Prezident İlham Əliyev məmurları korrupsiyaya qarşı sıfır səviyyəsində dözümlü olmağa çağırıb.
“Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır. Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. İndi operativ məlumat toplanılır”, - deyə o bildirib.
Dövlət başçısı vurğulayıb ki, Neftçala rayonunda aparılmış xüsusi əməliyyat göstərdi ki, heç də bütün icra başçıları öz vəzifələrini dərk etmir. Neftçala rayonunda rüşvətxorluq və korrupsiya sistem xarakter daşıyırdı, sistemli əsasda həll olunurdu və demək olar ki, rüşvətxorluq və korrupsiya bütün qurumları sarsıtmışdı. Təsəvvür edin, rayonun ən zəngin insanlarından biri Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir. Onun varidatı haqqında indi hüquq mühafizə orqanları məlumat əldə ediblər. Bu adam nəyin hesabına varlanıb? Bu, biznesmendir? Yox. Bu, ixtiraçıdır? Yox. Buna böyük miras qalıb? Yox. Nəyin hesabına? Xəstələrin boğazından kəsilən pullar hesabına. Yazıq xəstələr məcbur olub bu tamahkar insanlara pul veriblər ki, öz sağlamlıqlarını təmin etsinlər.
“Əlbəttə ki, mən istintaqa qarışmaq istəmirəm, istintaq hər şeyi özü göstərəcək. Son sözü məhkəmə deyəcək. Ancaq artıq aşkar olunan faktlar onu göstərir ki, Mərkəzi Rayon Xəstəxanasında bütün şöbələr baş həkimə aylıq haqq ödəyir. Məktəblərdə rüşvətxorluq kütləvi xarakter alır. Məktəb direktorlarından haqq tələb olunur, bələdiyyələrdən rüşvət tələb olunur, ictimai əsaslarla ödənişli iş yerlərinə insanlar cəlb edilmir, onların ödəniş kartları götürülür və icra başçısı tərəfindən o pullar çəkilir. Eyni zamanda, dövlətdən maaş alan və ödənişli ictimai yerlərdə işləməli olan həmin vətəndaşlar icra başçısına aid bir çox kommersiya obyektlərində və təsərrüfatlarda qul kimi işlədilir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident əlavə edib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcək. “Bu siyasət şüurlu siyasətdir və bundan sonra da davam etdiriləcək. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”, - deyə o vurğulayıb.
Dövlət başçısının fikrincə, məmurların belə hərəkətləri mənəvi deqradasiyanın pik həddidir və bu, hər kəsə dərs olmalıdır. “Heç kim toxunulmaz deyil və bu hadisələr bir daha onu göstərir”, – deyə İ.Əliyev bildirib.
Prezident İlham Əliyev fevralın 20-də İsmayıl Vəliyevin Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda xüsusi əməliyyatın keçirilməsi haqqında məlumat yayıb. Əməliyyat nəticəsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev də daxil olmaqla 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinirlər.
Toplanılmış materiallarla İ.Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin İsmayıl Vəliyev, Vurğun Əkbərov və Vüqar Nağıyev tabeçiliklərində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb ediblər.
Bundan başqa, istintaq araşdırmaları ilə dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İ.Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhkəmənin qərarına əsasən, Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma və mənimsəmə faktlarına görə 4 ay müddətinə həbs olunublar.
Prezident İ.Əliyev martın 5-də Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət