Oxuculara “İnterfaks-Azərbaycan” agentliyinin İsrailin Azərbaycandakı səfiri Rafael Xarpaz ilə müsahibəsini təqdim edirik
- Ölkələrimiz arasında əməkdaşlıq üçün hansı sahələri prioritet hesab edirsiniz?
- İlk növbədə, qeyd etmək istərdim ki, Azərbaycan və İsrail arasında çox yaxşı və xüsusi münasibətlər mövcuddur. Biz bu münasibətləri imkan daxilində genişləndirir və dərinləşdiririk.
Bu münasibətlərdə prioritet təşkil edən bir sıra komponentlər var. Siyasi və diplomatik sahədə çox yaxşı əlaqələr qurulub. Azərbaycanda diplomatik fəaliyyətim dövründə (bir il yarım – İF-Az) iki ölkə prezidentlərinin Davosda görüşü keçirilib. Azərbaycan XİN başçısı İsraildə səfərdə olub, o cümlədən digər rəsmi şəxslərin ikitərəfli səfərləri həyata keçirilib.
İkinci prioritet istiqamət iqtisadiyyat sahəsidir. Azərbayanda xüsusilə kənd təsərrüfatı, telekommunikasiya, su təsərrüfatı və tibb sahələrində İsrail texnologiyaları tətbiq olunub.
Qeyd etmək lazımdır ki, «BakuTel - 2013» sərgisində İsrailin 12 şirkəti təmsil olunub, sərgi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib.
Enerji sahəsində əmkdaşlıq da bizim üçün maraq kəsb edir. Fürsətdən istifadə edərək Azərbaycanı “Şahdəniz-2” layihəsinin imzalanması münasibətilə təbrik edirəm. Bildiyiniz kimi, İsrail də öz iqtisadi sularında təbii qaz hasilatı ilə məşğuldur. Düzdür, biz energetika sahəsində Azərbaycan kimi təcrübəyə malik deyilik, bununla əlaqədar qeyd olunan istiqamətdə əməkdaşlıqda maraqlıyıq.
Prioritet təşkil edən dördüncü istiqamət yəhudi icmasıdır. Azərbaycan dünyada tolerantlıq modelinin bariz nümunəsidir. Yəhudilər yüz illər boyu ölkənizin ərazisində – Bakı, Sumqayıt, Gəncə və Oğuzda, xüsusilə Quba rayonunda yerləşən Qırmızı qəsəbədə yaşayırlar. Təbii ki, onlar burada rahat, heç bir qorxu olmadan yaşayırlar. Bu mənada Azərbaycan çox yaxşı nümunə ola bilər. Bundan başqa, İsraildə də azərbaycanlı yəhudilərin icması var. Bu səbəbdən bizim münasibətlərimiz xüsusi xarakter daşıyır.
- Son illər ərzində Azərbaycan və İsrail müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirib və dərinləşdiriblər. Bunu strateji tərəfdaşlıq kimi də xarakterizə etmək olar. Siz bu münasibətlərin gələcəyini necə qiymətləndirirsiniz? Əməkdaşlığın hansı sahələrində irəliləyiş gözlənilir?
- Qeyd edə bilərəm ki, mövcud münasibətlər çox yüksək səviyyədədir. Münasibətlərimizin təməli olduqca möhkəmdir. Bu yaxınlarda ölkələrimiz arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza alması prosedurunun sadələşdirilməsinə dair razılıq əldə olunub.
O cümlədən biz Azərbaycan Onkologiya Mərkəzi ilə əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalamışıq. Bu isə respublikada tibbin inkişafına kömək edəcək.
Bundan başqa, azərbaycanlı mütəxəssislərin İsrail XİN yanında Beynəlxalq əməkdaşlığın inkişafı üzrə Agentliyə səfəri baş tutub. Həmçinin biz Azərbaycan Turizm İnstitutu ilə də uğurlu əməkdaşlıq edirik. Hər il Azərbaycandan İsrailə təcrübə keçmək üçün təxminən 20 tələbə göndərilir.
- Cənab səfir, siz enerji sahəsində əməkdaşlıq məsələsinə toxundunuz. Qarşılıqlı əlaqələrin perspektivlərini necə görürsünüz?
- Təbii ki, İsrail neftin əsas hissəsini Azərbaycandan alır. Qeyd etdiyim kimi, biz enerji sənayemizi yenicə inkişaf etdirməyə başlamışıq. Bu mənada bugünkü İsrail 20 il əvvəlki Azərbaycana bənzəyir. Məsələn, bizdə Azərbaycanda olduğu kimi, enerji fondu yoxdur. Hazırda onun yaradılması üzərində iş aparırıq. Biz təbii qazın 40%-ni ixrac etmək niyyətindəyik. Lakin hələlik ixracın hara və məhz necə həyata keçiriləcəyi barədə qərar verməmişik. Bizdə bu baza hələ ki, yaradılmayıb, lakin onun yaradılması üzərində artıq iş aparılır.
- Azərbaycan-İsrail Ticarət Palatasının yaradılması məsələsi hansı mərhələdədir?
- Bu, çox uzunsürən proses olub. Bunun üçün hökumətlə razılıq əldə etmək lazım idi. Bir neçə ay öncə bu istiqamətdə iş başa çatıb. Mən Palatanın fəaliyyətindən çox razıyam. Palata «BakuTel - 2013» sərgisində İsrailin 12 şirkətinin iştirakını təmin edib, eləcə də Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə “B2B” Forumunun təşkilatçılarından biri olub.
- Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlığı necə xarakterizə edərdiniz? Bu əməkdaşlığı genişləndirmək planlaşdırılırmı?
- Yalnız qeyd edə bilərəm ki, Azərbaycan və İsrail arasında bütün sahələrdə çox yaxşı münasibətlər mövcuddur.
- Son zamanlar İsrailin sərhədində - Misir və Suriyada baş verən və daha təhlükəli forma alan hadisələr barədə nə deyə bilərsiniz? Sizin fikrinizcə, bu hadisələr İsrail üçün nə dərəcədə təhlükə törədir və onların sonrakı inkişafını necə qiymətləndirirsiniz?
- İsrail bütün Yaxın Şərqdə yeganə stabil dövlətdir. Biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Təbii ki, İsrail sakit yaşamaq üçün özünü müdafiə etməlidir və buna məcburdur.
- Bu gün ABŞ və İran arasında müəyyən yaxınlaşma müşahidə olunur. Xüsusilə sanksiyaların aradan qaldırılması və bu ölkənin dondurulmuş aktivlərinin bərpa olunması barədə çağırışlar səslənməyə başlayıb. İsrailin bu məsələ ilə bağlı mövqeyi necədir?
- Biz bu mənzərəni müşahidə edə bilərik: İran Bəşər Əsəd rejimini dəstəkləyir və ona yardım edir, eləcə də “Hizbullah” və HƏMAS-ı dəstəkləyir. İran Yaxın Şərq ölkələrində qeyri-sabitliyi, terrorçuları və ekstremist qrupları dəstəkləyir.
ABŞ-ın İranla yaxınlaşmasına gəlincə, belə cavab verə bilərəm: pis saziş imzalamaqdansa, heç bir saziş imzalamamaq yaxşıdır. İran sanksiyaların aradan qaldırılması məqsədilə danışıqlar masası arxasına oturub və bu ölkənin ona təqdim olunan tələbləri yerinə yetirəcəyi məlum deyil. Ölkəyə yeganə tələb nüvə silahının istehsalının dayandırılmasıdır.
- Cənab səfir, Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsində uzunmüddətli durğunluqdan sonra 2013-cü il bu istiqamətdə müəyyən canlanma ilə yadda qaldı. Xüsusilə prezident Barak Obamanın Yaxın Şərq regionuna səfərindən sonra. Həmin səfər zamanı Ağ Evin rəhbəri dövlət katibi Con Kerriyə bu məsələ ilə məşğul olmağı tapşırdı. Sizin fikrinizcə, yaxın perspektivdə İsrail-Fələstin münaqişəsinin nizamlanmasına dair konkret təkliflər gözləməyə dəyərmi?
- Biz ABŞ hökumətinin İsraillə Fələstin arasında sülhün əldə olunması üçün göstərdiyi bütün səyləri qiymətləndiririk. İsrail sülhsevər ölkədir, qeyd etdiyim kimi, biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. İsraillə Fələstin arasında münasibətlərin yaxşılaşması üçün əsas tələb fələstinlilərin İsraili yəhudi dövləti kimi tanımaları və israillilərin təhlükəsizlik şəraitində yaşamalarıdır. Biz 2005-ci ildə Qəzza zolağından çıxdıq, əvəzində isə İsrail raket zərbələrinə məruz qaldı.
- Mətbuatda dəfələrlə qeyd olunub ki, Azərbaycan Yaxın Şərq probleminin həllinə öz töhfəsini verə bilər. Necə düşünürsünüz, həqiqətənmi Azərbaycan bu münaqişənin nizamlanmasında irəliləyişə kömək edə bilər və bu hansı formada mümkündür?
- Son iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bu təşkilatda üzvlüyü dövründə ölkəniz Yaxın Şərqdə gedən proseslərin nizamlanmasına mühüm töhfə verib. Biz Azərbaycanın fəaliyyətini uğurlu hesab edir və yüksək qiymətləndiririk.
Söhbət etdi Fərdin İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət