BP şirkəti Azərbaycan hökuməti ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun (AÇG) 2049-cu ilə qədər səmərəli idarə edilməsi ilə bağlı məsələləri müzakirə edir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“2024-cü ildə biz AÇG blokunun 30 illiyini qeyd edəcəyik və artıq bir neçə ildir ki, blokda neft hasilatının azaldığını müşahidə edirik. Bununla əlaqədar həm SOCAR, həm də Azərbaycanın dövlət qurumları ilə mütəmadi olaraq iş aparılır. Hazırda əsas müzakirə mövzusu 2049-cu ilə qədər yataqların (AÇG – İF) maksimum səmərəli idarə edilməsinə nail olunması ilə bağlıdır”, - deyə B.Aslanbəyli ARB telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, SOCAR-la həm rəhbərlik, həm də işçi qruplar səviyyəsində quyuların və rezervuarların bərpasına dair müzakirələr aparılır.
“Biz SOCAR-la neft hasilatının azalması problemi, həm operator kimi BP-nin, həm də Dövlət Neft Şirkətinin texniki imkanları hesabına rezervuarların istismar müddətinin uzadılması və hasilatın səmərəliliyinin maksimum artırılması ilə bağlı müzakirələr aparırıq”, - deyə vitse-prezident qeyd edib.
O xatırladıb ki, 2023-cü ilin 9 ayının yekunları üzrə AÇG blokunda gündəlik neft hasilatı 368 min barel (2022-ci ilin yanvar-sentyabr aylarında 418 min barel – İF) təşkil edib.
“2023-cü ilin yekunlarına gəlincə, AÇG layihəsi üzrə neft hasilatı göstəricilərində müəyyən geriləmə var, bu isə gəlirlərə (neft satışından – İF) təsir göstərir. Gəlirlərin azalması neft qiymətləri ilə qismən əlaqədardır. Bu, əsasən neft hasilatının azalması ilə bağlıdır. Nəticədə bütün bunlar həm dövlət, həm də sərmayədarlar üçün müəyyən göstəricilərdə əks olunur”, - deyə B.Aslanbəyli vurğulayıb.
O xatırladıb ki, hazırda 2024-cü ildə AÇG blokunda yeni “Azəri-Mərkəzi-Şərqi” hasilat platformasının istismara verilməsi istiqamətində işlər davam etdirilir ki, bu da blokda ümumi neft hasilatı göstəricilərinə müsbət təsir göstərəcək.
Vitse-prezident vurğulayıb ki, “Azəri-Mərkəzi-Şərqi” platforması neft-qaz sənayesində ən son texnoloji standartlara uyğun inşa edilmiş, zəruri hallarda məsafədən tənzimlənə bilən müasir platformadır.
“Platforma artıq dənizdə quraşdırılıb və onunla bağlı böyük gözləntilərimiz var, dekabr ayında ilk hasilat quyusunun qazılmasına başlanılıb və artıq gələn ilin əvvəlində platformadan ilk nefti gözləyirik. Hesab edirəm ki, bu platforma qarşıdakı illərdə AÇG-də neft hasilatının sabitləşməsinə töhfə verəcək”, - deyə B.Aslanbəyli qeyd edib.
2023-cü ilin yanvar-sentyabr aylarında AÇG blokundan 100 milyon barelə yaxın neft (14 milyon ton) hasil edilib, 2022-ci ilin 9 ayı ilə müqayisədə azalma 12,3% təşkil edib.
2022-ci ildə AÇG blokundan təxminən 152 milyon barel neft (20 milyon ton) hasil edilib, azalma 9% olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət