Sualları rusiyalı politoloq, Moskva Dövlət Universitetinin Postsovet Məkanının Öyrənilməsi üzrə analitik informasiya mərkəzinin baş
direktorunun müavini Aleksandr Karavayev cavablandırır.
- ABŞ tərəfindən Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin tez-tez tənqid edilməsi fonunda Bakı və Moskva arasında münasibətlərin aktivləşməsi nəzərə çarpır. Necə hesab edirsiniz, Azərbaycanla Rusiya arasında yaxınlaşma müvəqqətidir və ya daimi xarakter daşıyır?
- Yəqin ki, ortamüddətli perspektiv üçün nəzərdə tutulub. 2018-ci ilə qədər, həm Azərbaycan, həm də Rusiyada seçkilər keçirilənə qədər bu yaxınlaşma möhkəm xarakter daşıyacaq, çünki Moskva və Bakı Vaşinqton və Aİ-nin bir sıra strukturları tərəfindən plan üzrə oxşar çarpaz zərbələr altında qalırlar. Əlbəttə, Avropa bir cür deyil. Həm Azərbaycan, həm də Rusiyanın bu düşərgədə kifayət qədər tərəfdaşı və müəyyən mənada müttəfiqi var. Misal üçün, Macarıstan həm Moskva, həm də Bakı ilə münasibətlərin intensiv səviyyəsini ardıcıl şəkildə qoruyub saxlayır. Çoxlu sayda başqa misallar da gətirmək olar. Lakin birgə ümumi mənfi tendensiya da mövcuddur. Moskva və Bakı üçün vəziyyətin fərqi onlara təzyiqin miqyasındadır. Əgər Rusiya ilə münasibətlərdə praktiki olaraq ciddi iqtisadi vasitələrin tətbiq edildiyi nəzarət olunan soyuq müharibə elan edilibsə, o zaman Azərbaycan hələlik “insan haqları” liberal konsepsiyalar arsenalındakı arqumentlərdən qərəzlə istifadə edən tənqidi ritorikanın hədəfindədir. Vəziyyətin gülünclüyü ondan ibarətdir ki, onlar bizdən neft və qaz almağa hazırdılar, ancaq bununla belə bizim siyasi təcrübəmizi və ağır sınaqlarda formalaşan dövlət sistemləri praktikasını bu gün olduğu kimi qəbul etməyə hazır deyillər. Başqa sözlə desək, Davosda üzünüzə gülümsəyəcəklər, sonra isə arxanızca qəzəbli həcvlər söyləyəcəklər.
İstər Azərbaycan üçün Qarabağ və ya Rusiya üçün NATO-nun genişlənməsi olsun, bizim geosiyasi çağırışları ciddi qəbul etmək istəmirlər. Həm də bu gün ABŞ Dövlət Departamentinin nümayəndələri sanksiyaların Rusiyada hakimiyyətin dəyişməsinə yönəlmədiyini bəyan etsələr belə, Moskvada, hətta bütün dünyada buna heç kəs innamır. Əlbəttə, bizim siyasi quruluşumuz idealdan uzaqdır, həm də prezident səviyyəsində hakimiyyət çatışmazlıqları etiraf edir və ümumi stabilliyi qoruyub saxlayan tempdə zəruri proqressiv transformasiyalarla bağlı müxtəlif proqramları reallaşdıraraq daha yaxşı səviyyəyə can atır.
- Qərblə münaqişə uzun sürəcək? Ümumiyyətlə niyə postsovet demokratiyalar Qərbin siyasi hücumuna məruz qaldı?
- İlk postsovet onilliyi, on beş il bizim münasibətlərimizdə kifayət qədər müsbət dövr olub. Həm Bakı, həm Moskva qərb dünyasının siyasi modelini universal olaraq anlayır, iqtisadi reseptləri praktiki olaraq etiraz etmədən qəbul edirdilər. Bizim iqtisadçılar və liberal-iqtisadi cərəyana mənsub yüksək rütbəli məmurlar nəsli formalaşıb. Və bu, fayda gətirdi. KİV və fərdi azadlıqlarla bağlı liberal azadlıqlar mənimsənildi. İxtilaflar olsa belə, ancaq bu dövr islahatlar və quruculuq dovrü olub, nə isə qəbul edilib, ənənələrimizə, sosial-siyasi reallığa zidd olanlardan imtina edilib. Nəticədə postsovet məkanı ilə inkişaf etmiş dünya arasında meydana gələn inkişafda kifayət qədər ciddi uçurumu artırdıq.
Hansısa məqamda digər mərhələyə qədəm qoyduq. Qərbdə təsir qrupları üstünlük təşkil etməyə başladılar. Onlar hesab edirdilər ki, həm ənənəvi elita, həm də cəmiyyətin geniş təbəqələrinə əsaslanan milli liderlərlə əlaqəyə malik olmaqdansa, postsovet məkanında – Moskvada və Bakıda elitanın haşiyələnmiş hissəsinə əsaslanan əslində oyuncaq rejimlərin, daha çox idarə edilənlərin sisteminə malik olmaq daha asandır. Bu dəyişiklik Vaşinqtonun şərtsiz tərəqqi kimi görünən guya daha “demokratik qüvvələrin” gəlişi üçün “qeyri-liberal demokratiyalar” təbiətinin qəbulu konsepsiyasından imtina edərək rejimlərin güc yolu ilə dəyişdirilməsi ssenarisini seçməsi ilə üst-üstə düşdü. Təcrübədə bu yanaşmanın tətbiqi Tunisdən İraqa qədər bütün Yaxın Şərq regionunun dağılmasına gətirib çıxardı, Şərqi Avropa regionu isə artıq on ildən artıqdır dövlət çevrilişləri dövrünü yaşayır. Əlbəttə, bu, birbaşa Rusiya və Azərbaycana da aiddir.
Bu mənada Bakı ilə bizim yaxın siyasi ritmlərimiz var. Müxtəlif səbəblərdən və ayrı-ayrı zamanlarda ölkələrimiz bütün dünya üçün ümumi problemlərin öhdəsindən gəlmək məcburiyyyətində qalıblar, lakin xaricdən zorla qəbul etdirilən “qarşısını alma” modelində. Bu, mövcud problemlərə çox ciddi və xoş olamayan əlavədir.
Azərbaycan xaricdən Qarabağ münaqişəsi ilə məhdudlaşdırılır, həmçinin daxildən islam radikallığı xarici təkanlarla qızışdırılır. İndi isə Rusiyanı artıq qlobal xarakterə çevirdikləri Ukrayna böhranı ilə məhdudlaşdırırlar. Bizdə daxildə millətçilik qızışdırılır və bu, mümkün inqilablara təkan verə bilər.
Hələ on il əvvəl “narıncı inqilab” təhlükəsi əsasən hakimiyyət rejimi üçün təhdid idi, lakn indi bu proseslər ölkənin möcudluğuna təhlükədir. Bu, onu nümayiş etdirir ki, bütün fərqli cəhətlərə baxmayaraq, bütövlükdə ölkələrimiz Ukraynanın yolu ilə getmək niyyətində olmayan bir düşərgədədir. Vaşinqtonun təkan verdiyi hərəkətlərlə razı olmayan düşərgədə. Bizdən başqa bu düşərgəyə nüfuzlu ölkələr qrupu daxildir ki, onlar əsasən alternativ geosiyasi qütb təşkil edirlər. Həmin qütbə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika, Qoşulmama Hərəkatı ölkələri, Türkiyə də daxil olmaqla, islam dünyasının böyük hissəsi daxildir.
- Regional problemlərə keçək. Əfsuslar olsun ki, Qarabağ nizamlanmasında kiminləsə münasibətlərin çətinləşməsi çox vaxt Ermənistan-Azərbaycan münaqişəsinə proyeksiya edilir. Bununla əlaqədar Dağlıq Qarabağda yeni təxribatlar mümkündürmü?
- Qarabağ mövzusu vasitəçilər üçün Azərbaycanla münasibətlərdə əlavə seçimdir. Ölkənin əsas problemi olduğunu nəzərə alaraq onunla asan şəkildə manipulyasiya etmək mümkündür. Lakin bir saniyəlik təsəvvür etsək ki, Azərbaycanın bu problemi mövcud deyil, ancaq siyasi inkişafın seçilmiş istiqaməti, neftin ixrac istiqamətinin seçimi ilə bağlı cəhətlər var, Ermənistanla qonşuluqla əlaqədar bir çox problemlər istənilən halda gündəmə gələcəkdi. Xüsusən indi, müharibə getdiyi şəraitdə, hələ ki, münaqişə etibarlı sülhməramlı mexanizmlərlə bağlanmayıb, bu səbəbdən təxribatların olması mümkündür
- Lakin o zaman sual yaranır, Rusiyanın bu bölgüdə rolu nədən ibarətdir? Axı o da problemlə manipulyasiya edir.
- Öncə xatırlatmaq lazımdır ki, Qarabağ münaqişəsi SSRİ-nin süqutu ilə nəticələnən əsas səbəblərdən biridir. Onun Moskvaya lazım olmadığını anlamaq üçün bu kifayətdir. Qorbaçovun komandasının işindəki digər çatışmazlıqlar kimi, buna da məhəl qoymayıblar və ya lazımi qiymət verməyiblər. Ancaq müharibə alovlandığı zaman və SSRİ-nin süqutu faktı baş verdikdə münaqişə cənub sərhədlərində problemə çevrildi ki, onu adi səylərlə həll etmək artıq mümkün deyildi. Nəzərə almaq lazımdır ki, Moskva üçün müharibə “onun dostları”, yəni Qafqazda Rusiyanın əsas müttəfiqləri arasında gedir. Bu, əlbətt ki, cəfəngiyatdır. Bundan başqa, Qarabağda baş verən müharibə, sərhədlərin şəffaflığı və Qarabağın Abxaziya və Çeçenistanda münaqişələrə göstərdiyi güclü təsiri nəzərə alaraq Rusiyanın özündə də mühüm dərəcədə müharibəyə çevrilib. Bir çoxları həmin dövrdə bundan yararlanmağa cəhd etdilər. Razıyam ki, Kremlin bəzi “çoxbilənləri” öz maraqlarına uyğun olaraq proseslə manipulyasiya edirdilər. Təfərrüatlara ehtiyac yoxdur, mənim vəziyyətə dair şəxsi qənaətim bundan ibarətdir. Qorbaçovun dövründə ölkələrimizn xüsusi xidmət orqanlarına (o zaman söhbət SSRİ DTK-dən gedirdi) sadəcə olaraq işi normal nəticələndirməyə imkan vermədilər. Heç olmasa Dnestryanı variantda olduğu kimi. Siyasi sayıqlıq və nə qədər bayağı olsa da, zaman çatışmazlığı oldu. Ancaq sonra Yeltsinin dövründə əsas məsuliyyət Rusiya generallarının üzərinə düşür. Fikrimi əsaslandırmaq üçün genaral Lev Roxlinin istintaqını xatırladıram. Faktla desək, sonrakı illərdə Rusiya Cənubi Qafqazda müəyyən etdiyi çərçivələrlə özünü məhdudlaşdırdı, hardasa resursların çatışmamazılığına görə mövqeləri zəiflədi, hardasa təşəbbüsü əldən verdi. İndi Rusiyanın manipulyasiya edə bilməsinə gəldikdə isə, düşünürəm ki, əsas vəzifə ondan ibarətdir ki, sonrakı sülh planının reallaşması üçün sülhü qoruyub saxlamaq lazımdır. Yəqin ki, Putin Qarabağ münaqişəsi ilə bağlı məhz bu strategiyanı dəstəkləyir.
- Qarabağ nizamlanmasında əsas vasitəçilər olan ABŞ və Rusiya arasında fikir ayrılığı fonunda sonuncunun münaqişənin həllində birincilik rolunu üzərinə götürməsi ehtimalı mövcuddurmu?
- Görünür, siyasi nizamlanma olmasa belə, heç olmasa yaxınlaşma, İrəvan tərəfindən güzəştlərin müqabilində münasibətlərin normallaşması prosesinə başlamaq üçün texniki üsullar var. Həm də bu prosesə üçtərəfli, yəni Bakı-Moskva-İrəvan formatında başlamaq lazımdır. Təbii ki, Türkiyənin birbaşa işrtirakı ilə. Çünki bu ölkə Cənubi Qafqazda ən nüfuzlu oyunçudur və Rusyanın ciddi tərəfdaşıdır. Bu cür bölgü zamanı, prinsipcə, bu düyünü iqtisadi əlaqələrin qurulması imkanı səviyyəsinə qədər açmaq, yəni onu iqtisadiyyatın hələ vahid olduğu, ancaq insanların qorxu içində yaşadıqları 1980-90-cı illərdə müharibə ərəfəsindəki səviyyəyə qədər azaltmaq mümkündür. Yalnız o zaman nizamnamə kontekstində cəmiyyətin vəziyyəti, insanların əhval-ruhiyyəsi, real vətəndaş icmalararası proses mühiti barədə danışmaq mümkün olacaq. Lakin buna nail olmaq üçün nədənsə başlamaq lazımdır, birdəfəlik həll etmək mümkün deyil.
- Əgər münaqişə zonasında mümkün gərginlik yeni müharibəyə çevrilərsə, Rusiyanın reaksiyası necə olacaq? Qarabağda yeni müharibə Rusiya üçün nə deməkdir?
- Mən müharibənin başlayacağına inanmıram, hər halda cari 2015-ci ildə. Doğrusu, etiraf edim ki, 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsinin qiymətləndirməsində proqnozlarım özünü doğrultmadı. Münaqişənin olmayacağını güman edirdim. Lakin bunlar müxtəlif münaqişələrdir. İndi Moskvada bir sıra ekspertlər prezident İlham Əliyevin siyasətini Mixail Saakaşvilinin siyasəti ilə müqayisə edirlər. Bu, səhv yanaşmadır. Əliyev dəfələrlə bəyan edib və bildirir ki, diplomatik üsullar hələ var. Onun gürcü həmkarı uzun zaman bunun əksini qeyd edirdi. Hazırda qlobal neft böhranı və Avropa Oyunlarına hazırlıqla bağlı müəyyən büdcə kəsiri ilə əlaqədar müharibə Azərbaycanın maraqlarına uyğun deyil. Bir daha qeyd edim ki, əsas odur ki, Əliyev hərbi əməliyyatlardan çox daha uzunmüddətli strategiyaların tərəfdarıdır. Bununla yanaşı, onun bu ssenari üçün bütün zəruri alətləri, o cümlədən kifayət qədər effektiv hərbi qüvvə və cəmiyyətdə vətənpərvərlik ruhu var. Bu səbəbdən, prinsipcə, sülh yolunun tərəfdarı olaraq mən mühüribəni də istisna etmirəm. Digər məsələ ondan ibarətdir ki, Gürcüstanın Rusiya ilə barışmaz ziddiyyət əsasında qurulan hərbi həll variantından fərqli olaraq (Saakaşvili sadəcə olaraq Kremlin güc amilinə məhəl qoymayıb), Azərbaycanın variantı yəqin ki, daha düşünülmüş olacaq.
Moskvaya gəlincə isə, mümkün müharibə münaqişənin özü kimi böyük problemdir. Və ilk öncə ona görə ki, Moskva üçün bu münaqişə real olaraq özününkülər arasında baş verir. Bu nöqteyi-nəzərdən vəziyyət nadir hallarda nəzərdən keçirilir, lakin həm Ermənistan, həm də Azərbaycan Rusiyanın siyasi tərfdaşları və müttəfiqləridir. Bəli, bu münasibətlər müxtəlifdir. Ancaq onlar çox sıxdır və Rusiya öz nüfuzuna, regional geosiyasətinə və ümumilikdə gələcəkdə Cənubi Qafqazda iştirakına bu töhfələri qurban verməyəcək. Bu, Rusiyanın xarici siyasətinin həm Azərbaycan, həm də Ermənistan istiqamətinə aiddir. Başqa sözlə desək, Moskvanın vəziyyəti öz axınına buraxmağa ixtiyarı yoxdur. Yeri gəlmişkən, Putinin bu münaqişəyə diqqəti məhz bundan qaynaqlanır. Bu, ötən ilin avqust ayında münaqişə zonasında gərginliyin kəskin artmasından sonra dərhal prezidentlər arasında görüşün təşkilində özünü biruzə verdı. Bu, Moskvanın vəziyyəti nəzarət altında saxladığının, lakin hələlik bu düyünün necə açılmasına dair dəqiq qərarının olmasının göstəricisidir. Problem bundan ibarətdir. Qeyd etdiyim kimi, ən başlıcası odur ki, Moskva üçün bu münaqişə regional miqyasda son dərəcə sıx və mühüm münasibətləri olduğu ölkələr arasında aparılır.
- Hansı addımlar sülhməramlı planın reallaşmasının xəbərçisi olacaq?
- Əgər Moskvanın müfəssəl sülhməramlı planı həyata keçirmək üçün kifayət qədər ehtiyatı olsaydı, ona çoxdan start verilmişdi. Onu müxtəlif cür təsvir etmək olar, o, müxtəlif komponentlərə malik ola bilər: İrəvanı inandırma və müəyyən təzyiq, Moskva tərəfindən Qarabağ elitasına itkilərin ödənilməsi üçün “qaytarılmaz” kreditlərin verilməsi kimi hansısa çox səmərəli makroiqtisadi həllərin təklif edilməsi, hazırda işğal altında olan Azərbaycan ərazilərinin bir hissəsinin qaytarılması müqabilində Azərbaycan tərəfindən nəqliyyat kommunikasiyalarının açılması və s. Bütün bu fəaliyyət variantları guya danışıqlar masası üzərindədir və məlumdur. Lakin hər iki münaqişə ölkələri üçün xarici dünyada da bu həllin provayderi olacaq qabiliyyətə malik olan, təhlükəsizlik zəmanətinin daşıyıcısı kim olacaq? Görünür, nə Moskva, nə də Vaşinqtonun ayrı-ayrılıqda bu cür imkanı yoxdur. Birgə isə onlar çalışmırlar və prinsip etibarilə çalışıb-çalışmayacaqları məlum deyil. Paradoksaldır ki, ATƏT-in Minsk Qrupu postsovet məkanında yeganə formatdır ki, burada Rusiya və ABŞ rəsmi olaraq birgə məqsədə can atmalıdır. İndi bunu 1990-cı illərin geosiyasi idealizminə yalnız “hörmət” əlaməti kimi qiymətləndirmək olar.
Bu ərazi bütövlükdə bir dövlət və ya inteqrasiya layihəsinin tərkibində olduğu zaman bu torpaqda münaqişə olmayıb. Söhbət keçmişdə qalan SSRİ-dən gedir. Digər layihə, hətta Avropa layihəsi barədə danışırıqsa, artıq daxili balansların və mülki səviyyədə təhlükəsizliyin bu cür miqyaslı sistemini artıq təmin etməyəcək. Orada sərt intizam və müəyyən nöqtələrdə zorla məcburetmə üsulları lazımdır.
Rusiya SSRİ dövründə reallaşdırılan bütün bu təcrübəni bərpa edə bilməz. Birincisi, çünki hazırda o zamankı dövr deyil, ikincisi isə bunun üçün zəruri kadr, güc və maliyyə resursları yoxdur. Buna görə təmas nöqtələrinin aşkar edilməsi hansısa digər aralıq, palliativ həllər tələb edir. Nikbinlik ondan ibarətdir ki, əgər regionda kifayət qədər sakitlik olarsa, həmin təmas nöqtələri tapılacaq.
Söhbət etdi Fuad Hüseynzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət