15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində taktiki təlimi keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlimləri izləyib.
Azərbaycanın müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev təlimin döyüş atışlı gecə mərhələsinə hazırlıq barədə Ali Məclisin sədrinə raport verib. Qeyd edilib ki, MR-də gecə şəraitində keçirilən təlimə 600-dən çox şəxsi heyət, 110 döyüş və müxtəlif təyinatlı texnikalar, 25 reaktiv və artilleriya qurğusu, 2 döyüş vertolyotu, 4 zenit-raket qurğusu və 4 mühəndis texnikası cəlb olunub. Təlimin keçirilməsində məqsəd dağlıq ərazidə, istənilən hava və məhdud görmə şəraitində hissə və birləşmələrin döyüş tapşırıqlarını yerinə yetirməkdən ibarətdir.
Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə gecə şəraitində yenidən qruplaşma və hücum üçün mövqelərin hazırlanması, ikinci mərhələdə aktiv gecə fəaliyyətlərinə keçmə və tabor taktiki qrupların ərazinin işıqlandırılması vasitələrindən istifadə edərək müdafiəyə çəkilən düşmənə qarşı hücuma keçməsi, üçüncü mərhələdə isə tabor taktiki qrupların yandan ötən dəstələrinin qarşılıqlı əlaqədə hakim yüksəkliklərin ələ keçirməsi uğurla icra olunub.
Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə Ümumqoşun Ordusunun müdafiəsini yarmağa cəhd göstərən düşmənin silahlı birləşmələri strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq təmas xətti boyu mövqeləri, eləcə də cəbhəyanı bölgələrdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutub.
Əlahiddə Ümumqoşun Ordusu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirib və düşmən birinci eşalon müdafiə mövqeyini itirərək dərinliyə çəkilməyə məcbur olub. Xüsusi təyinatlı və motoatıcı briqadaların kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılıb. Motoatıcı briqadanın artilleriya divizionu ordunun reaktiv və artilleriya qrupları batareyalarının dəstəyi ilə düşmənin tutduğu mövqelərdə möhkəmlənməsinə imkan verməmək üçün artilleriya atəşini davam etdirib və ara-sıra döyüş sahəsini xüsusi mərmi ilə 400 metr radiusda işıqlandırıb. Yandan ötüb keçən dəstələr təyin olunmuş rayonların tutulması üçün hərəkətə başlayıb. Hücumu dayandırmaq və yenidən qruplaşma keçirən motoatıcı və tank bölmələrinə zərbə endirməyə çalışan düşmənin 2 atəş dəstək vertolyotu daşınan zenit-raket kompleksi və artilleriya qurğularından açılan atəşlərlə məhv edilib. Artilleriya divizionu reaktiv artilleriya qruplarının batareyaları ilə qarşılıqlı əlaqədə düşmənin canlı qüvvəsinə, atəş mövqelərinə və idarəetmə məntəqələrinə zərbə vurub, düşmən mövqelərinin ön xəttində işıq həddi qoyaraq Tabor Taktiki Qruplarının hücuma keçməsini təmin edib. Düzünə tuşlamaya ayrılmış toplar, tanklar və döyüş texnikaları düşmənin zirehli texnikalarını və tank əleyhinə vasitələrini sıradan çıxarıb. Atəş-dəstək vertolyotları cinahlardan düşmən müdafiəsinin yaxın dərinlikdə aşkar olunmuş zirehli texnikasına zərbələr endirib, yandan ötən dəstələr hakim yüksəklikləri ələ keçirərək möhkəmləniblər.
Birinci səngər ələ keçirildikdən sonra işıqlandırıcı mərmiləri, tüstü buraxma qurğuları və projektorları işə salmaqla düşmən qarşısında koretmə səddi yaradılıb. Bundan sonra piyadalaşan bölmələr yandan ötüb keçən dəstələrlə qarşılıqlı əlaqədə düşmən bölmələrini darmadağın edib və yaxın tapşırığı yerinə yetiriblər. Mİ-35M vertolyotunun hava növbətçiliyi aparması ilə Mİ-17 vertolyotu yandan ötüb keçən dəstələrə döyüş sursatı gətirib və yaralılar təxliyə olunub.
Təlim zamanı tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin gecə dağlarda fəaliyyəti, silah və döyüş texnikasının gecə vaxtı tətbiqi uğurla həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hərbi təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, keçirilən hər bir hərbi təlim şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yolunda atılan növbəti addımdır.
“Bu gün torpaqlarımız işğal altındadır, ölkəmiz isə müharibə şəraitində yaşayır. Bu da ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə hərbi təlimlərin mütəmadi keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zəruri edir”, - deyə V.Talıbov qeyd edib. Onun sözlərinə görə, Ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır və “hərbi təlimdə iştirak edən əsgər və zabitlərin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsi də onların döyüş hazırlığı ilə yanaşı, həm də ruh yüksəkliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi”. Ali Məclisin sədri hərbi təlimlərin mütəmadi olaraq davam etdirilməsinin vacibliyini bildirib, hərbi təlimdə iştirak edən şəxsi heyətə təşəkkür edib.
Q.Hüseynova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət