Azərbaycan iqtisadiyyatı hazırda yeni çağırışlarla üzləşir. Beynəlxalq Vayuta Fondunun (BVF) Azərbaycandakı missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycanın bank sektorundakı cari vəziyyət, hökumətin yürütdüyü büdcə-vergi siyasəti, biznesin inkişafının stimullaşdırılması barədə danışıb.
- Azərbaycana nə vaxt gəlməyi planlaşdırırsınız? Bu səfər çərçivəsində hansı görüşlər keçiriləcək?
- Azərbaycan üzrə missiyanın yeni rəhbəri olaraq dekabrın 21-də tanışlıq məqsədi ilə ölkənizə səfər edəcək və bir neçə rəsmi şəxslə görüşəcəyəm. Onların arasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri, maliyyə naziri və neft-qaz sahəsində vəzifəli şəxslər var.
-Siz BVF və Azərbaycan hökuməti arasında münasibətlərin gələcəyini necə təsəvvür edirsiniz? Bu münasibətlər necə inkişaf edəcək?
- BVF və Azərbaycan hökuməti arasında çox yaxşı münasibətlər yaranıb və biz bu müsbət əlaqələrin gələcəkdə də davam edəcəyini inamla gözləyirik. Azərbaycanın rəsmi orqanları ilə BVF arasında müntəzəm olaraq dialoq aparılır, məsələn, BVF-nin Nizamnaməsinin IV maddəsinə uyğun olaraq məsləhətləşmələr, fondun əməkdaşlarının, texniki yardım missiyasının yarım ildən bir baş tutan səfərləri, illik və ya yaz iclasları zamanı. Və bu dialoq mütləq şəkildə çox məhsuldar olur və mehribanlıq şəraitində baş tutur.
-BVF Azərbaycanda yeni layihələrə texniki yardım üzərində işləyirmi? İşləyirsə, hansı sahələrdə?
- Texniki yardım BVF-nin əsas fəaliyyət növlərindən biridir və makroiqtisadi siyasətin əsas sahələrinə yönəlib. Fond konkret maddi layihələrdə deyil, bu sahələrdə daha çox üstünlüklərə malikdir. Demək olar ki, dünyanın bütün ölkələri BVF-nin üzvü olduğuna görə fondun texniki yardım proqramı fərqli inkişaf səviyyəsinə malik ən müxtəlif ölkə və regionlarda əldə edilmiş bilik və təcrübəyə əsaslanır. Azərbaycanla bağlı onu deyə bilərəm ki, son zamanlar fond ölkəyə tədiyə balansının statistikası, pensiya islahatı, dövlət maliyyəsi statistikası, çirkli pulların yuyulması ilə mübarizə üzrə qanunvericilik, pul-kredit və maliyyə statistikası və digər məsələlər üzrə texniki yardım ayırıb.
- Azərbaycanın 2016-cı il büdcəsini necə qiymətləndirirsiniz?
-Dövlət büdcəsi bu yaxınlarda təsdiq edilib, buna görə biz onun qiymətləndirilməsini tam başa çatdırmışıq. Bildiyimizə görə, bu büdcə neftin aşağı qiymətləri və iqtisadiyyatın zəif artım tempi şərtlərinə əsaslanır. Yeni büdcə neftin bir barelinin qiyməti $50, iqtisadi artım tempi 1,8% olmaqla hesablanıb və gəlirlərin, ilk növbədə Dövlət Neft Fondundan büdcəyə transfertlərin kəskin azalması ehtimalını nəzərdə tutur. Büdcə prioritet olmayan kapital xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını, bununla yanaşı, neft və qaz ixracı ilə bağlı infrastrukturun dəstəklənməsinə vəsait ayrılmasını da nəzərdə tutur. Kəsir bir qədər artıb (2015-ci ildə ÜDM-in 2,6%-dən 2016-cı ildə ÜDM-in 2,9%-nə qədər), qeyri-neft kəsiri (neft-qaz sahəsi üzrə gəlir və xərclər istisna olmaqla) isə hətta azalıb.
Qeyd etmək lazımdır ki, rəsmi orqanlar 2015-ci ildə əsaslı şəkildə büdcə konsolidasiyasına başlayıblar, onlar xərcləri planlara nisbətən 16% azaldaraq (əsasən prioritet olmayan infrastruktur layihələrinə) idxal rüsumlarını artırıblar.
-Necə düşünürsünüz, Azərbaycan milli valyutanın məzənnəsinə düzəlişlər etməyi davam etdirməlidirmi?
- Biz BVF-nin əməkdaşlarının Azərbaycana səfərinin başa çatması ilə əlaqədar iyunun 9-da verdiyimiz məlumatda qeyd etdiyimiz kimi, güclü mənfi xarici şoklar, məsələn, neftin qiymətinin kəskin azalması, regionda valyutaların məzənnəsinə təzyiq - Azərbaycanın rəsmi orqanlarını 2015-ci ilin fevral ayında milli valyutanın devalvasiyasını həyata keçirməyə məcbur etdi. O vaxtdan mübadilə məzənnəsi nisbətən sabitdir - AMB-nin büdcə konsolidasiyası və valyuta bazarında intervensiyaları sayəsində 1 ABŞ dollarının məzənnəsi 1,05 manatdır.
- Sizcə, Azərbaycan hökuməti inflyasiyanın artmaması üçün hansı tədbirləri görməlidir?
Hökumət həmişə makroiqtisadi sabitliyin qorunması istiqamətində tədbirlər görməlidir, bu, eyni zamanda, iqtisadi artıma və məşğulluğun yüksəlməsinə kömək edir. Bunun üçün vergi-büdcə, pul-kredit, maliyyə və struktur siyasəti kimi düşünülmüş kompleks tədbirlər hazırlanmalı və həyata keçirilməlidir ki, iqtisadiyyatda balans pozulmasın və bu da öz növbəsində inflyasiya təzyiqinə gətirib çıxarmasın. Göründüyü kimi, son zamanlar Azərbaycanda məhz bu baş verir - axı hazırda inflyasiya 3,5%-dən aşağı səviyyədədir ki, bu da 2009-2014-cü illərdə müşahidə olunmuş orta səviyyəyə çox yaxındır.
- Siz hökumətin təsərrüfat subyektlərində yoxlamaları məhdudlaşdırmaq haqqında qərarını necə qiymətləndirirsiniz, Azərbaycan hökuməti qeyri-neft biznesinin stimullaşdırılması üçün daha hansı tədbirləri görməlidir?
- Mən belə başa düşürəm ki, siz sadələşdirilmiş vergi ödəyiciləri (dövriyyəsi 120 min manatdan az olan) ilə bağlı Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların dayandırılması barədə danışırsınız. Kiçik vergi ödəyiciləri tərəfindən öhdəliklərin yerinə yetirilməsinin yoxlanılması dövlətə böyük gəlir gətirmir, nazirliyin məhdud resurslarını nəzərə alaraq dövlət diqqəti iri vergi ödəyicilərinə yönəltməlidir.
Mürəkkəb xarici şərtlərlə əlaqədar hökumətin iqtisadiyyatın şaxələndirilməsi (özəl sektorun aparıcı rol oynadığı bir şəraitdə) istiqamətində qarşıya qoyduğu məqsədlərə çatmaq üçün aparılan işlər sürətləndirilməlidir. Bu, qeyri-neft biznes sektorunun inkişafını stimullaşdıracaq. Özəl investisiyalar həyata keçirilən büdcə konsolidasiyasının səbəb olduğu mənfi qısamüddətli nəticələrin yumşalmasına kömək edə bilər, lakin bunun üçün idarəetmənin yaxşılaşdırılması, biznesin aparılmasında xərclərin azaldılması, rəqabət üçün əngəllərin və çox bahalı gömrük prosedurlarının aradan qaldırılması üzrə islahatlar tələb olunacaq.
Dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsi, korrupsiya ilə mübarizənin genişləndirilməsi, qanunun aliliyinin və məhkəmə orqanlarının müstəqilliyinin möhkəmləndirilməsi məqsədi ilə işlər davam etdirilməlidir.
-Azərbaycanın bank sektorunda cari vəziyyəti necə qiymətləndirirsiniz?
- Daha əvvəl qeyd etdiyim kimi, fevral ayında baş vermiş devalvasiyadan sonra dollarlaşmanın kəskin yüksəlməsi, bankların kapital göstəricilərinin pisləşməsi və iqtisadi artım tempinin azalması fonunda maliyyə sektoru çox zəiflədi. AMB kreditlərin yenidən strukturlaşdırılması və müəyyən maliyyə dəstəyi ilə yanaşı, açıq mövqelər və kapitalın səviyyəsi üzrə yumşaq normalar tətbiq etməklə reaksiya göstərdi. Zamanla xalis açıq valyuta mövqeləri və kapitala tələblər üzrə zəifləmələri dayandırmaq lazımdır.
Hökumətin Azərbaycan Beynəlxalq Bankının yenidən strukturlaşdırılması planına gəlincə, bunu beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl praktika tətbiq etməklə həyata keçirmək lazımdır ki, bankın bazar payının azalmasına və gələcəkdə özəlləşdirilməsinə zəmin yaransın.
Sonda qeyd etmək istərdim ki, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) tövsiyələrinə uyğun olaraq bank sistemi ilə bağlı nəzarət fəaliyyəti əhəmiyyətli dərəcədə möhkəmləndirilməlidir
A.Axundov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət