayiş etdirəcək. Postsovet ölkələrinin heç də hamısı belə güclü inkişafa malik deyil.
-Məlumdur ki, Heydər Əliyev Fondu çoxlu sayda layihələr həyata keçirir, o cümlədən də Fransada. Bu layihələrin ikitərəfli münasibətlərimiz üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-Azərbaycanın birinci xanımı həqiqətən də ölkəsinin beynəlxalq aləmdə, o cümlədən Fransada tanınması istiqamətində böyük işlər görür. Onun Fransada həyata keçirdiyi mədəni tədbirlər Azərbaycan barədə məlumatlılığın artırılması baxımından əla imkandır.
Bu cür tədbirlər kifayət qədər tez-tez həyata keçirilir. Birinci xanım müasir Azərbaycan rəssamlarını, eləcə də Azərbaycanın gələcəyə baxışlarını necə təqdim etməyi çox gözəl bilir. Mən Parisdə «Fly to Baku» sərgisində bir sıra müasir rəsamların işləri ilə tanış olmuşam. Fikrimcə, bu fəaliyyət Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə inkişafına əhəmiyyətli töhfə verir.
Yeri gəlmişkən, siz ümumilikdə ölkələrimiz arasında münasibətlərin indiki səviyyəsini necə qiymətləndirirsiniz?
-Ümumilikdə ikitərəfli münasibətlər çox müsbət inkişaf edir. Son 10 ildə bu münasibətlərin nəzərəçarpacaq dərəcədə aktivləşməsi müşahidə olunur. Bununla yanaşı, hesab edirəm ki, bu istiqamətdə göstərilən səylərə baxmayaraq, daha çox iş görmək olar. Mənim fikrimcə, fransızların Azərbaycan barədə kifayət qədər məlumatı yoxdur.
Ölkəniz barədə Fransa auditoriyasına daha çox informasiya verilməsi yönündə səyləri artırmaq lazımdır. Vətəndaş cəmiyyəti də bu məsələdə fəal olmalıdır. Biz eyni Avropa regionunda yerləşirik və təhlükəsizlik, iqtisadi və sosial-mədəni münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər bizi narahat etməlidir.
Siz təhlükəsizlik mövzusuna toxundunuz. Bakı üçün təhlükəsizlik sahəsində əsas mövzu onun ərazi bütövlüyünün pozulmasıdır. Görünür, beynəlxalq birlik hələ də Azərbaycanın işğal altında olan əraziləri probleminə kifayət qədər diqqət yetirmir.
-Aydın məsələdir ki, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxmalıdır, lakin təəssüf ki, beynəlxalq birlik həqiqətən bu problemə lazımi qədər diqqət yetirmir. Mənə elə gəlir ki, bu, ona görə baş verir ki, heç kim siyasət və enerji təchizatı baxımından həssas olan bu problemə müdaxilə etmək istəmir. Beynəlxalq birlik onu bu problemi həll etməyə vadar edəcək vəziyyətdə deyil. Mən hesab edirəm ki, Azərbaycan prezidenti dünyanın bir çox regionlarında müharibələrin alovlandığı bir zamanda bu problemi diplomatik yolla həll etmək üçün çox səy göstərib.
Söhbət etdi Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət