Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub göndərib.
İcmadan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, müraciətdə deyilir: “Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərindən narahat olaraq və Azərbaycan ictimaiyyətinin UNESCO-ya əvvəlki müraciətlərini təkrarlayaraq, Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyinizi bir daha xahiş edirik”.
İcma qeyd edir ki, azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar: “Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqları kütləvi miqyasda dağıdılıb. Ermənistan hökuməti azərbaycanlı maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib. Ermənistandakı azərbaycanlı mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin monoetnik və təkmədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olmuşdur və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilmişdir”.
“Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Üstəlik, məscidi bir etnik qrupa aid olaraq təqdim etməklə ibadət yerlərini etnik mənsubiyyətə görə bölməyən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanları birləşdirən dinimizə qarşı hörmətsizlikdir”, - deyə müraciətdə qeyd olunur.
Vurğulanır ki, Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir.
“Ermənistan tərəfindən azərbaycanlı mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Bu hüququn pozulması sabitliyə, ictimai birliyə və mədəni kimliyə təhlükə yaradır və regional təhlükəsizliyi ağırlaşdıran amil olaraq dialoq, sülh və barışığa ciddi maneə törədir. Biz Ermənistandan qovulmuş azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınan hüquq və əsas azadlıqlara uyğun olaraq sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaları, qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırıq. Bu, digər məsələlərlə yanaşı, Ermənistandan oradakı azərbaycanlı mədəni irsinin və mülkiyyətinin bərpası, mühafizəsi və saxlanması ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir”, - deyə sənəddə vurğulanır.
Qərbi Azərbaycan İcması, həmçinin qeyd edir ki, mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir: “Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında UNESCO-nun dəstəyini xahiş edirik. Bu ölkədəki azərbaycanlı mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı. Təşkilatımız Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır”.
Müraciətin surəti BMT-nin İnsan Hüquqları Şurasının sədri Vatslav Balekə və BMT-nin mədəni hüquqlar sahəsində xüsusi məruzəçisi xanım Aleksandra Xantakiyə göndərilib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət