Prezident İlham Əliyevin bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında imzaladığı əmr ölkəmizin dünyanın ümumi problemlərində iştirakını bir daha təsdiq edir. Məlum olduğu kimi, multikulturalizmə təhdid yeni zamanın çağırışlarından biridir və bütün beynəlxalaq ictimaiyyət bu məsələyə cavab axtarışındadır. Sivilizasiyalar və mədəniyyətlərarası dialoqların aparılması üzrə diskussiya meydanı kimi tanınan Azərbaycanın bu sahəyə töhfəsi hamıya yaxşı məlumdur. Bu fəaliyyətdə Bakıda yaradılmış Beynəlxalq Multikulturalizm Mərkəzinin üzərinə hansı vəzifə düşür, mərkəzin bu sahədə mövcud olan problemlərin həllində nə kimi faydası olacaq və bir çox digər suallara “İnterfaks-Azərbaycan” agentliyinin tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin müdiri Əliağa Məmmədli ilə müsahibəsində cavab tapa bilərsiniz
-Sizin fikrinizcə, ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının əhəmiyyəti nədir?
- Belə bir mərkəzin yaradılması həm ölkəmiz, həm də digər dövlətlər üçün çox vacibdir, çünki dünya XXI əsrdə yeni çağırışlarla üzləşib. Onlardan biri dünyanın bir çox ölkələrinin sosial-siyasi həyatında etnik amilin artmasıdır. Bu yeni təzahür dünyada XX əsrin son onilliyində kommunist sisteminin iflası, mürəkkəb polietnik dövlət quruluşlarının dağılması ilə səciyyələnən sosial-tarixi proseslərlə şərtlənib. Etnik özünüdərkin artması, etnik milliyyətçilik ideologiyasının güclənməsi nəticəsində separatçı hərəkatların yaranması bir çox ölkələrdə sabitliyi son dərəcə pozub. Buna görə də bu və ya digər dövlətdə məskunlaşmış etnik qrupların problemlərinin həlli yalnız ayrı-ayrı dövlətlərin deyil, həm də bütövlükdə dünya birliyinin qarşısında duran məsələyə çevrilir.
İkinci çağırış, ola bilsin ki, bu, elə birinci çağırışdır – multikulturalizmə təhdiddir. Yeni əsrin əlamətlərindən biri olan bu qloballaşma hadisəsi istər böyük, istərsə də kiçik xalqlara bəxş etdiyi texnoloji nailiyyətlər, dünya mədəniyyətinə açıq olma kimi müsbət məqamlarla yanaşı, bəzi alimlərin fikrincə, etnik və regional xüsusiyyətlərin itməsi təhlükəsi də daşıyır. Görünür, beynəlxalq birlik anlayıb ki, müxtəlif insan qrupları, maraqlar, etnoslar və mədəniyyətlər arasındakı qarşılıqlı münasibətlərlə bağlı olan bütün məqamlar çox aktual problemdir.
Üstəlik, Qərbdə - Almaniyada, Fransada, Böyük Britaniyada dövlətlər arasında sərhədlərin açıq olması və qloballaşma nəticəsində öz dillərində danışan, başqa dinə etiqad eləyən, davranış qaydalarına görə yerli əhalidən fərqlənən insanlar birliyi yarandı. Unutmaq olmaz ki, Avropanın aparıcı dövlətlərində əhalinin bu hissəsi ilə qarşıdurmanın sosial əsasları var idi və buna görə də çıxışlar iqtisadi xarakter daşıyırdı. Bununla belə düşünmək olmaz ki, multikulturalizm ideyasının sonu çatıb: formalaşmış bu birliklər bundan sonra da mövcud olacaq və deməli, yaranmış problemlər tez və ya gec öz həllini tapacaq. Qərbdə də başqa ölkələrdə olduğu kimi, müxtəlif mədəniyyətlərin, etnik qrupların və icmaların bir arada dinc və yanaşı yaşaması qeyri-mümkün olması ideyasının arxasında başqa səbəblər durur. Çox vaxt yaranan münaqişələrin əsasında siyasi mübarizə dayanır ki, bunun da əsas atributlarından biri düşmən obrazının yaradılmasıdır. Bunun sayəsində əhalinin diqqətini qlobal maliyyə böhranı, hakimiyyət uğrunda mübarizə, iqtisadi çətinlik və s. kimi məsələlərdən yayındırmaq mümkün olur. Məlum olduğu kimi, son illər Qərbdə insanların dini duyğularına hörmət göstərmədən müsəlmanlardan düşmən obrazı yaradılır. Bu isə çox incə mövzudur və istənilən münaqişənin yaranmasına səbəb ola bilər.
Bakıda yaradılmış Beynəlxalq Multikulturalizm Mərkəzinin bu cür problemlərin həllində nə kimi faydası ola bilər?
-Cox faydası ola bilər. Birincisi, ölkəmizdə müxtəlif millətlərin dinc və yanaşı yaşaması məsələsində çox böyük və çoxəsrlik təcrübəsi var, Azərbaycan çoxmillətli ölkə kimi öz təcrübəsi ilə dünyanı tanış edə bilər. Keçmişdə və indi ölkəmizdə yaşayan etnik qrupların əksəriyyəti etnik qurplar arasında tolerant münasibətlərin və inteqrasiya proseslərinin əsasını təşkil edən İslam dininə etiqad etsələr də, belə münasibətlər yalnız eyni dinin nümayəndələri arasında mövcud deyildi. Bizim azərbaycanlılarla xristian dininin nümayəndələri - ən qədim etnik qruplardan biri olan udinlər arasında sıx və qarşılıqlı mehriban münasibətlərlə bağlı nümunələrimiz var. Azərbaycanda müxtəlif etnoslar arasında inteqrasiya prosesləri əsrlər boyu baş verib ki, bu da bu gün cəmiyyətdə tolerant və qarşılıqlı anlaşma mühitini təmin edir.
Azərbaycanda müxtəlif etnik birliklər arasında tarixən yaranmış tolerant münasibət çoxlu sayda ölkələrin üzləşdiyi bir çox məsələləri əhəmiyyətli dərəcədə aradan qaldırır. Lakin praktiki olaraq bütün azsaylı xalqların qarşılaşdığı problemlər var. Dediyim kimi, bir çox hallarda onlar dünyada baş verən müasir proseslərlə, xüsusən qloballaşma, mədəniyyətlərin unifikasiyası ilə əlaqədardır. Bu proseslərin təzyiqi altında tarixən Azərbaycanda məskunlaşmış etnik qrupların, mədəniyyəti, dili tədricən öz funksional əhəmiyyətini itirir. Bu şərtlər altında dövlətimiz ölkədə yaşayan xalqların etnik mədəniyyətlərinin qorunması və inkişafı üçün ciddi tədbirlər görür.
Bu cür Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti həm ölkəmizdə toplanmış təcrübəmizi ümumiləşdirməyə, həm də müxtəlif ölkələrin etnoloqları tərəfindən birgə regional tədqiqatlar aparmağa, onların bu sahədə əldə etdiyi məlumatları öyrənməyə imkan verəcək.
Sirr deyil ki, Bakı XXI əsrdə bəşəriyyət qarşısında duran qlobal çağırışlara cavab tapmaq, humanitar əməkdaşlıq sahəsində ən vacib məsələlər üzrə geniş spektrli dialoqlar, fikir mübadiləsi və müzakirələr aparmaq üçün dünya miqyaslı, nüfuzlu elmi-siyasi platformaya çevrilib. Bura Mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forumlar, Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və s. aid etmək olar.
Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarından biri olaraq qatıldığım panellərdən birində “Cənub-Şərqi Avropa, Qara Dəniz və Qafqaz regionunda mədəniyyət dəhlizləri - ümumi irs, birgə öhdəliklər və davamlı inkişaf” mövzusu müzakirə olunub. Mən artıq bu barədə mətbuatda məlumat vermişəm. Bu, Balkan ölkələrində həyata keçirilən çox maraqlı layihədir.
Onun məqsədi budur ki, bir mədəniyyət dəhlizi çərçivəsində yaşayan insanlar bir-birlərini daha yaxından tanısınlar, ümumi tarixlə daha yaxından tanış olsunlar. Axı bir qayda olaraq münaqişə və ziddiyyətlər qonşu dövlətlər arasında yaranır. Bir ərazidə birgə yaşadıqlarına görə ümumi maddi və mənəvi mədəniyyətə sahib olan xalqlar çox vaxt qonşularının maddi və qeyri-mədəni mədəniyyət obyektlərinə iddia etməyə başlayırlar. Təəssüf ki, bu, bizə yaxşı məlumdur.
Yeni ideyaların mübadiləsi, belə layihələrin deyək ki, turizmdə (etnik kəndlər) istifadəsi və bir çox məqamlar müxtəlif mədəniyyətlərin, etnos və icmaların nümayəndələrinin dinc və yanaşı yaşamasının əsası kimi xalqlar arasında tolerantlığın yaranmasına, multikulturalizmin qorunub saxlanılmasına kömək edəcək. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi isə bu işin sistemli və məqsədyönlü xarakter alacağı məkana çevriləcək.
Söhbət etdi Leyla Məmmədova.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət