“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Rafael Bağırovla müsahibəsi
Cənab müşavir, zəhmət olmasa, Azərbaycan-Misir münasibətlərinin indiki vəziyyəti barədə məlumat verərdiniz.
-Azərbaycan-Misir münasibətləri yüksək səviyyədədir. Münasibətlər 2010-cu ildə özünün pik səviyyəsinə çatıb. 2011-ci ildə Misirdə baş verən hadisələr (prezident Hüsnü Mübarəkin devrilməsi - İF-Az) ölkədə böhran yaratdı, bu, münasibətlərə də öz mənfi təsirini göstərdi. Hazırda Misirdə hökumət strukturları tamamilə bərpa edilib, prezident və parlament seçkiləri keçirilib, hökumət yenidən qurulub. Bizim ikitərəfli münasibətlərimiz artıq intensivləşməyə başlayıb.
Bildiyiniz kimi, Misirin hərbi nümayəndə heyəti bu günlərdə Azərbaycana səfər edib və ölkə prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Aparılan danışıqlar göstərir ki, ölkələr arasında münasibətlər müsbətdir və bu məcrada da davam edəcək. Haqqında danışdığınız fəaliyyət nələri nəzərdə tutur?
- Bu fəaliyyətdə əsas məsələ Qahirədə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsidir. Misir tərəfi ilə bu istiqamədə danışıqlar aparılır. Bir sıra məsələlər üzrə yazışmalar başlayıb. Sonuncu dəfə komissiya 2007-ci ildə iclas keçirib. Bizim bu toplantılara böyük ümidimiz var. Əminəm ki, hökumətlərarası komissiyanın iclasının keçirilməsi ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək.
İclasın nə vaxt keçirilməsi planlaşdırılır?
-Bu, Misir tərəfindən asılıdır, qeyd etdiyim kimi, iclas Qahirədə olacaq.
- İclas bu il keçiriləcək?
- Bəli. İclasın yaxın zamanlarda keçirilməsi gözlənilir, belə ki, 2007-ci ildən biz onu dəfələrlə təxirə salmışıq. Hökumətlərarası komissiyanın iclasının keçirilməsi hər iki tərəf üçün çox vacibdir. Bu, turizm, neft, qaz və digər sahələrdə əməkdaşlığın inkişafına xidmət edə bilər.
Bu gün Misir tərəfi bu iclası keçirməyə artıq hazırdır. Qeyd etdiyim kimi, ölkədə artıq hökumətin bütün strukturları fəaliyyət göstərir. Bütün fəaliyyət sahələri qaydaya düşüb, iş üçün şərait yaradılıb.
Səfirlik Azərbaycanın Misirdə təbliği yönündə hansı işlər aparır?
-Azərbaycan səfirliyi KİV-lərə açıq olan diplomatik idarələrdən biridir. Siz özünüz də elektron KİV-lərin monitorinqini apara bilərsiniz. Misir ictimaiyyəti müntəzəm olaraq Azərbaycanın mədəni və siyasi həyatı barədə məlumat alır. İstər Novruz bayramı olsun, istər Azərbaycan-Ermənistan münaqişəsi. Qəzetlərdə, elektron KİV-lərdə və digər media orqanlarında Azərbaycan barəsində çoxlu sayda informasiya verilir.
Təqdimata gəlincə, səfirlik Azərbaycanda dərc edilən “İrs” jurnalını alır ki, bu jurnal da Misirdə müxtəlif strukturlara, universitetlərə paylanılır. Bundan əlavə, Misir telekanalları ilə səfirliyin həyata keçirdiyi tədbirlər yayımlanır. Bir sözlə, Misir ictimaiyyətinə ölkəmiz barəsində ətraflı məlumatlar təqdim edilir.
Azərbaycan diasporunun Misirdəki fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Misirdə diaspor üzvlərinin sayı çox azdır, təxminən 40-50 nəfərdən ibarətdir. Bunların bir hissəsi Misir vətəndaşları ilə ailə quran azərbaycanlılar və tələbələrdir.
- Erməni diasporu ilə müqayisə etsək, görərik ki, bu, çox azdır. Erməni diasporunun rəhbərinin sözlərinə görə, onlar 4-5 min nəfərdən ibarətdir, onların aktiv fəaliyyət göstərən güclü diasporu var. Bununla əlaqədar olaraq biz ədalətli mövqeyimizi Misir ictimaiyyətinə çatdırmalıyıq. Təbii ki, hər bir misirli Azərbaycan barədə bilə bilməz. Lakin siyasi dairələrin ölkəmiz haqqında məlumatı var, onlar bizim Qarabağ dərdimizdən xəbərdardırlar.
Bakı və Qahirə beynəlxalq təşkilatlar çərçivəsində necə əməkdaşlıq edir?
- Misir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini, Azərbaycan da Misirin mövqeyini dəstəkləyir.
Məlum olduğu kimi, Misirdə azərbaycanlı tələbələr təhsil alırlar. Bu gün onların sayı nə qədərdir, azərbaycanlı tələbələr hansı ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər?
- Azərbaycan və Misir arasında tələbə mübadiləsinə dair müqavilə var. Təəssüf ki, bu müqavilənin müddəti başa çatıb. Buna baxmayaraq, tərəflər bu istiqamətdə fəaliyyət göstərir. Məsələn, bir neçə gün əvvəl Xəzər Universitetinin rektoru Hamlet İsaxanov Misirdə olub. Səfər çərçivəsində Misir Elm və Texnologiya Universiteti ilə Anlaşma Memorandumu imzalanıb. Bəzi sənədlərin müddətinin bitməsinə gəlincə, bu tələbələr üçün bir sıra çətinliklər yaradır. Lakin bu məsələ yaxın günlərdə öz həllini tapacaq. Qeyd etmək lazımdır ki, 2013-cü ildə Azərbaycan prezidentinin göstərişi ilə Azərbaycan vətəndaşlarının Misirdən təxliyə edilməsi üçün təyyarə göndərilmişdi. O zaman buradan 70 vətəndaşımız təxliyə edilib. Demək istəyirəm ki, 2013-cü ildə ölkəni tərk edən azərbaycanlıların əksəriyyəti geriyə qayıtmayıb. Bizim Misirdə çoxlu sayda tələbələrimiz yoxdur. Tələbələrin əksəriyyəti hüquq, beynəlxalq hüquq, iqtisadiyyat və digər ixtisaslar üzrə təhsil alırlar.
Qeyd etmək istəyirəm ki, azərbaycanlı tələbələr səfirliyin tədbirlərində fəal iştirak edirlər.
Misirdə həmçinin Azərbaycan məktəbi, Eyn-Şəms və Qahirə universitetlərində Azərbaycan dili fakültələri fəaliyyət göstərir.
- Bu məktəbdə misirli uşaqlar təhsil alırlar. Onların sayı minə yaxındır. Azərbaycanın Misirdəki səfirliyi bu məktəbə müəyyən maliyyə dəstəyi göstərir. Misir universitetlərində Azərbaycan dilini öyrənən tələbələrin sayı 200-250 nəfər təşkil edir.
Bizdə olan məlumata görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi İlham Əliyevi Misirə rəsmi səfərə dəvət edib. Bu barədə rəsmi məlumatınız varmı?
- Aprel ayında Qahirədə “Afrika-2016” iqtisadi sammiti keçiriləcək. Bu, prezident və baş nazirlərin qatıldığı yüksək səviyyəli tədbirdir. Mən prezident İlham Əliyevin bu sammitdə iştirakını təsdiq edə bilmərəm, özüm də bu barədə KİV-lər vasitəsi ilə xəbər tutmuşam. Misir prezidentinin dəvət məktubu ölkə başçımıza təqdim edilib. Mən bu barədə məlumatı oxumuşam.
Misir prezidenti Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna dəvət olunub. Misir tərəfi prezidentin iştirakını təsdiq edibmi?
Yox. Biz indiyə qədər təsdiq almamışıq. Bilirsinizmi, belə yüksək səviyyəli səfərlər səfər həyata keçirilməzdən az öncə təsdiq edilir.
Misir Azərbaycanla turizm sahəsində münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Bu məsələdə iki ölkənin potensialını necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, ötən ilin sonunda Şarm əl-Şeyx şəhərinin qubernatoru Azərbaycanda olub. Səfərin əsas məqsədi Bakı-Şarm əl-Şeyx-Bakı marşrutu üzrə reyslərin açılmasına dair danışıqlar aparmaq olub. Təəssüf ki, “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar olaraq bu məsələ təxirə salınıb. Buna baxmayraq, bu məsələ gündəmdə qalmaqdadır. Bu istiqamətdə işlər və danışıqlar davam etdirilir. Ümumi razılıq əldə edilib və yaxın gələcəkdə reysin açılması gözlənilir.
Turistlərin daşınması ilə Azərbaycan, yoxsa Misir aviaşirkəti məşğul olacaq?
- İlkin mərhələdə reyslər Misir Hava Yollarına məxsus təyyarələrlə həyata keçiriləcək. Əsas odur ki, bu proses artıq başlayıb. Siz özünüz də şahidsiniz ki, Rusiya layneri ilə baş vermiş insidentdən sonra bir çox aviaşirkətlər Şarm əl-Şeyxə uçuşları bərpa etməyiblər. Məsələn, Misir Rusiyadan gələn turistlərə böyük önəm verir. Lakin RF bu kurort şəhərinə birbaşa uçuşları bərpa etməyib. Və ya Türk Hava Yolları. Onlar da “Koqalımavia” şirkətinə məxsus “Airbus-321” təyyarəsinin qəzasından sonra uçuşları dayandırdılar. Lakin mənə məlum olduğu kimi, onlar (Türk Hava Yolları - İF-Az) bu ilin aprel ayından uçuşları bərpa etmək niyyətindədirlər.
- Tərəflərin Bakı Şarm əl-Şeyx- Bakı və Bakı-Qahirə marşrutları ilə iki istiqamətdə uçuşların təşkilinə dair danışıqlar aparması haqda məlumat doğrudurmu? Birdən-birə iki istiqamətdə hava əlaqəsinin yaradılması mümkündürmü?
-Bilirsinizmi, Bakı-Şarm əl-Şeyx-Bakı reysinin yaradılmasına üstünlük verilir, çünki Misirə səyahət etmək istəyənlərin əksəriyyəti turistlərdir.
“Bakı və Qahirə arasında danışıqların əsas mövzusu Bakı-Şarm əl-Şeyx-Bakı reysinin yaradılması ilə bağlıdır. İndi bu şəhərə bir çox reyslər Qahirə şəhəri vasitəsi ilə həyata keçirilir, danışıqlar Qahirəyə, daha sonra Şarm əl-Şeyxə uçuşların təşkil edilməsi mövzusunu da əhatə edə bilər. Bu, təhlükəsizlik baxımından nəzərdə tutulur. Ümumiyyətlə Şarm əl-Şeyx şəhərinə birbaşa reysin açılması nəzərdə tutulub.
-İqtisadi münasibətləri necə qiymətləndirirsiniz?
- Artıq qeyd etdiyim kimi, Misirdəki siyasi böhran səbəbi ilə münasibətlərimizdə durğunluq müşahidə olunur ki, bu da öz növbəsində iqtisadi münasibətlər də daxil olmaqla, qarşılıqlı münasibətlərə öz təsirini göstərir. Hazırda bu münasibətlərin bərpa edilməsində irəliləyiş müşahidə olunur. Qeyd edim ki, 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə səfərdə olub. Bu günlərdə misirli hərbçilərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. Tərəflər yüksək səviyyəli səfərlər həyata keçirməyə başlayıblar ki, bu da ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək.
Qeyd etdiniz ki, 2013-cü ildən bu yana münasibətlərdə durğunluq müşahidə olunur. 2013-cü ilə qədər iki ölkə arasında mal dövriyyəsi nə qədər idi və indi bu göstərici hansı səviyyədədir?
2013-cü ilə qədər Azərbaycan və Misir arasında mal dövriyyəsinin pik səviyyəsi 1 mlrd. ABŞ dolları təşkil edib. Bu gün bu göstərici xeyli azalıb.
Söhbət etdi Fərdin İsazadə.
Qahirə. Misir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət