Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə operator) “Mərkəzi Şərqi Azəri” layihəsi çərçivəsində sualtı obyektlərin layihələndirilməsi və tikintisi haqqında təxminən $236 mln. dəyərində müqavilələr imzalayıb.
“ABƏŞ sualtı konstruksiyaların, qovşaqların, boru kəmərlərinin layihələndirilməsi və tikintisi, dayaq bloku bərkidici payalarının, dayaq bloku, üst modulların daşınması və quraşdırılması ilə əlaqədar ümumi dəyəri təxminən $236 mln. olan 4 müqavilə imzalayıb”, - deyə məlumatda bildirilir.
Sualtı konstruksiyaların və qovşaqların layihələndirilməsi, tədarükü və tikintisi ilə əlaqədar müqavilə “Subsea 7 (Deep Sea) Ltd”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri təxminən $36 mln. təşkil edir. Həmin müqavilə üzrə iş həcmi sualtı infrastruktura qoşulmaq üçün lazım olan sualtı konstruksiyalar və qovşaqlar ilə əlaqədar müfəssəl layihələndirilmə, istehsal sexləri və quraşdırma işlərinin layihələndirilməsi, istehsal və quraşdırma işlərindən ibarətdir. Bütün tikinti və quraşdırma işləri isə yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Layihələndirmə işləri artıq başlayıb və quraşdırma işlərinin 2022-ci ildə başa çatdırılacağı gözlənilir.
Dayaq bloku, üst modulların daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 3-cü kampaniya ilə əlaqədar müqavilə “Subsea 7 (Deep Sea) Ltd”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb.
Müqavilənin dəyəri $112 mln.-dur. Daşıma və quraşdırma ilə əlaqədar mühəndislik təminatı “Subsea 7” şirkətinin Parisdəki ofislərindən həyata keçiriləcək. Bu müqavilə üzrə bütün tikinti, quraşdırma və dəniz əməliyyatlarına dəstək xidmətləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yerinə yetiriləcək.
Bundan başqa, sualtı boru kəmərlərinin layihələndirilməsi, tədarükü, tikintisi və quraşdırılması ilə əlaqədar müqavilə “Saipem Contracting Netherlands B.V.”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Sözügedən müqavilə üzrə iş həcmi neft və lay suyu, qaz ixracı və suvurma kəmərlərinin müfəssəl layihələndirilməsi, quraşdırma işlərinin mühəndislik təminatı, istehsalı, quraşdırılması və istismara təhvil verilməyə hazırlanmasından ibarətdir. Müqavilənin dəyəri $51 mln.-a yaxındır. Müfəssəl layihələndirmə və quraşdırma işlərinin mühəndislik təminatı “Saipem” şirkətinin London və Riyeka şəhərlərindəki ofislərindən həyata keçiriləcək.
“Tikinti və istehsal işləri yerli resurslardan, o cümlədən yerli işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yerinə yetiriləcək, quraşdırma işləri isə “İsrafil Hüseynov” borudüzən barjı ilə aparılacaq. Layihələndirmə işləri artıq başlayıb və quraşdırma işlərinin 2021-ci ildə başa çatdırılacağı nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Eyni zamanda, dayaq bloku bərkidici payalarının daşınması və quraşdırılması, həmçinin sualtı konstruksiyalar və qovşaqlar üzrə 1-ci və 2-ci kampaniya ilə əlaqədar müqavilə “Saipem Contracting Netherlands B.V.”, “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Bu müqavilənin dəyəri $37 mln.-dur. İş həcmi dayaq bloku bərkidici payalarının, həmçinin sualtı konstruksiyalar və qovşaqların ilkin partiyasının istehsal sahəsindən daşınması və “ACE”, “Şərqi Azəri” və “Mərkəzi Azəri” platformalarının yerləşdiyi zonalarda quraşdırılmasından ibarətdir. Quraşdırma işləri 2020-ci ilə planlaşdırılıb.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Mərkəzi Şərqi Azəri” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 mlrd. təşkil edir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 mlrd. məbləğində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət