“İnterfaks-Azərbaycan” agentliyinin Əfqanıstan prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Şakir Kargar ilə müsahibəsi
- Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin vəziyyətini necə qiymətləndirirsiniz?
-Azərbaycanla Əfqanıstanın münasibətləri dinamik inkişaf edir. Artıq iki ildən çoxdur Azərbaycanda Əfqanıstan səfirliyi fəaliyyət göstərir. Bu müddət ərzində Əfqanıstandan Azərbaycana hökumət nümayəndə heyətlərinin çoxlu rəsmi və işgüzar səfərləri baş tutub. Eks- prezident Həmid Kərzay və hazırkı prezident Əşrəf Qəni Əhmədzay da Bakıya səfərlər ediblər. Bu o deməkdir ki, bizim Azərbaycanla münasibətlərimiz dinamik şəkildə inkişaf edir.
Əfqanıstanın mədən və neft naziri Daud Şah Sabahla indiki səfərimiz zamanı biz Azərbaycan tərəfi ilə məhsuldar danışıqlar apardıq. Ümid edirəm ki, yaxın illərdə biz ikitərəfli münasibətlərdə konkret praktiki addımlar atacağıq.
- Bakı və Kabil arasında əməkdaşlıq üçün hansı istiqamətləri daha perspektiv hesab edirsiniz?
- Birincisi, onu deyə bilərəm ki, Əfqanıstan hər il 4 mln. tona yaxın yanacaq-sürtkü materiallarından istifadə edir. Azərbaycan tərəfi ilə Əfqanıstan ərazisində bu sahədə əməkdaşlıqla bağlı danışıqlar aparmışıq. Bununla yanaşı, biz Əfqanıstanın Türkəmənistanla sərhədində terminalların tikintisinə də dair danışıqlar aparırıq.
Biz, həmçininAzərbaycanla yeni “Lazurit” nəqliyyat dəhlizini açmışıq. Bu, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizidir. Biz bu layihə üzərində fəal iş aparırıq. Azərbaycan tərəfi bu layihə üzərində işləmək üçün bizə “yaşıl işıq” yandırıb. Bu, Əfqanıstana öz mallarını sözügedən dəhlizlə Avropaya çıxarmağa imkan verəcək. Hesab edirəm ki, ilin sonuna qədər bu yol hazır olacaq.
- Qeyd etdiniz ki, Azərbaycan Əfqanıstan-Türkmənistan sərhədində terminallar tikəcək. Söhbət hansı terminallardan gedir?
Bunlar Əfqanıstanın qərbində “Turqundu” və şimalında “Akina” terminalları olacaq. Bu, nəzarət-buraxılış məntəqəsi, yüklərin qəbulu və boşaldılması üzrə gömrük terminallardır.
Biz, həmçinin Azərbaycanın Əfqanıstanda müxtəlif sahələrə, o cümlədən tekstil sahəsinə investisiya qoymasına da dair danışıqlar aparmışıq.
Azərbaycanın Əfqanıstanda qaz sahəsinə investisiya qoymasına dair Bakı və Kabil arasında danışıqlar hansı səviyyədədir?
- Bu sahəyə hələ ki, investisiyalar qoyulmayıb. Ölkənin şimalında, Məzari-Şərifdə investisiya qoyuluşları həyata keçirilib. Azərbaycan burada neft emalı zavodu tikib və onun tikintisinə $50-60 mln. investisiya qoyub. Zavod artıq fəaliyyət göstərir və burada illik xam neft emalı 35 min tondur.
- Azərbaycana səfərinizin yekunlarını necə qiymətləndirirsiniz?
- Çox yüksək. Bu səfərdən sonra, yəqin ki, may ayının sonunadək Əfqanıstan biznesmenləri və parlamentarilərindən ibarət böyük nümayəndə heyəti Azərbaycana gələcək. Həmçinin Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri də Bakıya səfər edəcəklər.
- Yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın iclası gözlənilirmi?
- Bəli. Hazırda iclasın gündəliyi üzərində iş aparılır. Bizim nazirliklərimiz bu tədbirə hazırlaşırlar. İclas yəqin ki, bu il keçiriləcək.
Azərbaycanlı sülhməramlıların ölkənizdəki fəaliyyətni necə qiymətləndirirsiniz?
Məlum olduğu kimi, Azərbaycan kontingenti Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində 100 hərbçi ilə təmsil olunub. Onların fəaliyyəti bizə çox kömək edir və biz Azərbaycanın bu istiqamətdə töhfəsini yüksək qiymətləndiririk. Bu, Bakı tərəfindən dostcasına atılmış çox müsbət addımdır.
- Əfqanıstanda yeni hökumətin işə başlaması ilə MDB ölkələri ilə münasibətlərdə yeni səhifə açılıb. Sizin sualınıza gəlincə, biz artıq bir sıra MDB ölkələri ilə narkotrafiklə mübarizəyə dair dialoqlara başlamışıq.
-Azərbaycan da dialoq apardığınız ölkələr arasındadırmı?
- Elə bu gün biz Azərbaycanla dialoqa başlamışıq.
Rusiya ilə münasibətləri necə qiymətləndirirsiniz?
- Bizi hər şeydən əvvəl ticari-iqtisadi münasibətlər maraqlandırır. Biz bu münasibətləri inkişaf etdirməliyik. Son 5-6 ildə Rusiya ilə ticari münasibətlər xeyli zəifləyib. Biz bu münasibətləri yüksəltməliyik.
İkincisi, bizim Silahlı Qüvvələrimiz Rusiya silahları ilə təchiz edilib. Buna görə də biz RF-dən avtomat, patron və digər döyüş sursatları alırıq.
Bundan başqa, biz Rusiyadan “Mi-35” helikopterləri almaq niyyətindəyik. Bu məsələ gündəmdədir. Hesab edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə danışıqlara başlayacağıq.
- Əfqanıstanda SRRİ tərəfindən tikilmiş bir sıra qurğular var. Bundan başqa, Rusiya bir zamanlar ənənəvi olaraq Əfqanıstana silah tədarük edirdi, bu əməkdaşlığın bərpa edilməsi üçün hansısa planlar varmı?
-Məsələ bundadır ki, o zamankı SSRİ və Əfqanıstanın tamamilə başqa münasibətləri var idi. Bu gün nə həmin SSRİ var, nə də həmin Əfqanıstan. Bizim Rusiya ilə münasibətlərimiz çox yaxşıdır. Soruşduğunuz müəssisələr qalmaqdadır, lakin onların əksəriyyəti işləmir. Bunun səbəbi uzun müddətdir Əfqanıstanda gedən müharibədir. Lakin biz Rusiya tərəfi ilə bu müəssisələrin bərpa edilməsinə dair danışıqlar aparırıq.
Konkret olaraq hərbi sahə üzrə deyə bilərəm ki, bizim tələbələrimiz Rusiya ali məktəblərində təhsil alırlar. Əfqanıstan səmalarında təxminən 500 Rusiya helikopteri uçur. Doğrudur, onların hamısı dövlətə məxsus deyil, lakin ümumilikdə onlar mövcuddur.
İki gün sonra mən Rusiyaya səfər edəcəm, orada müxtəlif fəaliyyət sahələrinə dair danışıqlarımız olacaq. Xüsusilə iqtisadiyyat sahəsi, hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti ilə bağlı danışıqlar aparılacaq. Biz Moskva ilə münasibətlərdə tamamilə yeni səhifə açacağıq.
- ABŞ ölkənizdəki hərbi iştirakını qismən saxlamağa qərar verib. Kabil üçün xarici hərbi iştirak nə dərəcədə vacibdir?
- Hazırda Əfqanıstanda Amerika bazalarının olması həm bizim, həm də bütün region üçün vacibdir. “İslam dövləti” (İŞİD) adlı yeni terror qruplaşmasının, eləcə də “Əl-Qaidə” təşkilatının fəaliyyəti yaxşı məlumdur. Onlara qarşı mübarizə aparmaq lazımdır. Buna görə də ABŞ qoşunlarının daha bir neçə il ərzində Əfqanıstanda olması zəruridir.
-Yeri gəlmişkən, İŞİD barəsində. Bu təşkilat Əfqanıstanda fəallaşır. Bu, ölkədə ümumi vəziyyətə necə təsir göstərir?
- İŞİD-in fəaliyyəti bütün region üçün təhlükəlidir. Əfqanıstan bu cəbhənin ön xəttindədir. Əfqanlar bu günə qədər “Əl-Qaidə” və “Taliban”la necə mübarizə aparırdılarsa, İŞİD-ə qarşı da o cür mübarizə aparacaqlar.
İŞİD Əfqanıstan ərazisindən qonşu Mərkəzi Asiya ölkələrinə soxulacaqlarına dair təhdidlər səsləndirib. Bu təhdidlər nə dərəcədə realdır, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Təkcə İŞİD deyil, “Əl-Qaidə” terrorçuları da Əfqanıstanla qonşu olan Mərkəzi Asiya ölkələrinə soxulmağa can atırdılar. Bu, onların arzusudur. Biz onlarla amansız mübarizə aparırıq. Biz bu terrorçulara qarşı birgə mübarizə aparmaq üçün Özbəkistan, Türkmənistan, Tacikistan və Qazaxıstanla danışıqlara başlamışıq. Onlar da çox gözəl anlayırlar ki, əgər terrorçulara imkan verilsə, onlar sakitcə Orta Asiya respublikalarının ərazisinə girəcəklər.
Bizim hüquq-mühafizə orqanlarımız Əfqanıstanın şimalındakı qonşu ölkələrlə dədanışıqlara başlayıb. Bu, onları narahat edir. Təbii ki, narahat olmağa dəyər.
- Azərbaycanın da ünvanına təhdidlər səsləndirilir. Necə düşünürsünüz, bu iki ölkə vahid düşmənə qarşı güclərini birləşdirə bilərmi?
Bu, Azərbaycandan asılıdır. Biz, dediyim kimi, artıq alovlanmış müharibənin içərisində, ön cəbhədəyik. Əfqanıstanın daxili işlər naziri Bakıda səfərdə olub, belə səfərlər yaxın gələcəkdə də baş tutacaq. Bizim hüquq-mühafizə orqanlarımız bu ümumi təhlükə ilə mübarizə yollarınadair danışıqlar aparırlar.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət