“İnterfaks-Azərbaycan” agentliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə müsahibəsi
- TQDK ali məktəblərə test imtahanları ilə yanaşı, ümumtəhsil məktəblərində tədris edilən fənlər üzrə dərsliklərin monitorinqini də aparır. Keçənilki yoxlamaların nəticələri cəmiyyətdə böyük əks-səda doğurdu. Təhsil Nazirliyi ilə konstruktiv dialoq yaratmaq mümkün oldumu? Bu sahədə konkret olaraq hansı işlər görülüb?
- TQDK aparılan monitorinqlər əsasında ibtidai siniflər üçün dərsliklərin keyfiyyəti barədə ətraflı hesabat hazırlayıb. Gəldiyimiz əsas nəticə budur ki, bütün testləşdirilmiş dərsliklər bu və ya digər səviyyədə yenidən işlənilməli və təkmilləşdirilməlidir. Bu sahədə səylərin birləşdirilməsi və konkret tədbirlərin görülməsi üçün Təhsil Nazirliyinə müvafiq tövsiyə və təkliflər göndərilib.
Bu yaxınlarda TQDK Təhsil Nazirliyi ilə birlikdə elektron dərslik portalı yaradıb. Biz bu addımla geniş ictimaiyyəti bu problemə cəlb etmək istəyirik. İstənilən adam veb-səhifəyə daxil ola, qeydiyyatdan keçə, dərslik və dərs vəsaitlərinə dair öz fikir və təkliflərini irəli sürə bilər. Bütün bu təkliflər öyrəniləcək və dərsliklər təkmilləşdirilərək yenidən nəşr edilərkən nəzərə alınacaq.
Bir çoxları hesab edir ki, onilliklər ərzində istifadə olunacaq mükəmməl dərslik yaratmaq lazımdır. Bu, yanlış fikirdir. Elmdə, cəmiyyətdə dəyişikliklər baş verir, buna görə müəyyən zaman kəsiyində dərsliklərin məzmunu dəyişir, ora əlavə mövzular və məlumatlar daxil edilir. Dərsliklərin yaradılması və təkmilləşdirilməsi prosesi müntəzəm olaraq getməlidir. Əgər biz məktəblərdə təhsilin keyfiyyətinin artırılmasını istəyiriksə, ilk növbədə, uşaqları müasir dərsliklərlə, müəllimləri isə proqram və dərs vəsaitləri ilə təmin etməliyik.
- TQDK bu prosesdə necə iştirak edə bilər? Sizin qurum peşəkar müəlliflər komandası formalaşdıra bilərmi?
- Bizim idarə öz səlahiyyətləri çərçivəsində dərsliklərin monitorinqini aparır. Məktəb dərsliklərinin yazılması üçün müəlliflər komandasının formalaşdırılması isə Təhsil Nazirliyinin səlahiyyətinə daxildir. Dərsliklərin monitorinqi onların hazırlanması sisteminin daim təkmilləşdirilməsinə, ekspertizasına, aprobasiyasına imkan verir. Sözsüz ki, peşəkarlardan ibarət komanda toplamaq lazımdır. Lakin onları hardan tapaq? Bu və ya digər fənn üzrə peşəkarlar tapmaq heç də asan deyil. Amma başqa yolla getmək olar. Deyək ki, orta məktəblər üçün alman dili üzrə dərsliklərin hazırlanmasını Almaniyanın bu sahədə təcrübəsi olan nüfuzlu Höte İnstitutuna tapşırmaq olar. Almaniyalı müəlliflər heyətinin tərkibinə azərbaycanlı ekspert daxil etməklə müasir alman dili dərsliyi hazırlamaq olar.
Kembric Universiteti ingilis dili üzrə dərsliklər buraxır. Nə üçün biz bu və ya digər xarici dil üzrə dərsliklər hazırlamaq üçün birbaşa xarici dil mərkəzlərinə müraciət etməyək? Müasir ingilis dilinin öyrənilməsi üçün - nəzərə alsaq ki, bizim orta məktəblərdə tədris olunan ingilis dili ABŞ və İngiltərədə istifadə olunan ingilis dilinə bənzəmir - xarici mütəxəssisləri işə cəlb etməklə beynəlxalq əməkdaşlığa başlamaq məqsədəuyğundur.
Rus dili dərsliklərinin hazırlanması üçün isə heç hara müraciət etməyə ehtiyac yoxdur: ölkədə ciddi müəlliflər məktəbi mövcuddur. Əlbəttə, Azərbaycan dili, tarixi, coğrfiyası üzrə dərsliklər yerli mütəxəssislər tərəfindən hazırlanmalıdır. Ancaq bu halda da peşəkarlar axtarmaq lazımdır.
Mən məktəb dərslikləri ilə bağlı problemlərin həllini belə görürəm. Nəzərə almaq lazımdır ki, dövlət bu məqsədlərə az pul xərcləmir. Bu maliyyədən düzgün istifadə edərək maksimal nəticələr əldə etmək lazımdır.
- Şagirdlərin biliklərinin monitorinqinin aparılması TQDK-nın səlahiyyətlərinə daxildir. Bu sahədə işlər nə vəziyyətdədir?
-Ötən il bizim ekspertlər məktəblərdə beşinci sinif şagirdlərinin biliklərinin qiymətləndirilməsi üçün monitorinq imtahanı keçiriblər. Altı il əvvəl orta təhsil sistemində milli kurrikulumun tətbiqinə başlanılanda belə bir fikir səsləndirildi ki, monitorinqi on il sonra keçirərək şagirdlərin biliklərini məktəbi başa vurarkən qiymətləndirək və bu layihənin səmərəliliyini müəyyənləşdirək. Lakin eksperimentin alınıb-alınmamasına əmin olmaq üçün islahatın nəticələrini bu qədər uzun müddət gözləmək olmaz. Müəyyən mərhələlərdə prosesin gedişini diaqnostika etmək lazımdır.
-Bu yoxlamalar nə göstərdi?
Bu monitorinqin yekunları üzrə elmi-metodik hesabat hələ ki, dərc edilməyib, buna görə də bu barədə ətraflı danışa bilmərəm. Biz hər şeydən əvvəl toplanmış faktları Təhsil Nazirliyinin mütəxəsissləri ilə müzakirə etmək istəyirik.
Deyə bilərəm ki, məktəblərdə tətbiq edilən proqramlarda nöqsanlar aşkar olunub. Təhsil Nazirliyi ilə müzakirələrdən sonra biz konkret aspektlər üzrə problemlərin həll variantını təklif edəcəyik. İslahatların səmərəliliyinə nail olmaq üçün tədris prosesinin bütün mərhələlərində bütün fənlər üzrə korreksiyaedici proqramlar tətbiq etmək lazımdır.
-May ayında Azərbaycanda ali məktəblərə növbəti qəbul kampaniyası start götürəcək. Abituriyentlərə hansı ixtisasları seçməyi məsləhət görərdiniz?
- Bununla bağlı məsləhət vermək çətindir. Yaxın perspektivdə Azərbaycanda hansı ixtisaslara daha çox tələbatın olduğunu söyləyə bilərəm. Bu, mühəndislik, kimya texnologiyası, aqrar sektor üzrə ixtisaslardır. Ümumiyyətlə sənayenin istənilən sahəsində texnoloqlar çatışmır. İqtisadiyyat inkişaf edir və yüksək ixtisaslı texniki kadrlara tələbat artır.
Əgər bu problemi daha geniş nəzərdən keçirsək, XXI əsrdə insan ömrü boyu ixtisasını 3-4 dəfə dəyişməyə hazır olmalıdır. Texnologiyalar dəyişir, iqtisadiyyatın yeni sahələri meydana gəlir. Biliklərin, texnologiyaların dəyişməsi insan nəslinin dəyişməsindən daha sürətlə baş verir. Bütün ömür boyu oxumağı bacarmaq lazımdır. Bu, uşaqlara erkən yaşlardan aşılanmalı olan çox vacib keyfiyyətdir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət