Monteneqronun baş naziri Duşko Markoviç “İnterfaks-Azərbaycan” informasiya agentliyinə müsahibəsində Bakı ilə Podqoritsa arasında qarşılıqlı əlaqələrdən, eləcə də strateji enerji layihələrinin həyata keçirilməsi üçün ölkəsinin maliyyə dəstəyi almaq planlarından danışıb.
- Bakı ilə Podqoritsa arasında mövcud əlaqələri necə xarakterizə edə bilərsiniz?
- Monteneqro ilə Azərbaycan arasında çox yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Siyasi dialoq daim ən yüksək səviyyədə inkişaf edir. Məqsədimiz təkcə siyasi əlaqələri inkişaf etdirmək deyil.
Biz, həmçinin ikitərəfli əməkdaşlığın bütün istiqamətlərinin inkişafı üzərində işləyirik. Monteneqro kiçik ölkə olsa da, çoxlu sayda dostu var. Azərbaycan Monteneqronun ən yaxşı dostlarından biridir. Mən təkcə siyasi liderlər arasında qarşılıqlı anlaşmanı nəzərdə tutmuram. Xalqlarımız arasında da qarşılıqlı anlaşma mövcuddur.
- Ölkələrimiz arasında iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Hansı sahələr əməkdaşlıq üçün daha çox maraq oyadır?
- Biz iqtisadi əlaqələrimizin inkişafına zəmin yaratmaq üçün demək olar ki, hər şey edirik. Deyə bilərəm ki, iqtisadi əlaqələrimiz mövcud potensiala uyğun deyil, siyasi və dövlətlərarası münasibətlərimizlə müqayisədə çox aşağı səviyyədədir. Biz artıq neçə ildir ki, iqtisadi münasibətləri keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün səy göstəririk. Turizm, energetika, kənd təsərrüfatı və ticarət sahələri əlaqələrimizi inkişaf etdirə biləcəyimiz sahələrdir.
Bu gün Azərbaycan Monteneqroda reallaşdırılan layihəyə böyük məbləğdə sərmayə qoyuluşu həyata keçirir. Söhbət Portonovi turizm kompleksinin tikintisindən gedir. Tikinti işləri başa çatdıqdan sonra onun dəyəri 900 milyon avrodan çox olacaq. Bu kompleks Monteneqroya turizm bazarında təklifi artırmaq imkanı verəcək.
Biz Azərbaycanla təkcə iri layihələr üzrə əməkdaşlıqda maraqlı deyilik, həm də digər sahələrdə kiçik və orta müəssisələr səviyyəsində əməkdaşlıq üçün zəmin yaratmaq istəyirik. Biz, həmçinin birgə müəssisələr və şirkətlər çərçivəsində əməkdaşlığın qurulmasında da maraqlıyıq. Monteneqro kiçik bazardır. Lakin Avropa İttifaqının gələcək üzvü və qanunvericilik bazasını Aİ-nin qanunvericiliyi ilə razılaşdırmış bir ölkə kimi Monteneqro Azərbaycan şirkətlərinə 800 milyon nəfərdən çox insanı əhatə edən bazar təklif edə bilər.
- Siz Portonovi layihəsinə toxundunuz. Azərbaycandan əlavə investisiya qoyuluşunda maraqlısınızmı? Qeyd etdiniz ki, birgə müəssisələr çərçivəsində əməkdaşlıq etməyi planlaşdırırsınız. Birgə müəssisələrin yaradılması üçün hər hansı bir təklif varmı?
- Bu gün Azərbaycandan olan bəzi investorlar Monteneqroda kiçik otellərə və bəzi tikinti obyektlərinə investisiya yatırır. Mənim dediyim isə gələcək üçün zəminin yaradılmasıdır. Bu gün (25 iyun) Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası başa çatır və onun yekunları üzrə gələcək əməkdaşlığa dair saziş imzalanacaq. Bu saziş gələcək planlar üçün yaxşı əsas olacaq.
İnanırıq ki, Azərbaycan Monteneqroya investisiya qoyuluşunda daha çox maraqlı olacaq. Ancaq biz həm də ümid edirik ki, Monteneqro şirkətləri də Azərbaycana sərmayə qoyuluşuna maraq göstərəcək. Biznes forumda (iyunun 25-də Bakıda keçirilib – İF) gördüm ki, Azərbaycan xarici investorlar üçün əlverişli şərait yaradır. Hesab edirəm ki, bizim işgüzar dairələrimiz də əməkdaşlıq etmək üçün bu imkandan faydalanacaqlar.
- Cənab baş nazir, məlum olduğu kimi, bu gün Monteneqro və Azərbaycan arasında mövsümi çarter reysləri mövcuddur. Bakı və Podqoritsanın turizm sahəsində əlaqələrin inkişafını fəal şəkildə təşviq etdiyini nəzərə alsaq, viza rejiminin sadələşdirilməsi və hər iki istiqamətdə turist axınını artırmaq üçün müntəzəm reyslərin açılması məsələsi nəzərdən keçirilirmi?
- Fəxri konsul cənab Vüqar Əliyev və onun komandasının səyləri nəticəsində çarter reysləri açılıb və fəaliyyət göstərir. Ancaq biz müntəzəm reysin açılmasında maraqlıyıq və bunun üzərində işləyəcəyik. Mən dünən (24 iyun), bundan əvvəl isə prezident Cukanoviç viza rejiminin sadələşdirilməsi (Azərbaycan tərəfi ilə - İF) məsələsini müzakirə etmişik. Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı istəyimizə hörmətlə yanaşır, amma hazırda Azərbaycanın müəyyən səbəbləri var və biz buna hörmətlə yanaşırıq. Ümid edirik ki, bu məsələ ilə də bağlı qərar verəcəyik.
- Bu, çox güman ki, təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə bağlıdır. Ümumiyyətlə, bir siyasətçi kimi bu münaqişənin həllini necə görürsünüz?
- Monteneqro Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz prezident İlham Əliyevin və Azərbaycan hökumətinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini alqışlayırıq. Bizim də belə təcrübəmiz var. Bizim tarixlərimiz bənzərdir. Buna görə Monteneqro bu cür çağırışlarla üzləşən Azərbaycanı yaxşı başa düşür. Və Monteneqro bu məsələdə Azərbaycanın yanındadır.
- Cənab Markoviç, əməkdaşlıq məsələlərinə qayıdaq. Xüsusilə energetika sahəsində əməkdaşlıq barədə soruşmaq istəyirəm. Məlum olduğu kimi, Azərbaycan ilə Monteneqro arasında energetika sahəsində əməkdaşlıq hazırda İon-Adriatik Boru Kəməri (IAP) ilə bağlı fəaliyyətə əsaslanır. Hər iki tərəfin maraqll olduğu digər enerji layihələri varmı?
- Monteneqro Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizinin (CQD) bir hissəsi olacaq qaz kəməri layihəsində iştirak edir. Bu, Albaniyada başlayan və Monteneqro, Bosniya və Herseqovina ərazisindən Xorvatiyaya keçən IAP layihəsidir. Monteneqro bu layihədə çox maraqlıdır. Biz Azərbaycandan olan həmkarlarla işləmək niyyətindəyik ki, onlar bu layihənin həyata keçirilməsində bizi dəstəkləsinlər və maliyyə yardımı göstərsinlər.
- Və sonuncu sual, Monteneqronun Azərbaycanda səfirliyi nə vaxt açılacaq?
- Əlaqələrimizin inkişaf dinamikasını nəzərə alaraq, əminəm ki, Monteneqronun Azərbaycanda səfirliyinin açılması məsələsi çox yaxında öz həllini tapacaq. Münasibətlərimiz də bizə bunun zəruriliyini diktə edir. Lakin Monteneqro bunun üçün maddi və maliyyə zəminləri yaratmalıdır. Əminəm ki, çox vaxt keçməyəcək və Bakıda səfirliyin açılması məsələsi həll olunacaq.
- Cənab Markoviç, müsahibəyə görə təşəkkür edirik.
- Mən də təşəkkür edirəm.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət