“İnterfaks-Azərbaycan” agentliyinin dirijor Yalçın Adıgözəlzadə ilə müsahibəsini təqdim edirik. Maestro xaricdə gerçəkləşdirilmiş layihələrlə bağlı təəssüratlarını bölüşüb, Azərbaycan musiqisinin dünyada təbliği sahəsində görülən işlərdən və gələcək planlardan danışıb.
-Bu yaxınlarda etdiyiniz qastrol səfərlərinin coğrafiyası gözəl təsir bağışlayır - Mərkəzi Asiya və Avropa ölkələrindən Cənubi Amerikaya qədər. Bu gün Azərbaycan musiqisi xaricdə necə qəbul edilir?
- May ayında biz Düşənbədə Üzeyir Hacıbəyovun şah əsərini - “Leyli və Məcnun” operasını səhnələşdirdik. Tamaşanı Tacikistan orkesti, xor və solistləri ilə birlikdə ərsəyə gətirdik. Lakin əsas partiyaları bizim muğam ustaları Mənsum İbrahimov, Nəzakət Teymurova və “Qarabağ” üçlüyü ifa edirdi. Bu, bizim üçün vacib layihə idi, çünki türkdilli ölkələrdə biz bu operanı səhnəyə qoyanda problem yaranmır, lakin taciklər fars dilində danışırlar. Etiraf edirəm ki, xor Azərbaycan dilində “Şəbi-hicran”ı ifa edəndə bizi emosiyalar çulğalamışdı.
-Layihə kimin təşəbbüsü ilə reallaşdırıldı?
-Biz Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənova bu ideyanı təklif etdik, o, Azərbaycan musiqisinin təbliği üçün çox işlər görür və bunu səfirliyin işinin əsas xətlərindən biri hesab edir. Tacikistan qədim mədəniyyətə, zəngin musiqi ənənələrinə malik ölkədir. Onların yaxşı teatrı var idi və bir vaxtlar SSRİ xalq artisti Məlikə Sabirova bu teatrda çıxış edirdi. Təəssüf ki o, həyatdan tez getdi, onu 39 yaşında Jizelin geyimində dəfn etdilər. Sonra SSRİ-nin dağılması ilə çətin günlər başladı. İndi bir çox ənənələr bərpa edilir. Mən bu prosesə qatıldığımız üçün şadam.
Ötən il bizim simfonik muğam böyük uğur qazandı, bu il biz “Leyli və Məcnun” operasını səhnələşdirdik. Artıq məşqlərdə zal tamaşaçı ilə dolurdu. Bir çox taciklər Məhəmməd Fizulinin adı gələndə hörmətlə baş əyir və şairin etnik cəhətdən fars olduğunu iddia edirdilər. Lakin bizim dəlillərimiz daha tutarlı idi, axı “Leyli və Məcnun” Azərbaycan dilində yazılıb. Bu opera artıq yüz ildən çoxdur ki, anşlaqla səhnədədir, dünyanın heç yerində belə bir hala rast gəlməzsən. Bu fenomen yalnız Bayrot festivalında Vaqnerin tamaşaya qoyulmuş operaları ilə müqayisə oluna bilər.
Bakıda hər zaman “Leyli və Məcnun” operasına bilet tapmaq çətindir. Bu o deməkdir ki, bu opera nadir əsərdir. Musiqisi tükənməz bulaq kimi axır və sən bu aləmə baş vurarkən inanılmaz saflaşma hiss edirsən. Bu, Mosartın musiqisi kimidir. Orkestrin önündə dayanarkən başa düşürsən ki, yüksəlirsən. Qeyri-iradi düşünürsən: “İlahi, Üzeyir bəy necə də dahi bəstəkardır. O, bu əsəri hələ Moskva və Sankt-Peterburqda akademik musiqi təhsili almazdan öncə yaradıb və bir əsrdən çoxdur anşlaqla qarşılanır. İnanılmazdır!
-Simfonik muğam başqa harda təqdim edilib?
- Biz Düşənbədən dərhal sonra Lüksemburqa yola düşdük, layihə orada davam etdi. Zərif Avropa - tamamilə başqa tamaşaçı kütləsi, başqa səviyyəli dinləyicilər. Bizim Lüksemburq kamera orkesteri ilə birgə gerçəkləşdirdiyimiz muğamla klassikanın sintezi və Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, V.Adıgözəlov, H.Xanməmmədovun əsərləri. Konsert Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun və Lüksemburqdakı “Qarabağ” Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə 28 may - Respublika Gününə həsr edilmişdi. Təsəvvür edin, bu necə də simvolikdir: biz “Qarabağ” Assosiasiyasının dəstəyi ilə Avropanın mərkəzində çox gözəl zalda incə zövqlü publika qarşısında Lüksemburq orkestri və “Qarabağ” üçlüyünün müşayiəti ilə finalda Qarabağ şikəstəsini ifa edirik və bütün zal ayağa qalxır!
Hər şey bir-birinə qarışmışdı - diplomatiya, incəsənət siyasət. Bizim musiqi – budur bizim həqiqətimiz. Biz silahları işə salmadan, dirijor çubuğu, skripka və tarla hər dəfə yüksək mənəviyyat və humanizm nümayiş etdiririk. Bundan başqa, F.Əmirovun “Nizami” simfoniyasını ifa etdik. Bu, simli orkestr üçün mürəkkəb əsərdir. Mən hətta onların bunun öhdəsindən gələcəklərinə şübhə edirdim, lakin musiqiçilər böyük ruh yüksəkliyi ilə işə başladılar və konsertin başlamasına 1 saat qalmış biləndə ki, onun müəllifi 22 yaşlı Əmirovdur, onlar şok oldular. Çox böyük uğur qazandıq. Konsertdən sonra yaradıcı elitanın nümayəndələri bizə müraciət edərək bildirdilər: “Biz yayda hara gedəcəyimizi düşünürdük. Lakin indi dəqiq bilirik -Azərbaycana gedəcəyik!”
-Bundan sonra siz dərhal Meksikaya uçdunuz?
- Bəli, Meksika orkestrinin rəhbərliyinin dəvəti ilə. Yeri gəlmişkən, orada hər ştatın öz orkestri olmaqla 30-dan çox orkestr var. Ştat qubernatorları ən yaxşı orkestrə sahib olmaq hüququ uğrunda yarışırlar. Bu, onlar üçün çox vacibdir. 25 mln. nəfərdən artıq insanın yaşadığı paytaxt Mexiko 12-dən çox orkesti olan çox böyük meqapolisdir. Mənə ölkənin ən yaxşı orkestri – “Orquestra Sinfonica del Estado de Mexico” ilə çıxış etmək iki dəfə qismət olub. Meksikadakı debüt üçün proqram seçimi təsadüfi deyildi – bu, Q.Qarayevin “Don Kixot” simfonik qravyuraları idi. İspandilli meksikalılar bizim görkəmli bəstəkarın musiqisinə valeh oldular. Ümumilikdə proqram sadə deyildi: ona italiyalı musiqiçi Roberto Traininin ifasında P.Çaykovskinin “Rokoko mövzusuna variasiyalar”ı və S.Raxmaninovun “Simfonik rəqsləri” daxil idi.
Bu da vacib detaldır ki, ölkənin bütün əyalətlərində böyük zallar tikilib və əhalini bura avtobuslarla gətirirlər. Axşam paytaxtda elit tamaşaçılar, səhəri gün isə əyalətdə az imkanlı insanlar üçün üçün konsert verilir. Burada biletlər 5-7 dollar arasında olur. Onlar klassik musiqinin təbliğatına belə əhəmiyyət verirlər. Zal tamaşaçılarla tamamilə dolur. Mən bu barədə Bakıda həmişə danışıram. Filarmoniyada cümə günləri verilən bütün konsertlər şənbə günü səhər tələbə, az imkanlı insanlar, pensiyaçılar üçün simvolik qiymətə təkrar edilməlidir. Müəllimlər arasında təşviqat aparmaq lazımdır ki, məktəbliləri konsertlərə gətirsinlər. Bir sözlə, publikanı klassikaya sevgi ilə tərbiyə etmək lazımdır. Uzaq Mexikoda orkestrdə azərbaycanlı musiqiçilər fəaliyyət göstərirlər, həm də aparıcı mövqelərdə. Bizm səfirimiz İlqar Muxtarov Meksikada çox böyük iş aparır. Xatırlayırsınızsa, orda ümummilli lider Heydər Əliyevə abidə qoyulmuşdu, onun arxasında Dağlıq Qarabağ və işğal edilmiş 7 rayonun xəritəsi mərmər üzərində təsvir edilmişdi. Demək istəyirəm ki, bir çoxlarının əslində nə baş verdiyindən xəbəri yoxdur. Məsələ bundadır ki, problemin yaranmasında Meksika Milli Universitetinin keçmiş rektoru Xose Saruxan və onun oğlu –Meksikanın ABŞ-dakı keçmiş səfiri Artur Saruxan fəal rol oynamışdılar. Mətbuatda hadisənin şişirdilməsi üçün böyük pullar xərclənmişdi. Bir neçə ay ərzində dövlətimizin, tariximizin əleyhinə yönəlmiş məqalələr dərc edildi. Buna baxmayaraq, Meksika dünyada parlament səviyyəsində Xocalı soyqırımını tanıyan ilk ölkə oldu. Prezident sarayının yaxınlığında, şəhərin tarixi mərkəzində “Xocalı soyqırımı” memorial abidəsi ucaldıldı. Abidənin yerləşdiyi yerlə yanaşı XVIII əsrdə tikilmiş, zəng qülləsinə malik olan, ancaq uzun müddət fəaliyyət göstərməmiş kilsə var. Meksikalılar səfirliyə müraciət etdilər və bizimkilər kilsə üçün zəngin hazırlanması təşəbbüsü ilə çıxış etdilər. İndi hər dəfə kilsə zəngi çalınanda Xocalının günahsız qurbanlarının xatirəsinin yad olunduğunu söyləmək olar. Bu, son dərəcə rəmzidir. H.Əliyevin sökülmüş abidəsi isə tezliklə layiqli yerini tutacaq, bununla bağlı artıq rəsmi razılıq əldə edilib.
- İyul ayında Pribaltikada çıxış etdiniz. Deyəsən, Latviya ilə yaxşı yaradıcılıq əlaqələriniz var.
-Bir neçə il əvvəl biz Liepaya simfonik orkestri ilə dostluq əlaqələri qurmuşuq. Demək olar ki, gənclərdən ibarət parlaq kollektivdir, geniş repertuarı var. Liepayada hər il keçirilən yay festivalına bütün Avropadan məşhur musiqiçilər toplaşır. Ötən il biz Fransa musiqisi ifa etdik - K.Sen Sans, M.Ravel, K.Debüssi. Bu dəfə çox istedadlı skripkaçı Elina Bukşa ilə çıxış etdik, o, Y.Sibeliusun konsertini məharətlə ifa etdi. Sonda İ.Stravinskinin “Simurq quşu” əsəri ifa olundu.
-Necə qəbul etdilər?
-Beş dəfə səhnəyə çağırıldıq. Bis üçün heç nə planlaşdırmadığımız üçün “Simurq quşu”nu təkrar ifa etməli olduq.
-Bir həftə sonra isə Qəbələ musiqi festivalının açılışında iştirak etdiniz…
-Qəbələ Beynəlxalq musiqi festivalı özünün ilk yubileyini qeyd etdi. Beş il ərzində çox iş görülüb. Gələnlərin sayı çoxdur - bu, sevindiricidir. Başmet, Repin, Berezovski kimi dünya ulduzları – bu, yüksək reytinqdir. Lakin vacib olan başqa məqam da var: gənc bəstəkar və solistlərimiz özlərini təqdim etmək, xarici həmkarları ilə tanış olmaq, böyük ustadlarla ünsiyyət qurmaq imkanı əldə edirlər.
-Bizi payızda nə ilə sevindirəcəksiniz ?
- Tezliklə teatrda yeni mövsümə hazırlıq başlayacaq. C.Puççininin çox nadir nümayiş etdirilən “Plaş” (Tabarro) operasının premyerası gözlənilir. Ötən il biz “Canni Skikki” tamaşasını səhnələşdirdik. Ümidvaram ki, vaxt gələcək, “Ancelika bacı” operasını səhnəyə qoyacağıq. Bütün adı çəkilən operalar opera silsiləsinə - triptixə daxildir. Bir-biri ilə heç bir əlaqələri yoxdur. Onları tez-tez ayrılıqda səhnələşdirirlər. Lakin dünyanın böyük səhnələrində bu operalar bir gecədə oynanılır. Ümid edirəm ki, hər üç operaya birlikdə səhnə həyatı verəcəyik. Azərbaycan tamaşaçıları bu materialı qəbul etməyə hazırdır. Gücümüz də kifayət qədərdir. İndi teatrda bütöv bir istedadlı gənclər pleyadası yetişib. Biz onlara arxayınıq.
-Sizə uğurlar arzulayırıq, maestro!
-Təşəkkür edirəm!
Söhbət etdi:Alla Zeydullayev
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət