Soçidə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin yekunları üzrə qəbul edilən bəyanat göstərdi ki, uduzan yenə də Ermənistanın baş naziri Nikol Paşinyan oldu.
Sammitdən bir neçə gün əvvəl Paşinyan qızğın informasiya fəaliyyətini daha da gücləndirərək Soçidə Azərbaycanla münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin mandatının az qala 20 il müddətinə uzadılmasına dair müxtəlif sənədləri imzalamağa hazır olduğunu bəyan etmişdi. Nikolun xisləti budur, əsaslandırılmamış piarı sevir, çox və heç nədən danışmaq, sonra isə axmaq vəziyyətə düşmək – bütün bunlar erməni baş nazirinə xas xüsusiyyətlərdir. Görünür, son bir neçə ildə onda üçtərəfli və dördtərəfli sammitlərdə hər dəfə bu vəziyyətə düşmək istəyi formalaşıb. Bu, Paşinyanın haqqıdır və bir halda ki, onun belə arzu və istəkləri var, Azərbaycan bu arzulara çatmaqda ona həmişə kömək edə bilər.
İndi isə sammitin özü haqqında. Soçidə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlarda inqilabi irəliləyişin əldə olunacağına inananlar az idi. Digər tərəfdən, yekun bəyanatda Bakını qane etməyən və onun İrəvanla münasibətlərin normallaşdırılması siyasətinə, ən əsası isə bu normallaşmanın əsaslanmalı olduğu prinsiplərə zidd olan məqamların olacağı riski var idi. Soçidə Azərbaycan və Rusiya prezidentləri arasında danışıqlar 2 saat 20 dəqiqə davam etdi və bu, müzakirə olunan məsələlərin spektrinin nə qədər geniş olduğunu göstərir (müqayisə üçün Putin və Paşinyanın görüşü bir saatdan bir qədər çox davam edib). Daha sonra üçtərəfli görüşdə Putin tərəflərin yekun bəyanatı razılaşdırdıqlarını, lakin onun ciddi şəkildə qısaldıldığını etiraf edib. Faktiki olaraq bəyanatın yekun mətnində yer almayan bəndlər məhz Bakının təkidi ilə çıxarılıb. Bunun nəticəsi olaraq bəyanatda Qarabağın adı heç bir formada çəkilmir, guya Azərbaycanın Ermənistanla sərhəddə törətdiyi “təcavüz” və Paşinyanın arzuladığı bir çox başqa məsələlər haqqında bir kəlmə də yoxdur. Bununla da üç tərəfin münasibətlərin normallaşması ilə bağlı istəklərini əks etdirən bəyanatı Brüssel görüşlərində əldə edilmiş razılaşmaların davamı hesab etmək olar.
Daha bir vacib məqam bundan ibarətdir ki, Əliyev sammitdə müzakirə oluna biləcək mövzularla bağlı qırmızı xətti qabaqcadan müəyyən etmişdi. Putinlə ikitərəfli görüşdə Azərbaycan lideri bəyan edib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl Rusiya prezidentinin vasitəçiliyi ilə həll edilib və belə olan halda Qarabağ mövzusunu müzakirə etməyə lüzum yoxdur. Əgər müzakirə olunursa, bu, Paşinyanın niyə öz “şirlərini” indiyədək oradan çıxarmadığı kontekstində olmalıdır. Yerdə qalan məsələlərin Nikola dəxli yoxdur, bu, Azərbaycanın daxili işidir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması isə elə Soçi sammiti üçün uyğun mövzudur, bir halda ki, üçlük toplanıb, deməli, Moskvanın bu istiqamətdə nə edə biləcəyindən danışmaq lazımdır. Nəticə etibarilə yekun bəyanatın böyük hissəsi məhz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sərhədin delimitasiyası məsələlərindən ibarət olub.
Şübhəsiz ki, sammitin nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident Əliyevin uğurudur. Hətta çətiraltı fotolar da çox şey deyir…
Əliyev sammitdə Paşinyana növbəti dəfə ustad dərsi keçdi. Azərbaycan Prezidenti sammitə qədər səssizliyini qoruyub saxladı, bəyanatlara vaxt itirmədi, Rusiya tərəfi ilə sakit və metodik surətdə iş apardı. Diplomatiya sükutu sevir ... Bu diplomatik işin nə ilə nəticələndiyi yekun bəyanatdan açıq görünür. Əminəm ki, Əliyev çox tezliklə Soçi sammitinin bəzi görünməyən tərəflərini açıqlayacaq.
Paşinyana gəldikdə isə onu növbəti dəfə informasiya cəzası gözləyir - Ermənistan mətbuatı, müxalifəti və politoloqları onu uğursuz və boşboğaz adlandıracaqlar.
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlılarına gəlincə, sammitdən əvvəl Paşinyan, yuxarıda qeyd edildiyi kimi, Soçidə sülhməramlıların mandatının uzun müddətə uzadılması haqqında sənədi imzalamağa hazır olduğunu və Rusiya tərəfinin reaksiyasını gözlədiyini bəyan edib. Ancaq o, bir mühüm məqamı unudub – Qarabağ Azərbaycan ərazisidir və sülhməramlı kontingentin orada olub-olmaması Bakıdan asılıdır və heç kim bununla bağlı Paşinyanın fikrini soruşmur və soruşmayacaq. Daha sonra Rusiya prezidenti sammitin yekunlarına dair mətbuat konfransında bildirib ki, sülhməramlıların mandatının uzadılması üçün birgə razılıq olmalıdır, lakin bu, digər məsələlərdən, “sülh müqaviləsinin bağlanması mümkünlüyü və sərhədin delimitasiyası məsələsindən” asılı olacaq. “Əgər bu məsələlər həll olunsa, o zaman sülhməramlı məsələsi başqa cür qoyulacaq. Əgər həll olunmasa və ya hansısa həcmdə həll olunsa, o zaman bundan bizim sülhməramlıların taleyi asılı olacaq”, - deyə Putin bildirib. Yəni sülhməramlıların mandatının uzadılması ilə bağlı erməni tələsinə Paşinyanın özü düşdü.
İndi üfüqdə yeni Brüssel sammiti var, Bakı və İrəvan arasında sülh müqaviləsinin 2022-ci ilin sonuna qədər imzalanmasının nə dərəcədə mümkün olduğu bundan sonra məlum olacaq…
A.Əzizov
Azərbaycan və Fələstin XİN başçıları ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunur
Yanvarda Türkiyə qiymətlərin kəskin ucuzlaşması fonunda LNG idxalı rekordunu yeniləyib
AMB: Yanvar-fevral aylarında Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2% artıb
Azərbaycanda COVID-19-dan 4 nəfər vəfat edib
Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
2022-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu $69 milyonu ötüb
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
İrəvan Bakıya Laçın yolunun başlanğıcında sərhəd qoşunlarını yerləşdirməyi təklif edib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək