“İnterfaks-Azərbaycan” agentliyinin suallarına Türkiyənin tanınmış tarixçisi və siyasi xadimi, “Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi” kitabının müəllifi Mehmet Perinçek cavab verir.
- Biz çox önəmli bir hadisə - Sizin atanız Doğu Perinçeyin iddiası əsasında İsveçrədə “erməni soyqırımı”nın kriminallaşdırılmasının qanunsuz olması barədə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qəbul etdiyi qərara Ermənistan tərəfinin cəhdi ilə AİHM-də təkrar baxılması ərəfəsində söhbət edirik. Ümumilikdə ermənilərin 1915-ci ildə baş vermiş hadisələri soyqırım kimi qiymətləndirməyən şəxslərə şərti cəza verilməsinə nail olmaq cəhdlərinə Türkiyənin qarşıdurma perspektivlərini necə qiymətləndirirsiniz?
- Yanvarın 28-də Starsburqda baş tutacaq məhkəmə prosesi bu mənada böyük əhəmiyyət daşıyır. Sizin də doğru olaraq qeyd etdiyiniz kimi, AİHM “Perinçek İsveçrəyə qarşı” işi üzrə apellyasiya şikayətinə baxacaq. 2013-cü il dekabrın 17-də AİHM qərar çıxarıb ki, Perinçeyin İsveçrədə “erməni soyqrırımı”nın olmaması fikrinə görə cəzalandırılması fikir azadlığı ilə ziddiyyət təşkil edir. Bundan başqa, AİHM qərar çıxarıb ki, 1915-ci ildə baş verənləri faşist Almaniyasında yəhudilərə qarşı törədilmiş Holokost hadisəsi ilə eyniləşdirmək olmaz. Holokost hadisəsi BMT-nin soyqırım aktları haqqında 1948-ci ildə qəbul edilmiş qətnaməsinə əsasən soyqırım kimi tanınıb. Bu qərar xüsusi əhəmiyyətə malikdir, çünki beynəlxalq məhkəmə 1915-ci il hadisələrini soyqırım olaraq tanımır. AİHM-in yanvarın 28-də verdiyi qərar “erməni soyqırımı” haqqında fərziyyəni məhv edəcək. Bundan başqa, hüquqi nöqteyi-nəzərdən Avropanın aparıcı dövlətlərinin Türkiyəni parçalamaq üçün təsir aləti qalmayacaq. Xarici ölkələrdə müxtəlif ölkələrin parlamentlərinin qondarma “soyqırım”ın baş verməsi haqqında qanun və qərarları öz hüquqi qüvvəsini itirəcək.
Bundan başqa, bu qərar bir sıra digər nəticələrə də gətirib çıxaracaq. Söhbət ondan gedir ki, beynəlxalq hüquq əsasları nöqteyi-nəzərindən qondarma “erməni soyqırımı” haqqında bütün iddialar dağılacaq. Müvafiq olaraq Türkiyə üçün “Perinçek-İsveçrə” məhkəmə prosesi böyük əhəmiyyətə malikdir.
Əlbəttə, “Perinçek İsveçrəyə qarşı” prosesinin digər tərəfi də var. Avropada çoxmilyonlu müsəlman icması yaşayır. Bunlar Türkiyədən, Azərbaycandan , ərəb ölkələrindən gələn vətəndaşlardır. Bildiyiniz kimi, indi Avropada irqçiliyin güclənməsi müşahidə olunur. Biz düşünürük ki, bu yaxınlarda Parisdə baş vermiş hadisələrdən sonra irqçilik əhval-ruhiyyəsi daha da artacaq. Digər tərəfdən Avropada iqtisadi böhranın artması da bu baxımdan mənfi effektə malikdir. “Erməni soyqırımı”nın mövcudluğunu iddia edənlər isə türklər haqqında vəhşi, soyqırım törədən, başqa xalqları məhv edən xalq imici yaradaraq, erməni millətçilərinin dəyirmanına su tökürlər. Bu mənada AİHM-in bizim lehimizə çıxaracağı qərar Avropada artan millətçiliyin qarşısını ala bilər. Və bu da bizim üçün çox vacibdir.
Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmayana qədər Türkiyənin bu ölkə ilə yaxınlaşması və sərhədləri açması ehtimalı varmı?
-İki ölkə arasında münasibətlərin normallaşması ermənilərin layihəsidir. Vaşinqton bu layihəni zorla Ankaraya qəbul etdirməyə çalışır ki, Türkiyə vasitəsi ilə Ermənistanı özünə yaxınlaşdırsın. Bu məntiqə əsasən, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Ermənistanın Rusiyadan asılılığının azalması demək olacaq.
Məlumdur ki, Türkiyə hökuməti bu istiqamətdə bəzi addımlar atmağa cəhd göstərdi, hətta müvafiq protokollar da imzalandı, lakin bu sənədlər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilmədi. Türkiyədə də Azərbaycanda olduğu kimi, sərhədlərin açılması ideyasına qarşı sərt reaksiya verildi. Bundan başqa, bu protokollar Türkiyənin milli maraqlarına zidd idi ki, bu da yekun olaraq bugünkü nəticəyə gətirib çıxardı.
Əlbəttə, biz Türkiyə və Ermənistan arasında münasibətlərin yaranmasına və inkişaf etməsinə qarşı deyilik. Lakin bunun üçün bir neçə şərtə əməl etmək lazımdır. Sərhədlərin bağlanmasının əsas səbəbi odur ki, Ermənistan Azərbaycanın torpaqlarını zəbt edib. Bu günə qədər Azərbaycan ərazisinin beşdə biri Ermənistanın işğalı altındadır. Başqa sözlə, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmayana qədər sərhədlərin açılması mümkün deyil. Bununla yanaşı, Ermənistan Türkiyənin dövlət sərhədlərini və ərazi bütövlüyünü tanımır, ölkəmizə qarşı ərazi iddiaları qaldırır, onlar bizim bəzi torpaqlarımızın onlara aid olduğunu iddia edirlər. Bu azmış kimi, Ermənistan tərəfi Türkiyəni törətmədiyi “erməni soyqırımı”nda ittiham edir.
Əgər Ermənistan bütün bu məsələlər üzrə adekvat addımlar atsa, əlbəttə, Türkiyə-Ermənistan sərhədini açmaq olar.
- Məlum olduğu kimi, ermənilər özləri bizim xalqlarımıza - həmin illərdə türklərə, daha sonrakı dövrlərdə isə azərbaycanlılara qarşı soyqırım aktları törədiblər, Xocalı soyqırımını isə xüsusi qeyd etmək lazımdır. Azərbaycanda da erməni saxtakarlıqlarının ifşa edilməsi və dünya ictimaiyyətinin onların cinayətləri barədə məlumatlandırılması istiqamətində böyük iş aparılır. Azərbaycanlı tədqiqatçılar bu mövzu ilə bağlı kitablar və digər materiallar dərc edirlər, bu yaxınlarda Qafqaz Tarixi Mərkəzi tarixdə erməni saxtakarlıqlarının ifşası üzrə yeni texnologiyalardan istifadəni mümkün edən layihəyə start verib. Bu məsələ ilə bağlı Türkiyə və Azərbaycan mütəxəssislərinin birgə işini necə qiymətləndirirsiniz?
- Belə birgə işlər mütləq reallaşdırılmalıdır, çünki bu məsələ yalnız türklərin və ya azərbaycanlıların problemi deyil. Bu məsələdə dövlətlərimizin maraqları üst-üstə düşür, müvafiq olaraq tarixi araşdırmalarda vahid mövqedən çıxış etmək lazımdır. Biz Rusiya, Türkiyə, Gürcüstan və başqa ölkələrin arxivləri ilə birgə işləməli, müştərək işimizin nəticələrini dünya ictimaiyyətinə çatdırmalıyıq.
Bu tarixi tədqiqatlar erməni dili də daxil olmaqla, ingilis, alman, fransız və s. dillərdə nəşr edilməlidir.
Həm də yalnız tarix elmi üzrə deyil, siyasətdə də vahid mövqedən çıxış etməliyik. Türkiyə və Azərbaycan erməni məsələsində bütün sahələrdə eyni cəbhədə dayanmalı, fəaliyyəti əlaqələndirməlidir. Türkiyə Azərbaycandakı çoxsaylı dostlarını incitməməlidir. Əgər Türkiyə erməni məsələsində hansısa addımlar atmaq istəyirsə, bunu Azərbaycanla razılaşdırmalıdır və yekun qərar birlikdə verilməlidir. Azərbaycan da eynilə hərəkət etməlidir. Bu istiqamətdəki bütün səylər - istər tarix, istər siyasət, istərsə də hüquqi müstəvidə olsun, birgə olmalıdır.
Bu məqamda mən bir daha “Perinçek İsveçrəyə qarşı” prosesinin vacibliyini xatırlatmaq istərdim. Azərbaycan və Azərbaycan ictimaiyyəti bunu sırf Türkiyənin və ya Perinçeyin məsələsi kimi deyil, milli məsələ kimi qəbul etməlidir. Axı bu, həm də Azərbaycanın mübarizəsidir.
F.Hüseynzadə
İstanbul
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət