“AzerGold” QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” (DDF) MMC 2022-ci ildə dəmir filizi istehsalı zəncirinin yaradılması ilə bağlı işlərə təqribən $26 milyon məbləğində vəsait yönəldib.
“Ötən il böyük investisiya tələb edən və kifayət qədər mürəkkəb olan istehsal zəncirinin yaradılması ilə bağlı görülən işlərə 44 milyon 64 min manat vəsait (cari məzənnə ilə $25,92 milyon) sərf edilib. Layihənin dəyəri ƏDV daxil 1.5 milyard manat ($882 milyon - İF) təşkil edir. Dövlət büdcəsinə əlavə yük olmamaq üçün xarici investorun cəlb edilməsi, o cümlədən müxtəlif maliyyə alətlərindən istifadə imkanlarının araşdırılması istiqamətində fəaliyyət davam etdirilir”, - deyə “AzerGold”dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
İstehsal zəncirinə 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet və 95% dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI - Direct Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı daxildir.
“Ötən il dəmir filizi konsentratının istehsalı üçün dəmir filizi mədənlərinin yaxınlığında – Daşkəsən rayonunda inşa edilməsi nəzərdə tutulan zənginləşdirmə zavodunun inşası layihəsi ilə bağlı yerli mühəndislik və məsləhətçi şirkət olan "ENCOTEC" QSC tərəfindən ilkin layihələndirmə işləri aparılıb. Zavod ərazisində yeni tikiləcək əsas və köməkçi binaların tikintisi, yararsız binaların sökülməsi üçün layihələndirmə işləri davam etdirilib. Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su, elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb. Zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, yardımçı binalar və yardımçı infrastruktur (su, elektrik və s.) üzrə təfərrüatlı layihələndirmə işlərinə başlanılıb, istehsalat və inzibati ərazi üzrə baş plan hazırlanıb. Zavod ərazisində bərpa və yenidənqurma işləri aparılıb.
Gələcəkdə istehsal olunacaq pellet və DRI/HBI məhsulunun həm ölkə ərazisində, həm də ixrac məqsədilə daşınması üçün Gəncə şəhərinin əlverişli coğrafi mövqeyi nəzərə alınaraq, sözügedən məhsullarının istehsalı müəssisələrinin adıçəkilən şəhərin inzibati ərazisində qurulması planlaşdırılıb. Pellet və DRI/HBI zavodlarının tikintisi nəzərdə tutulan ərazinin ayrılması üçün müvafiq dövlət orqanları ilə fəaliyyət davam etdirilir. Qurulması nəzərdə tutulan zavodların əhəmiyyətli miqdarda elektrik enerji mənbəyinə tələbatının formalaşacağı nəzərə alınaraq, alternativ enerji resurslarından istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə danışıqlar aparılır”, - deyə “AzerGold”dan bildirilib.
Pellet istehsalı zavodu üzrə podratçı qismində cəlb edilmiş Almaniyanın "NewFer" şirkəti tərəfindən start verilmiş ilkin layihələndirmə işləri hazırda davam etdirilir. Ötən müddət ərzində konsentrat və pelletüçün metallurji sınaqlar da həyata keçirilib.
İstehsal zəncirinin son halqası olaraq Gəncə şəhərinin inzibati ərazisində qurulması nəzərdə tutulan ikinci müəssisə - DRI/HBI məhsullarının istehsalı zavodunun inşası layihəsi ilə əlaqədar ötən il Avstriyanın nüfuzlu “Horst Wiesinger Consulting” şirkətinin iştirakı ilə texnologiya seçimi üzrə əməliyyat və kommersiya təhlilləri aparılıb. Potensial texnologiyalar arasında ən çox bazar payına malik olan İtaliya, ABŞ, Yaponiya şirkətlərinə məxsus istehsal texnologiyaları araşdırılıb.
“Daşkəsən” dəmir filizi sahəsindən konsentrat ötən illərdə kanat xətti ilə rayonun Quşçu qəsəbəsində yerləşən yükləmə məntəqəsinə nəql edilir, oradan isə dəmir yolu vasitəsi ilə yükdaşıma təmin edilirdi. Uzun müddət istismarda olmuş sözügedən aktivlərin hazırda yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, yeni infrastrukturun qurulması üçün alternativ və daha səmərəli həll yolları dəyərləndirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla aparılmış araşdırmalar nəticəsində Daşkəsən rayonundan Gəncə şəhərinin inzibati ərazisində yerləşəcək pellet zavoduna daşınmasını təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə tətbiq edilməsi planlaşdırılan şlam boru kəməri ilə nəqletmə prosesinin texniki və maliyyə baxımından daha səmərəli olduğu müəyyən edilib. Bu istiqamətdə qlobal “Paterson&Cooke” şirkətinin Böyük Britaniya ofisi tərəfindən İlkin Layihələndirmə və Əsas Layihələndirmə işləri aparılıb. Layihələndirmə işləri çərçivəsində boru xəttinin marşrutu, konstruktiv və mexaniki tələbləri müəyyənləşdirilib, həmçinin sınaq işləri icra edilib. Hazırda təfərrüatlı layihələndirmə işləri sürətlə davam etdirilir.
Layihəyə əsasən, 45 km uzunluğa malik boru xəttinin inşası ilə Daşkəsəndə istehsal edilmiş dəmir konsentratı su ilə qarışdırılaraq şlam halında Gəncə şəhəri istiqamətində nəql ediləcək. Şlam boru xəttinin sonunda qurulacaq susuzlaşdırma stansiyasında konsentrat və su ayrılacaq, ayrılmış konsentrat pellet, texniki su isə pellet və DRI/HBI istehsalı prosesində istifadə olunacaq.
Xəbər verildiyi kimi, “Daşkəsən Dəmir Filiz” MMC "Daşkəsən" dəmir filizi sahəsindən hasil edilən dəmir filizi konsentratının istehsalı üçün infrastrukturun yaradılmasını 2025-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır.
“AzerGold”un qiymətləndirmələrinə görə, dəmir filizi yataqlarının istismara verilməsi ölkənin metallurgiya sənayesinin idxaldan asılılığını azaltmağa, 2035-ci ilədək ÜDM-yə təqribən $3,97 milyard (6 milyard manata yaxın) töhfə verməyə və dövlət büdcəsinə $290 milyon məbləğində (təqribən 493 milyon manat) vergi daxilolmalarını təmin etməyə imkan verəcək.
Prezident İlham Əliyev 2020-ci il avqust ayının 6-da “Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“Daşkəsən Dəmir Filiz” MMC 2020-ci il dekabrın 14-də “AzerGold” QSC tərəfindən təsis olunub. DDF-in nizamnamə kapitalı 183,9 milyon manatdır.
“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton (ümumi ehtiyatların həcmi 350 milyon tondur) təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.
“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-Şərq”, “Şimal-Qərb”, “Cənub-Şərq”, “Cənub-Qərb”, “Dəmirov”, “Dardərə”.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət