“İnterfaks-Azərbaycan” agentliyinin İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin ilə müsahibəsi.
- Cənab səfir, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə danışıqların cari vəziyyətini necə qiymətləndirirsiniz? Yaxın gələcəkdə bu məsələ ilə bağlı Azərbaycan və İranın işçi qrupları arasında ikitərəfli görüşlər gözlənilirmi?
- Son zamanlar Azərbaycan və İran arasında Xəzər dənizinin hüquqi statusuna dair ikitərəfli görüşlər keçirilməyib. Son görüş beştərəfli formatda Tehranda keçirilib. Bildiyiniz kimi, bu görüşlərin əsas məqsədi Xəzər dənizinin statusuna dair konvensiyanın hazırlanması, eləcə də ümumi norma və qanunların qəbul edilməsidir. Düzdür, bu danışıqlar bir qədər uzandı, ancaq düşünürəm ki, biz artıq nəticələr əldə edirik. Hesab edirəm ki, nə qədər tez razılığa gəlsək, qarşımızda Xəzərin bütün potensialından istifadə üzrə geniş imkanlar bir o qədər tez açılacaq. Bizim Azərbaycanla Xəzrdə bir çox birgə tellərimiz mövcuddur. Məsələn, ölkələrimiz Xəzər dənizinin hərbiləşdirilməsinə qarşıdır və azad gəmiçiliyin, bütün sahələrdə, o cümlədən, balıqçılıq sahəsində imkanların ədalətli bölüşdürülməsinin tərəfdarıdır.
- Öncə İran Xəzər dənizinin bərabər bölünməsini təklif edib, yəni sahilyanı ölkələrin hər birinə 20%. Tehran hələ də bu mövqedədir?
- Biz bu beş ölkənin vahid statusu təsdiq etməsində israrlıyıq.
- Cənab səfir, bu yaxınlarda iki Azərbaycan vətəndaşı Təbrizdə saxlanılıb. İranda azərbaycanlı alim Xalidə Xalid və onun sürücüsünün saxlanmasının rəsmi versiyası nədən ibarətdir?
İranın Azərbaycan XİN-in notasına rəsmi cavabında qeyd edilir ki, bu şəxslər qanunsuz hərəkətlərə yol veriblər. İranın məhkəmə sistemi onlara qarşı irəli sürülmüş ittihamları araşdırır. Hazırda X.Xalidin işi üzrə bizdə başqa məlumat yoxdur.
Bir müddət əvvəl Bakıda İranın xeyrinə casusluqda təqsirli bilinən 3 Azərbaycan vətəndaşının məhkəmə prosesi oldu. Bu məsələ ilə bağlı sizin fikrinizi bilmək istərdim.
- Onlar Azərbaycan vətəndaşlarıdır və bu, ölkənin daxili məsələsidir. Biz heç bir bəhanə ilə Azərbaycanın daxili işlərinə qarışmırıq. Digər tərəfdən, biz onların İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığını təkzib edirik. Qeyd etmək istərdim ki, bəzən kütləvi informasiya vasitələri bu cür məsələləri həddən artıq şişirdir.
- Yeri gəlmişkən, KİV haqqında. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yaxın Şərqə səfəri İranda birmənalı qarşılanmayıb. Xüsusilə, dərc olunan məlumatlarda qeyd edilib ki, Azərbaycan nazirinin İsrailə səfəri Azərbaycan-İran münasibətlərinə mənfi təsir edə bilər. Bu məsələni necə şərh edərdiniz?
- İsrail islam dünyasının əsas düşmənidir. Onlar Fələstin ərazilərini işğal edib, həmçinin Fələstin və digər ölkələrin müsəlmanlarını öldürürlər. Təbii ki, İsrail ilə münasibətlərin qurulması zamanı bəzi ölkələr, xüsusilə də islam dünyası ölkələri bu ölkənin əməllərini nəzərə alır. İsrail isə münasibətlər qurarkən sanksiya və təzyiqlərə yol verməməyə, özünü islam deyil, ərəb dünyası ilə münaqişə edən tərəf kimi göstərməyə çalışır. Bu səbəbdən onlar islam dünyasının qeyri-ərəb ölkələri ilə münasibətlər qurmağa və inkişaf etdirməyə çalışır.
- Digər mövzulara keçək. İran-Rusiya münasibətləri haqqında nə deyə bilərsiniz?
- İran və Rusiya arasında münasibətlər möhkəmdir və dərin tarixi köklərə əsaslanır. Xüsusilə, cənab Putin RF prezidenti seçildikdən sonra bu münasibətlər sürətlə inkişaf etməyə başladı. Tehran və Moskva arasında birgə mövqe və təmas nöqtələri çoxdur. Regionda – Əfqanıstan, Qafqaz, Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin bərqərar olması məsələlərində, o cümlədən Suriya məsələsində mövqelərimiz üst-üstə düşür. Təbii ki, biz müəyyən dövlətlərin dünya üzərində hökmranlığına qarşıyıq. Bizim baxışlarımız terrorçuluğa qarşı mübarizə məsələlərində də üst-üstə düşür. Biz bütün dünyada inan haqlarının pozulmasına qarşı çıxış edirik. Bir çox sahələrdə əməkdaşlıq edir və bir-birimizi həm regional, həm də beynəlxalq platformalarda dəstəkləyirik.
- Siz Suriya məsələsinə toxundunuz. Bu yaxınlarda İsrail tərəfindən Suriya ərazisinə endirilən aviazərbələri necə şərh edərdiniz?
- Sionist rejiminin Suriyaya həmləsi və təcavüzü bütün beynəlxalq hüquq və normalara ziddir. Əfsuslar olsun ki, ABŞ “İsrailin müdafiə hüququ var” kimi rəsmi bəyanatla İsrailin hərəkətlərini dəstəklədi. Bu, beynəlxalq diktatorluq təəssüratı yaradır. Bildiyimiz kimi, Suriya BMT-yə üzv olan müstəqil ölkədir. Və müstəqil ölkəyə hücum dünyada qəbul edilmiş çərçivələrdən kənara çıxır. Bu təcavüz Suriyada müharibə aparan terrorçu dəstələr üzərində tam qələbə öncəsi baş verdi. Digər tərəfdən, hücum sülh danışıqları üçün nailiyyətlərin əldə olunduğu zaman baş verdi. O zaman sülhün bərqərar olması üçün böyük ehtimal var idi. İsrailin Suriyaya hücumu bu rejimin regionda sülh və sabitliyin bərqərar olmasına qarşı olduğunu nümayiş etdirdi.
Yəni, regionda təhlükəsizliyi böyük sual altına qoyan əsas səbəbkar İsraildir. Bu rejim Fələstini, Suriya və Livan ərazilərinin bir hissəsini işğal edib, o cümlədən beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri tanımır və Suriya ərazilərini bombardmana məruz qoyarkən özünü rahat hiss edir. Əgər beynəlxalq birlik susarsa, o zaman gələcəkdə bütün dünyada sülh məsələsi böyük təhlükəyə məruz qalacaq. Buna görə də bütün dünya ölkələri beynəlxalq qanunları qorumaq məqsədilə İsrailin hücumlarını pisləməlidir.
Sizə məlumdur ki, Suriya rəsmi olaraq bəyan edib ki, İsrailin həmlələrinə cavab vermək hüququna malikdir və onlar növbəti dəfə həmin hüquqdan mütləq istifadə edəcəklər. Buna görə də biz yeni müharibənin qarşısını almaq məqsədilə dünya birliyini bu hücumları pisləməyə çağırırıq. Əks halda yeni müharibə regionun digər ölkələrini də əhatə edə bilər. Bununla əlaqədar Qoşulmama Hərəkatının sədri kimi İran qətnamə hazırlayaraq təşkilatın bütün üzvlərinə göndərib. Hesab edirik ki, regionda sülh üçün təhlükə təşkil edən mənbələr aşkar edilərək zərərsizləşdirilməlidir. Bu məsələdə əsas amil bir sıra ölkələrin terrorçu dəstələri dəstəkləməsidir, bu isə birbaşa Suriya hökuməti ilə müharibə aparmaq deməkdir. Diqqətəlayiqdir ki, Suriyada müxalifətin əksər hissəsi hökumətlə sülh danışıqlarına hazırdır. Düşünürük ki, bu mövqe dəstəklənməlidir. Regionun iri ölkələri – İran və Rusiya bu problemin hərbi yolla həllinə qarşıdır və münaqişənin sülh yolu ilə nizamlanmasını tam dəstəkləyir. Hesab edirik ki, Suriyada münaqişə hərbi yolla nizamlana bilməz.
Qeyd etmək istərdim ki, Suriyada Məhəmməd Peyğəmbərin səhabəsi Hücr ibn Üdeyin məqbərəsinin dağıdılması dini və humanist meyarlara ziddir. İslamın bütün cərəyanlarında qəbirlərin dağıdılması haram hesab edilir.
- Necə düşünürsünüz, Hücr ibn Üdeyin qəbrini dağıtmaqda terrorçuların məqsədi nə olub?
- Burada bir məqsəd var – sünni və şiələri qarşı-qarşıya qoymaq. Şükür Allaha ki, onlar məqsədlərinə nail ola bimədilər. Çünki həm sünni, həm də şiə alimləri bu hərəkəti pislədilər. Bu məsələ sünni və şiələri birləşdirdi. Hesab edirəm ki, bu cür vandalizm aktlarının bir daha təkrarlanmasının qarşısını almaq üçün dünya birliyinin qınağı lazımdır.
- Cənab Pak Ayin, Suriya ərazisinə hava zərbələri endirildikdən sonra KİV-də həmin zərbələrin “Hizbullah” təşkilatı üçün nəzərdə tutulan İranın ballistik raketlərinə endirildiyi barədə məlumat yayıldı. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Bu məlumat həqiqətə uyğun deyil. Çünki İsrail elə hədəflər seçmişdi ki, burada Suriya ordusunun mövqeləri terrorçuların məhv edilməsinin son mərhələsində idi.
- Cənab səfir, Suriya məsələsinin sonrakı inkişafını necə görürsünüz? Məni sizin şəxsi fikriniz maraqlandırır.
- Suriya münaqişəsinin həlli yolları var. Həm Bəşər Əsəd yeddi bənddən ibarət layihə təqdim edib, həm də İran öz təkliflərini irəli sürüb. Bu layihələrdə bəzi oxşarlıq mövcuddur. İlk növbədə, atəşkəs rejimini bərpa etmək lazımdır, münaqişə dayandırılmalıdır. Bundan başqa, münaqişə tərəflərinin xarici ölkələrdən silahlanması da tamamilə dayandırılmalıdır. Hakimiyyətlə müxalifət arasında yeni konstitusiyanın qəbul edilməsinə dair müzakirələr başlamalıdır. Hər iki tərəfin rəylərini bildirəcəyi ilkin şura yaradılmalıdır.
Tərəflərin qəbul etdiyi konstitusiya xalqa təqdim olunmalıdır və hamı tərəfindən qəbul edildikdən sonra prezident seçkiləri yolu ilə seçilmiş yeni dövlət başçısı öz sözünü deməlidir. Bu, demokratiyanın əsas prinsipləridir. Lakin əfsuslar olsun ki, bu gün Suriya İsraillə münaqişə vəziyyətində olmasının cəzasını çəkir. Bu səbəbdən ABŞ və onların müttəfiqləri İsrailin müdafiəsi üçün digər layihə seçiblər. Təəssüf ki, regionun bir sıra müsəlman ölkələri bu layihəni dəstəkləyir. Birləşmiş Ştatlar bəyan edir ki, terrorçuluğa qarşı mübarizə aparır. Ancaq Suriya məsələsində Əl-Qaidəni dəstəkləyir. Suriya münaqişəsi Qərb dəyərlərinin nə qədər kiçik olduğunu nümayiş etdirdi, yəni Qərb demokratiyası və liberalizmi bütövlüklə terrorçuluğu dəstəkləyir.
- Necə hesab edirsiniz, niyə bu gün Qərb Myanma buddistərinin bu ölkənin müsəlmanlarına qarşı cəza tədbirləri ilə əlaqədar nəinki heç bir addım atmır, hətta bunu pisləmir, Əsədi isə insan haqlarının pozulmasında ittiham edirlər?
- Qərb hər zaman öz mövqelərini ayrılıqda müəyyən edir. Məgər Qərbin tərəfdaşı olan ölkələrdə insan haqları pozulmur? Bu gün Qəzza zolağında insan haqları daha çox və kobud şəkildə pozulur. Niyə özünü insan hüquqlarının müdafiəçləri kimi qələmə verən Qərbdə fələstinlilərin hüquqlarının pozulması barədə susurlar? Səbəb Suriyanı məhv etmək və İsraili qorumaqdır. Səddam Hüseynin kütləvi qırğın silahına malik olması barədə yalan deyərək İraqa hücum etdilər. Sonra isə bildirdilər ki, Səddamın bu cür silahı olmayıb. Əfqanıstana hücumu terrorçuluğa qarşı mübarizə ilə əlaqələndirdilər. Sonra etiraf etdilər ki, “Taliban” təşkilatını özləri yaradıblar. Həyasızcasına yalan danışırlar ki, guya İran nüvə silahı yaradır və bizə qarşı sanksiya tətbiq edirlər. İran heç zaman nüvə silahının yaradılması üzərində çalışmayıb. Əvvəllər olduğu kimi, bu gün də Suriyada insan haqlarının pozulması və kimyəvi silahdan istifadə olunduğu barədə yalan danışırlar. Məqsəd bu ölkəyə hərbi müdaxilə etməkdir. Əfsuslar olsun ki, dünya siyasətində, xüsusilə də Qərb düşərgəsində etika kənarda qalıb.
- Yeri gəlmişkən, Siz İranın nüvə proqramını xatırlatdınız. Bu məsələ ilə bağlı danışıqlar prosesini necə qiymətləndirirsiniz?
- Biz İranın nüvə proqramı ilə bağlı danışıqları alqışlayırıq. İran xalqı nüvə enerjisindən istifadə etmək hüququna malikdir və dünya birliyi bu hüququ tanıyır. BMT-yə üzv dövlətlərin əksəriyyəti bu hüququ tanıyır. Yalnız özlərini bu dünyanın “sahibləri” hesab edənlər bunu qəbul etmirlər. Onlar ümumiyyətlə İranın inkişafına qarşıdır, çünki biz nüvə enerjisini iqtisadi inkişaf məqsədilə istehsal edirik. Niyə onlar İsrailə etiraz etmir? Niyə indiyə qədər heç bir ekspert İsrailin nüvə obyektlərində yoxlamalar aparmayıb, baxmayaraq ki, bu ölkə çoxlu sayda nüvə başlığına malikdir. Biz beynəlxalq qanunları dəstəkləyirik. İranın ali dini lideri Ayətulla Xomeneyi fətva verib ki, nüvə silahının istehsalı və saxlanılması haramdır. Bu fətva bizim üçün mütləqdir və buna görə bizim nüvə silahı yaratmaq məqsədimiz olmayıb. Digər tərəfdən, düşünmürük ki, nüvə silahı hər hansı təhlükəsizliyi təmin edə bilər. Bu prinsiplərə əsaslanaraq, biz danışıqları davam etdiririk. Bizə elə gəlir ki, Qərb danışıqların istiqamətini dəyişməyə çalışır.
Söhbəti Fərdin İsazadə apardı
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət