Tatarıstan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov və bu ölkənin baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Azərbaycana baş tutan səfərlə bağlı təəssüratlarını və iki respublika arasında əməkdaşlığın perspektivlərinə dair fikirlərini “İnterfaks-Azərbaycan” agentliyi ilə bölüşüblər.
- Rüstəm Nurqaliyeviç, Azərbaycana səfərinizin yekunlarını necə qiymətləndirirsiniz, baxmayaraq ki, Bakıdan sonra Gəncəyə də səfəriniz gözlənilir?
- Əsas nəticələr artıq var. Bütün istiqamətlər üzrə çox sıx çalışmışıq. Həm prezident, həm baş nazir, həm biznes dairələr, həm də yerli tatarlarla görüşmüşük. Deyə bilərəm ki, Azərbaycanda bütün qapılar açıqdır, mehriban münasibət var. Azərbaycana səfərimizdən çox razıyıq.
Bu gün Azərbaycanın şəhərlərindən birində (Gəncədə - İF-Az) “KamAZ” avtomobillərinin istehsalının əsası qoyulur. Hesab edirəm ki, bu cür layihələrin sayı çox olmalıdır.
- Siz qeyd etdiniz ki, tatar icmasının qonağı olmusunuz. Azərbaycanda tatar icması və Tatarıstandakı Azərbaycan icmasının fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Onlar oxşardır. Azərbaycanda tatarlar üçün hər cür şərait yaradılıb. Onlar yaxşı vəzifələrdə çalışırlar, işləyirlər, bayramlarını, məsələn, Sabantuy bayramını qeyd edirlər, dili öyrənirlər. Onlara Azərbaycanda çox rahatdır, hər şeydən razıdırlar.
Biz bütün xalq və millətlərin sülh və dostluq şəraitində yaşamalarını çox mühüm hesab edirik. Bunun üçün bütün imkanlar mövcuddur.
- Azərbaycan və Tatarıstan arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?
- Bu, geniş istiqamətdir, yalnız maşınqayırma sahəsi ilə məhdudlaşmır. Biz tibb, yüksək texnologiyalar, təhsil proqramları barədə də danışırıq. Bu cür istiqamətlərin sayı çoxdur. Yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov iqtisadi əməkdaşlıq mövzusunda ətraflı danışıb.
- Ravil Xammatoviç, azərbaycanlı həmkarlarla keçirilən görüşlərin yekunlarına dair nə deyə bilərsiniz?
- Prezident Rüstəm Minnixanovun rəhbərliyi altında səfərimiz Azərbaycan Respublikası ilə sistemli fəaliyyətdir. Azərbaycanda olduğumuz iki gün ərzində biz həmkarlarımızla maksimum sayda görüşlər keçirə bildik: Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Neft Şirkətində (SOCAR) görüşlərimiz oldu. İqtisadiyyat və Sənaye Nazirliyində iş adamları ilə çox maraqlı görüş keçirildi. Görüşdə Bakı və Kazan arasında əməkdaşlıq istiqamətlərini ətraflı müzakirə etdik.
Bu gün həm Azərbaycan, həm də Tatarıstan tərəfindən qarşılıqlı səmərəli konkret layihələr səsləndi. Tərəflərin səsləndirdikləri təkliflər çox mühüm əhəmiyyət kəsb edir. Yəni həm Azərbaycan, həm də Tatarıstan bazarında çox böyük tələbatın olduğu istiqamətlər müzakirə olundu.
İkincisi, rəqabət əsasında kifayət qədər ciddi perspektivə malik olan bazarın investisiya istiqamətləridir. Deməliyəm ki, biz türk həmkarlarımızla da əməkdaşlığa başlamışıq. Türkiyə firmaları artıq Tatarıstana $1,5 mlrd.-dan artıq sərmayə yatırıblar.
Hazırda biz Azərbaycana sərmayə qoyuluşları ilə bağlı mümkün variantları nəzərdən keçiririk.
Biz Sumqayıt Texnologiya Parkının və digər meydançaların necə inkişaf etməsinin şahidi olduq. Azərbaycandan olan investorlar üçün də bu cür meydançalar təqdim etməyə hazırıq. Misal üçün, biz İnnopolis adlı şəhər inşa edirik. Bu, xüsusi iqtisadi zonadır. “Ximqrad” texnoparkı da var. Bundan başqa, informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq imkanları mövcuddur.
Bu səbəbdən razılığa gəldik ki, cari ilin sentyabr ayında Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin rəhbərliyi altında nümayəndə heyəti Tatarıstana səfər edəcək. Səfər zamanı biz nəzərdə tutulan əməkdaşlığın reallaşdırılmasını davam etdirəcəyik.
- Bakıda keçirilən biznes forumda siz protokola daxil edilən bir neçə əməkdaşlıq istiqamətini səsləndirdiniz. Söhbətin hansı protokoldan getdiyini və tərəflərin konkret olaraq hansı istiqamətlərdə əməkdaşlıq etmək niyyətində olduğunu deyə bilərsinizmi?
- İlk növbədə kimya və neft-kimya, bizdə və sizdə istifadə edilən neft hasilatının artırılması üçün texnologiyalar sahəsində əməkdaşlıq nəzərdə tutulur. Söhbət katalizatorlardan gedir.
İkinci istiqamət maşınqayırma sahəsini əhatə edir. Bu gün Gəncə şəhərində “KamAZ” şassisi bazasında xüsusi texnikanın yığım xəttinin açılışı olacaq.
Bir sıra istiqamətlər helikopter mövzusu ilə bağlıdır. Bunlar “Ansat” mülki və yüngül çoxməqsədli helikopterləridir.
Bundan başqa, neft-kimya avadanlığının birgə istehsalı, İKT, turizm, tələbə və alim mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətimiz var.
Bütün bu istiqamətlər Azərbaycan prezidenti İlham Əliyev və bizim tərəfimizdən təsdiq olunub. Bunlar Azərbaycan və Tatarıstan arasında real tələb olunan əməkdaşlıq istiqamətləridir.
- Bakıya səfəriniz zamanı hansısa sənədlər imzalanıbmı?
- Bu gün SOCAR və Tatarıstanın Sənaye və Ticarət Nazirliyi arasında konkret protokol imzalanıb. Biz bu sənədi cari il ərzində reallaşdıracağıq.
Söhbət etdi Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət