Hərbi ekspert, “Milli Müdafiə” («Национальная оборона») jurnalının baş redaktoru İqor Korotçenko "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi müsahibəsində Azərbaycan-Rusiya hərbi əməkdaşlığının perspektivləri barədə danışıb, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb.
- Yaxın gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş gözləmək olarmı?
- Danışıqların çox uzun müddətdir aparılmasına baxmayaraq, praktik nəticələr əldə olunmayıb. Sonsuza qədər müxtəlif qruplar, iclaslar çağırmaq, danışıqlar aparmaq, görüşlər təşkil etmək olar, lakin Qarabağ probleminin həlli hələ ki, mümkün görünmür. Bundan başqa, Ermənistanın yeni baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinin də Bakı və Yerevan arasında danışıqlar prosesinə cəlb edilməsini təklif edir. Bakı isə belə olan halda danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı icmasının, eləcə də Azərbaycana məxsus olan və hətta Ermənistanın da iddia etmədiyi yeddi rayondan qovulmuş azərbaycanlıların da danışıqlarda iştirak etməsi təklifini irəli sürür.
Göründüyü kimi, danışıqlarda heç bir irəliləyiş yoxdur. Buna görə vəziyyət tamamilə dalana dirənib. Vətənindən, yurd-yuvasından didərgin düşmüş çoxlu sayda qaçqın var. Bu mövqeyim nə Ermənistanın əleyhinə, nə də Azərbaycanın xeyrinə yönəlib. Obyektiv reallıq var. İşğal olunmuş ərazilər var, qaçqınlar var. Buna görə də məsələni həll etmək lazımdır.
- Bu günlərdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bildirib ki, Ermənistanın əvvəlki üç prezidentindən fərqli olaraq baş nazir Nikol Paşinyanın Qarabağ məsələsindəki proqramı məlum deyil.
- Mənə elə gəlir ki, Paşinyanın ümumiyyətlə heç bir proqramı yoxdur. Çünki bu şəxs müxalifətçi olub. Məxməri, rəngli inqilab nəticəsində hakimiyyətə gəlib. Bəs rəngli inqilab nədir? Bu, qanuni olsa da,dövlət çevrilişidir. Məsələ isə bundadır ki, erməni xalqı Paşinyanın hakimiyyətə gəlişi ilə daha yaxşı həyat istəyir.
Liderlərindən daha yaxşı bir həyat tələb etmək hər bir bir xalqın obyektiv hüququdur. Seçkilər keçirildi, Paşinyanın partiyası parlamentdə çoxluq qazandı. Hökumət formalaşdı. Real hakimiyyətin bütün rıçaqları sənin əlindədir. İndi oxları artıq heç kimə yönəldə bilməzsən. Ermənistan xalqının gələcək taleyinə görə sən məsuliyyət daşıyırsan. Lakin mən cənab Paşinyanın səsləndirdiyi “Nə üçün mənə qarşı iddialar irəli sürürsünüz? Hər kəs özü...” bəyanatını oxuyuram. Bəs o zaman nə üçün hakimiyyətə gəldiniz? Ona görə də onun ümumiyyətlə heç bir proqramının olmaması ilə bağlı məndə bir hiss var.
Mən erməni xalqına rifah arzulayıram. Paşinyanın güclü iqtisadi inkişafa nail olmasını, investorlar cəlb etməsini arzulayıram. Çünki Ermənistan nə qədər sabit və zəngindirsə, postsovet məkanında hamı üçün bir o qədər yaxşı olacaq. Ancaq mən onun belə bir nəticə verə biləcəyinə şübhə edirəm. Və əgər heç bir nəticə olmasa, hakimiyyət məsələsi ortaya çıxır. Hakimiyyəti necə saxlamalı? Və burada ya düşmən obrazı ya müharibə ya da cadugər ovu lazımdır. Əslində, bu gün Ermənistan hakimiyyəti əvvəlki liderləri təqib etməklə məşğuldur ki, bu da cadugər ovu və hesablaşma xarakteri daşıyır. Siyasi rəqibləri ilə hesablaşan insanların Ermənistanın inkişafı üçün konstruktiv proqram təqdim edə biləcəyinə böyük şübhə ilə yanaşıram.
- Ötən il Kreml Paşinyanı Rusiyanın maraqlarına xəyanət etməkdə ittiham edərək onun yürütdüyü siyasətdən narazılıq ifadə etmişdi ...
- Ermənistan suveren dövlətdir, öz inkişaf yolunu müstəqil şəkildə müəyyən edir. Rusiya ilə olmaq istəyir? Biz bunun yalnız və yalnız tərəfdarıyıq. Biz Ermənistanın Rusiya ilə birlikdə olmasını istəyirik. İstəyirik ki, Ermənistan bizim strateji müttəfiqimiz olsun. İndiki Ermənistan hakimiyyəti bunu istəyirmi? Belə təəssürat yaranır ki, onlar iki stulda oturmağa çalışırlar. Bir tərəfdən NATO, ABŞ ilə dilxoşluq edirlər, digər tərəfdən isə Rusiyanın ünvanına xoş sözlər söyləyirlər. Lakin belə olmur. Bir qərara gəlmək lazımdır. Əgər siz Rusiya ilə birlikdəsinizsə, onda niyə NATO Həftəsi keçirirsiniz? Niyə Gürcüstanla hərbi sahədə münasibətləri inkişaf etdirirsiniz?
Belə olan halda Ermənistanın bizim üçün artıq heç bir əhəmiyyət kəsb etməməsinə görə bizi günahlandırmaq lazım deyil. Bizim də çoxşaxəli siyasətimiz olacaq. Ermənistana bütün hörmətimizə rəğmən. Təbii ki, biz Ermənistanla NATO-nun yaxınlaşmasına, Yerevanda NATO Həftəsinin keçirilməsinə mənfi yanaşırıq. Ermənistan neytral dövlət deyil, KTMT-nin üzvüdür.
- O zaman Yerevanın Suriyaya sülhməramlılar göndərilməsi barədə qərar qəbul etməsi ilə əlaqədar bu yaxınlarda Ermənistanın xarici işlər naziri Mnatsakanyanın Vaşinqtona səfərinə qadağa qoyulmasını necə izah etmək olar?
- Məlumdur ki, ABŞ-ın Yerevandakı səfirliyi postsovet məkanında ən böyük səfirlikdir. Rəngli inqilabın arxasında o dururdu. Paşinyan hakimiyyətə gəldi. Prinsip etibarilə, o, ağıllı insandır. Gözləyir ki, ABŞ-ın növbəti addımı nə olacaq. Və budur, artıq maliyyə dəstəyi yoxdur. Pulsuz silah tədarükü də yoxdur. Yalnız tövsiyələr var. Buna görə də Ermənistanın Suriyaya humanitar missiya göndərməsi (bunu ikiəlli alqışlayıram) məcburi gedişdir. Bütün bunlar ondan irəli gəlir ki, onlar Rusiya ilə yaxınlaşmağın lazım olduğunu anlayırlar. Lakin ABŞ və Qərb məsləhətlərdən başqa konkret olaraq hələ heç nə vermir. Məsləhətlərlə isə tox olmayacaqsan. Rusiya ilə yaxınlaşma isə həm qaz, həm iqtisadi əlaqələr, həm silah, həm də kreditdeməkdir.
Buna görə indi ABŞ bir növ narazılıq bildirir – bu, başa düşüləndir. Yerevan indi son dərəcə ikitərəfli siyasət yürüdür. Əvvəlcə Rusiyadan kəskin hərəkətlə uzaqlaşma var idi. Amma indi reallığı sanki dərk ediblər. Hələ ki manevr edirlər. Yumşaq desək, bu, müəyyən dərəcədə sayıq olmağa səbəb olur. Erməni tərəfdaşlarımız “Rusiya bizim strateji tərəfdaşımızdır” deyərkən nə qədər səmimidirlər? Diqqətlə baxırıq, müşahidə edirik. Yenə də Ermənistana bütün hörmətimizə rəğmən əgər bu ölkə çoxşaxəli siyasət yürüdürsə, Rusiya da eyni addımı atacaq.
Ermənistan bizim üçün yalnız münasibətlərimizi inkişaf etdirdiyimiz ölkələrdən biri olacaq.
Bu baxımdan Azərbaycan da bizim üçün Ermənistan kimi eynidır. Ancaq Yerevan kredit istəyirsə, biz ona kömək edirik, Bakı isə milyardlar ödəyərək avadanlıq və silah alır. Bəs niyə biz Ermənistanı razı salmaq üçün Azərbaycanla münasibətləri inkişaf etdirməməliyik? Azərbaycanyönümlü siyasətlə bağlı iddialar, ittihamlar irəli sürülür. Rusiya öz milli maraqlarına yönəlik siyasət həyata keçirir. Tərəfdaşımız olan Ermənistan başa düşməlidir ki, Rusiyanın milli maraqları Moskva üçün hər şeydən irəlidir.
Rusiyanın milli maraqları eyni zamanda, həm Ermənistanla, həm Azərbaycanla, həm də digər ölkələrlə əlaqələrin inkişaf etdirilməsindən ibarətdir. Rusiya üçün nə və necə faydalıdırsa, biz də o cür hərəkət edəcəyik.
- Ötən il Rusiyada müxtəlif səviyyələrdə qeyd olunurdu ki, Azərbaycan Qafqazda Moskvanın yeganə etibarlı tərəfdaşıdır ...
- Bəli. Azərbaycan bizim etibarlı müttəfiqimizdir. Biz Azərbaycan haqqında pis nə deyə bilərik? Heç bir şey - bir halda ki, maraqlarımız həqiqətən üst-üstə düşür, Bakı bizi dəstəkləyir, İlham Əliyev isə ən yaxşı xarici siyasi həmkarlardan biridir.
- Bakıda Rusiya və ABŞ hərbi rəhbərliyinin nümayəndələri arasında danışıqların təşkili ənənəyə çevrilib…
- Bəli, çünki burada amerikalılarla danışmaq bizə rahatdır.Onlarla ABŞ-da danışmaq bizə, bizimlə isə Rusiyada danışmaq onlara rahat deyil. Meydança lazımdır. Azərbaycan öz beynəlxalq statusuna və nüfuzuna görə bizə belə meydançanı verir. Burada bizim baş qərargah rəisləri - Gerasimov və onun ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsindən olan həmkarı görüşürlər.
Bəli, bu, Azərbaycanın statusunun göstəricisidir. Biz burada görüşə, danışa bilirik. Çünki nüfuzlu, hörmət sahibi bir ölkədir. Qüsursuz davranış sərgiləyir. Burada real siyasət yürüdülür. Azərbaycan hər cəhətdən ciddi ölkədir. Və biz şadıq ki, qlobal qarışıqlıq şəraitində ABŞ-la bu cür təmasda ola bilirik. Bizim üçün bu vacibdir. Qoy bu, heç kimi narahat etməsin.*
Söhbət etdi Rasim Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət