“İnterfaks-Azərbaycan” agentliyinin Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Cavanşir Feyziyevlə müsahibəsi
- Cənab Feyziyev, əvvəlcə icazə verin, sizi Mətbuat Şurasında komissiya sədri seçilməniz münasibəti ilə təbrik edim. Fəaliyyətinizdə hansı istiqamətlər prioritet təşkil edəcək?
- Bir çox mətbu orqanlarında dərc edilən çoxsaylı məqalələrin müəllifi olduğuma görə Mətbuat Şurasına seçilənə qədər də mənim KİV-lərlə çox sıx əlaqələrim var idi. Mətbuat Şurasının İdarə Heyətinin birinci iclasında mənə Beynəlxalq Əlaqələr Komissiyasına rəhbərlik etmək həvalə olundu. Bu vəzifədə yerinə yetirməli olduğum çox işlər var. Baxmayaraq ki, Azərbaycan mətbuatı daim inkişafdadır, bizim KİV-lərin öz fəaliyyət sahəsini genişləndirməsi və beynəlxalq səviyyəyə çıxması üçün hələ çox iş görmək lazımdır. Biz bilirik ki, ölkə KİV-lərinin fəaliyyəti əsasən yerli hadisələrə yönəlib, xarici xəbərlər barədə yazarkən isə onlar xarici KİV-lərə istinad etməli olurlar. Lakin hesab edirəm ki, Azərbaycan KİV-lərinin xarici informasiya mənbələrinə çıxışı olmalıdır. Belə olarsa, bu və ya digər xəbər daha operativ və obyektiv işıqlandırılacaq. Bu bizə daha nə verə bilər? Jurnalistlərimiz öz xarici həmkarları vasitəsilə dünya jurnalistikasının yeni tendensiyaları ilə yerində tanış ola biləcəklər. Xarici həmkarlarla birbaşa əməkdaşlığın digər faydası da o olacaq ki, xarici jurnalistlər Azərbaycanda baş verən hadisələr barədə dəqiq və ətraflı məlumat alacaqlar, ən əsası isə onlar barədə bəzən olduğu kimi hər hansı xüsusi maraqları olan ayrı-ayrı şəxs və strukturlardan deyil, birinci mənbədən şərhlər eşidəcəklər. Təkrar edirəm, bununla biz Azərbaycanda baş verən hadisələrin daha obyektiv işıqlandırılmasına nail olacağıq.
-Ötən həftə belə desək, jurnalistika həftəsi oldu. Milli Mətbuat Günündə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılışı oldu və jurnalsirtlərə mənzillər paylandı. Təbii ki, razı qalanlar da oldu, narazı olanlar da. Bu barədə sizin fikrinizi bilmək istərdik.
- Azərbaycanda jurnalistika özəl əsaslarda inkişaf edir. Hamımız bilirik ki, özəl sektorda əmək haqqı müxtəlifdir. Xüsusən də elektron KİV-lərin inkişaf etməsi ilə mətbu nəşrlərin redaksiyalarının gəliri azalır. Bu baxımdan hesab edirəm ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olan bütün insanlara maliyyə yardımının göstərilməsi vacibdir və lazımdır. Bunu hiss edən dövlət başçısı bu səbəbdən jurnalistlər üçün yaşayış binasının tikilməsi barədə sərəncam verdi. Mənzillərin paylanması prosesi müxtəlif KİV-lərdə müxtəlif cür işıqlandırıldı. Lakin ümumilikdə hamı eyni fikirdədir ki, jurnalistlər üçün binanın tikilməsi və mənzillərin paylanması onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş çox doğru və müsbət addımdır. Hər zaman olduğu kimi burada da razı və narazı qalanlar oldu. Düşünürəm ki, bu normaldır. Əminəm ki, hər bir redaksiya öz əməkdaşlarını bir neçə meyar üzrə seçib. Evləri ən layiqli olanlar və ya digər üstünlükləri olan jurnalistlər alıblar. Bundan başqa, hesab edirəm ki, bu, ilk reaksiyadır. Bundan sonra digər jurnalistlər gələn dəfə mənzillərin məhz onlara çatması üçün daha çox çalışacaqlar. Bildiyiniz kimi, dövlət başçısı KİV nümayəndələri üçün nəzərdə tutulmuş ikinci binanın təməlini qoyub. Bir il tez, bir il gec, hər kəs mənzillə təmin olunacaq. Zənnimcə, bu mövzunun üzərində qalmaq, müxtəlif nəşrlərdə mənfi şərhlər vermək lazım deyil.
- Növbəti sual birbaşa komissiyanın fəaliyyəti ilə bağlıdır. Dövlət başçısı öz çıxışlarında dəfələrlə deyib ki, bir çox xarici KİV-lər Azərbaycana qarşı qərəzli mövqe tutur. Bu məsələ ilə bağlı sizin fikrinizi bilmək istərdim və komissiya sədri olaraq bu istiqamətdə hansı tədbirlər görmək niyyətindəsiniz?
-Mənə elə gəlir ki, bu, məhz Azərbaycan KİV-lərinin dünya media məkanına birbaşa çıxışının olmaması ilə əlaqədardır. Əlbəttə, bizim elə jurnalistlərimiz var ki, xarici həmkarları ilə sıx əlaqələrə malikdir, onlara obyektiv informasiya ötürürlər. Lakin nəzərə almaq lazımdır ki, dünyada on minlərlə jurnalist var və onların hamısından eyni cür münasibət gözləmək sadəlövhlük olardı. Azərbaycan öz müstəqilliyini möhkəmləndirərək daha qlobal addımlar atmağa çalışır və bu da müəyyən dərəcədə digər ölkələrin maraqlarına toxunur. Bundan başqa, qlobal iqtisadi böhran şəraitində Azərbaycanda həyat səviyyəsi artır və bu, bəzən qısqanclıqla qarşılanır. Bu təbiidir, çünki hər kəsi razı salmaq mümkün deyil. Azərbaycanın beynəlxalq siyasətində əsas prioritet prezident İlham Əliyevin rəhbər tutduğu ölkəmizin və xalqımızın rifahıdır. Dövlətimizin müstəqil siyasət yürütməsini qəbul edə bilməyən dairələr müxtəlif ölkələrdə nəzarət etdikləri KİV-lərin köməyindən tez- tez istifadə edirlər. Onlar məqalələr dərc etdirir, bu və ya digər hadisəni özlərinin görmək istədikləri şəkildə şərh edirlər. Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan KİV-ləri bu istiqamətdə fəaliyyəti genişləndirməlidir. Bu baxımdan hesab edirəm ki, bizim komissiya yerli jurnalistlərə kömək etməlidir. Azərbaycanlı həmkarları ilə sıx əlaqələr qura, baş verən hadisələri obyektiv işıqlandıra bilmələri üçün xarici jurnalistlərə hər cür şərait yaradılmalıdır
-Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin xarici KİV-lərdə obyektiv işıqlandırılması çox vacibdir.
- Bu məsələdə yalnız jurnalistlər deyil, hansı ölkədə olmasından asılı olmayaraq, hər bir azərbaycanlı fəal olmalıdır. Təbii ki, jurnalistlərin çiyninə böyük yük düşür, çünki onlar böyük auditoriya qarşısına çıxa bilirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun, eləcə də digər ictimai və dövlət strukturlarının fəal rolunu qeyd etmək lazımdır. Hesab edirəm ki, Ermənistan tərəfinin 80-ci illərin ikinci yarısından başlayaraq yürütdüyü dezinformasiya siyasəti iflasa uğramaqdadır. Praktiki olaraq bütün ölkələr artıq Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti bilir. Bununla belə, jurnalistlər bu istiqamətdə fəaliyyəti daha da artırmalıdırlar. Yazılan hər bir məqalə, çəkilən hər bir videomaterial dünya ictimaiyyətində Azərbaycan reallıqları haqqında ədalətli mövqenin möhkəmlənməsinə xidmət edəcək. Komissiya jurnalistlərin bu istiqamətdə dəstəklənməsi üçün lazım olan hər şeyi edəcək.
-Yuxarıda söylədiklərinizdən belə nəticə çıxarmaq olar ki, biz Ermənistana qarşı informasiya müharibəsində qalib gəlmişik?
-Bəli, belə demək olar. Lakin nəzərə almaq lazımdır ki bu şərtidir. Çünki informasiya məkanı daim hərəkətdə və inkişafdadır. Buna görə də əgər biz fəaliyyətimizi bir anlıq dayandırsaq, dezinformasiya yenidən üstünlük qazanacaq. Mən “biz” deyərkən həm komissiyanı, həm jurnalistləri, həm də bütün ictimai təşkilatları, dövlət strukturlarını və.s. nəzərdə tuturam. Təkrar edirəm, biz Qarabağ münaqişəsi ilə bağlı dezinformasiyaya qalib gəlmişik, informasiya müharibəsi isə hər zaman davam edir.
- Biz prezident seçkiləri ərəfəsindəyik. Necə düşünürsünüz, Azərbaycan KİV-ləri seçkiətrafı proseslərin işıqlandırılması zamanı növbəti imtahanı verə biləcəkmi?
- Dövlət başçısının seçilməsi hər bir ölkənin həyatında vacib siyasi hadisələrdən biridir. Bu, əhalinin bütün təbəqələrini maraqlandıran, bir çox ölkələrin diqqətini cəlb edən prosesdir. Müvafiq olaraq bu prosesdə bir çox qüvvələr, o cümlədən “tərəfdarlar” və “əleyhdrlar” fəallaşırlar. Məhz bu dövrdə çoxlu informasiya yaranır, KİV-lər arasında rəqabət güclənir. Əgər KİV-lər öz peşə borcunu yerinə yetirə bilməsələr, onda onların məhsulu obyektiv informasiya şəklində olmayıb, dedi-qodu və böhtan xarakteri daşıyacaq. İstənilən seçkilər zamanı - istər prezident seçkiləri olsun, istər parlament, istərsə də bələdiyyə seçkiləri - informasiya daim inkişaf etdiyinə görə KİV-lər üçün kifayət qədər iş var. Hesab edirəm ki, bizim KİV-lər seçkilərin işıqlandırılmasında kifayət qədər fəal və obyektiv olacaqlar. Bu, jurnalistlərin sevdiyi və gözlədiyi dövrlərdən biridir. Məhz bu dövrdə onlar peşələrinin nə qədər məsuliyyətli və vacib olduğunu hiss edirlər.
- Mən seçkilər ərəfəsində fəallaşan xarici KİV mövzusuna qayıtmaq məcburiyyətindəyəm. Seçkilər zamanı onlardan nə gözləyirsiniz?
-Sözsüz ki, onlar da prezident seçkilərini işıqlandıracaqlar. Düşünürəm ki, narahatlığa səbəb yoxdur. 20 il ərzində Azərbaycanın seçki sistemi kifayət qədər təkmilləşdirilib və irimiqyaslı siyasi tədbirlərin keçirilməsi üçün xeyli təcrübə toplanıb. Hər bir seçkidən sonra beynəlxalq təşkilatlar seçki prosesində qeydə alınmış müsbət və mənfi halları ictimaiyyətin diqqətinə çatdırırlar. Hər bir vətəndaş artıq seçki sistemi və texnologiyası ilə kifayət qədər tanışdır. Beynəlxalq KİV-lərin dərc etdiyi materiallara gəlincə... Tənqidi xarakterli məqalələrə təəccüblənmək lazım deyil - bu təbiidir. Bu, həqiqəti də əks etdirə bilər, bəzən isə müəyyən maraqlardan da irəli gələ bilər. Əgər göstərilən nöqsanlar seçkilərin nəticələrinə təsir etmirsə, seçkilər baş tutmuş hesab edilir. Nöqsanlar isə növbəti proseslərdə müzakirə oluna və nəzərə alına bilər. Bizim üçün dərc olunan materialların obyektivliyi əsasdır. Hər halda biz hər bir materialı diqqətlə izləyəcək, təhlil edəcək, nəticə çıxaracağıq. Ümumilikdə mən bu seçkilər zamanı daha çox müsbət xarakterli yazıların dərc olunacağını gözləyirəm. Ancaq obyektiv tənqidi də lazımi şəkildə qəbul etmək lazımdır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət