“İnterfaks-Azərbaycan” agentliyinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə müsahibəsi.
-Bu ilin sonunda Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün ikiillik dövrü başa çatır. Bu təşkilata üzvlük Azərbaycana nə verdi, Bakının BMT TŞ-nin üzvü qismində müasir dünyanın ən aktual məsələləri və problemlərinin həllinə dair qərarlar verilməsi prosesində iştirakının nəticələri necədir?
- Ondan başlamaq lazımdır ki, Azərbaycanın BMT TŞ-nin üzvlüyünə qəbul olunmasının əsasında dövlətimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı, o cümlədən 2011-ci ilin mayında Qoşulmama Hərəkatına daxil olması dayanır. Bakı artıq uzun illərdir ki, beynəlxalq səviyyəli müxtəlif humanitar təşəbbüslərdə fəal iştirak edir. Azərbaycan dünyanın bir çox ölkələri ilə qarşılıqlı münasibətləri kifayət qədər möhkəmləndirərək ikitərəfli diplomatik əlaqələrin coğrafiyasını genişləndirib. Bizim Latın Amerikası və Afrika ölkələrində yeni dostlarımız yaranıb.
Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli münasibətlərin fəal məqsədyönlü inkişafı, dünya səviyyəsində bir çox danışıqlarda, eləcə də müxtəlif qlobal təşəbbüslərdə, beynəlxalq formatlarda, forumlarda, təşkilatlarda iştirakı - bütün bunlar dünya birliyində Azərbaycana qarşı ciddi münasibət yaratdı və Bakının BMT TŞ-yə üzv olmasının əsasını qoydu.
Nəticədə güclü oyunçu kimi qəbul edilən Azərbaycana müasir dünyanın qlobal miqyaslı aktual məsələlərinin müzakirəsinə və qərarların verilməsinə qatılmağa icazə verildi.
BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçkilər zamanı bizim rəqiblərimiz Sloveniya və Macarıstan kimi güclü dövlətlər idi. Onların namizədliyi Avropa İttifaqına üzv dövlətlər tərəfindən fəal dəstəklənirdi və açıq şəkildə onların maraqlarına lobbiçilik edilirdi. Avropa İttifaqının inkişaf etmiş üzv dövlətləri öz keçmiş müstəmləkələrini Sloveniya və Macarıstanın namizədliyini dəstəkləməyə çağırırdılar. Səsvermə prosesində mümkün 193 səsdən 155–ni toplamış Azərbaycanın uğuru maraqlı və əhəmiyyətli oldu. Bakının qələbəsi çox maraqlı idi, biz bu gün beynəlxalq münasibətlərdə mövcud olan çoxcəhətlilik sistemini öz xeyrimizə istifadə etdik.
Ölkəmizin bu ilin noyabr və dekabr aylarında da davam edəcək BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyətinin qiymətləndirilməsinə gəlincə, Bakı beynəlxalq arenada nüfuzunu son dərəcə artırıb. Bu gün Azərbaycana tamamilə başqa yeni prizmadan baxırlar. Bizi əhəmiyyətli regional və qlobal təşəbbüslərin həyata keçirilməsində müəyyən rol oynaya bilən, müəyyən problemlərin həllində güvənilən ciddi tərəfdaş hesab edirlər.
Bu gün Azərbaycan dünyada geniş beynəlxalq miqyasa malik və sürətlə inkişaf edən dövlət kimi qəbul edilir. Bu, ölkəmizin xarici siyasət kursuna uyğun gəlir.
Bu gün Azərbaycan yalnız öz neft və qazı ilə deyil, həm də qeyri-enerji və infrastruktur layihələri ilə tanınır. Son iki il göstərdi ki, Azərbaycan BMT TŞ-nin maraqlı təşəbbüslər irəli sürən layiqli üzvüdür. Bakı Azərbaycanı etibarlı tərəfdaş hesab edən çoxlu dostlar qazanıb və dövlətimizə dost olan ölkələrin sayı bundan sonra da artmaqda davam edəcək. Bu gün bizi dünyanın müxtəlif nöqtələrində təşkil olunan və birbaşa regionumuzla bağlı olmayan beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edirlər.
Bu gün Azərbaycana həm də sürətlə və uğurla inkişaf edən dövlət modeli kimi baxılır. Dünyanın siyasi xəritəsində çoxlu ölkələr var ki, onlar bizdən çox öncə müstəqillik əldə ediblər, lakin Azərbaycanın qısa vaxt ərzində əldə etdiyi tərəqqiyə nail ola bilməyiblər. Bu gün Azərbaycanın xarici siyasətinin gündəliyi çox dolğun, məzmunlu və məqsədyönlüdür.
-Bu ilin oktyabr ayında, yəni bu günlərdə Azərbaycan BMT TŞ-də sədrlik edir. Bakının BMT TŞ-də ilk sədrliyi 2012-ci ilin may ayında olub. Hər iki dövrdə Azərbaycan hansı qlobal məsələlərə diqqət çəkib?
- Bakının üzərinə çox böyük məsuliyyət düşürdü və BMT TŞ-də Azərbaycanın ilk sədrliyi zamanı biz beynəlxalq birliyə sədr statusumuza peşəkar, ciddi və çox məsuliyyətlə yanaşmamızı nümayiş etdirmək istədik. Prezident İlham Əliyev 2012-ci ilin may ayında BMT TŞ-də çıxış edərək bəyan etdi ki, Azərbaycan bu təşkilatda ədaləti müdafiə edəcək.
Beynəlxalq təşkilatların terrorçuluqla mübarizəsi və bu sahədə əməkdaşlığına həsr edilmiş tədbirdə dövlət başçısı vurğuladı ki, Azərbaycan bu gün beynəlxalq birliyin vacib üzvüdür və müxtəlif ölkələrin, beynəlxalq təşkilatların terrorçuluğa qarşı mübarizədə əməkdaşlığının inkişaf etməsi və möhkəmlənməsində doğrudan da maraqlıdır. Azərbaycan BMT TŞ-nin sədri qismində terrorizmə qarşı mübarizənin müzakirəsi üçün yüksək səviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu cür təşəbbüs və tədbirlər müxtəlif dövlət və təşkilatların ümumbəşəri bəlaya qarşı mübarizədə mövqelərinin yaxınlaşmasına kömək edir.
Bu gün də davam edən ikinci sədrlik zamanı isə biz BMT TŞ və İslam Əməkdaşlıq Təşkilatı üzvləri arasında əlaqələrin möhkəmlənməsinə həsr olunmuş yüksək səviyyəli görüşün təşkil edilməsi təşəbbüsü ilə çıxış etdik. Yeri gəlmişkən, bu görüş oktyabrın 28-də Nyu-Yorkda keçirilməlidir.
Azərbaycanın BMT TŞ-də birinci və ikinci sədrliyi zamanı bu iki vacib təşəbbüsdən əlavə, çox aktual mövzular üzrə: “Keçmiş münaqişə məkanında uşaqlar” və “Qadınlar, sülh və təhlükəszilk” mövzularında debatlar keçirilib. Azərbaycan ərazisinin 20%-nin işğalından, eləcə də bu amildən irəli gələn humanitar böhrandan əziyyət çəkən ölkə olaraq daim müxtəlif kontekstlərdə humanitar xarakterli məsələlər qaldırır. Və hər dəfə Azərbaycan tərəfi bütövlükdə region, xüsusilə də Azərbaycan xalqı üçün ağır nəticələrə səbəb olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini qeyd edir.
Azərbaycan, həmçinin BMT TŞ-nin sədri olaraq Şimali Afrika, Yaxın Şərq, Latın Amerikasında gedən prosesləri və beynəlxalq birliyi maraqlandıran digər məsələləri diqqət mərkəzində saxlayıb. Yəni Azərbaycan hər iki sədrliyi dövründə BMT TŞ-nin digər üzvləri ilə razılaşdırılmış formada təşkilat üçün bütün bu yuxarıda sadalanan məsələləri əhatə edən çox aktual gündəlik qurmağa çalışıb.
- Azərbaycan bizim regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı onu maraqlandıran məsələlərin gerçəkləşdirilməsi üçün nələr edə bildi? Əvvəldən məlum idi ki, Bakının BMT TŞ-də qeyri-daimi üzvlüyü BMT TŞ-nin Azərbaycanın işğal edilmiş torpaqlarına dair qəbul edilmiş 4 qətnamənin həyata keçirilməsinə kömək edə bilməyəcək. Bununla belə BMT TŞ-nin üzvü statusu Azərbaycana Qarabağ problemini geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa kömək etdimi?
- Qeyd etmək istəyirəm ki, Azərbaycan tərəfi beynəlxalq birliyin diqqətini regionda hökm sürən real vəziyyətə və gedən proseslərə uğurla yönəldir, beynəlxalq birliyin bu proseslərə müvafiq siyasi və hüquqi qiyməti tələb olunur. Təbii ki, Ermənistan-Azərbaycan probleminin həll edilməməsi məsələsi bizim tərəfimizdən hər zaman qaldırılıb, bu da təəccüblü deyil, çünki Dağlıq Qarabağ probleminin nizamlanması bizim xarici və daxili siyasətimizin ən prioritet istiqamətidir və hər zaman Azərbaycan tərəfindən müxtəlif format və kontekstlərdə qaldırılır.
Düzdür, bu dəfə bu problemi humanitar konteksdə, beynəlxalq birliyə çox yaxın olan kontekstdə qaldırdıq ki, münaqişənin həll olunmamasından irəli gələn ağır nəticələri dərk etmək mümkün olsun. Və bu məsələdə də dinc sakinlərin, uşaq və qadınların necə əziyyət çəkmələri humanitar problemlərin əsas tərkib hissəsidir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan münaqişə məkanlarında yaşayan uşaqların həyatına, eləcə də qadınlar, sülh və təhlükəsizlik və əlbəttə, bütün regionun gələcəyi, regional iqtisadi inkişaf və regionun dünyaya inteqrasiyası məsələlərinə dair bir neçə tədbir keçirib.
Bizim bu yaxınlarda fəal şəkildə ikitərəfli münasibətlər qurduğumuz bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımına dair qətnamələrin qəbul edilməsi göstərir ki, Azərbaycan Qarabağ münaqişəsi barədə həqiqətləri dünya birliyinə çatdıra, bu dövlət və cəmiyyətlərlə təmas nöqtəsi tapa bilib. Bu, həm də onu göstərir ki, bu ölkələrdə Azərbaycan barədə daha çox məlumat sahibi olublar və bizi narahat edən problemlərə ədalətli yanaşma nümayiş etdirirlər.
Bu gün bizim üçün əsas məsələ Dağlıq Qarabağ hadisələri ilə bağlı real mənzərəni dünya birliyinə göstərməkdir. Çünki münaqişənin həll olunmaması bütün regionun inkişafı və inkişaf etmiş məkana inteqrasiyası yolunda əsas maneədir.
Və əlbəttə, Azərbaycan bunun üçün müxtəlif tribunalardan, o cümlədən BMT TŞ-nin tribunasından istifadə edir, çünki məhz BMT TŞ Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunların qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş təşkilatdır. Bakı bundan sonra da Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli nizamlanması üçün bütün imkanlardan istifadə edəcək. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının fəsadları barədə həqiqətləri və bunun nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, kütləvi şəkildə hüquqları pozulmuş 1 milyondan artıq insanın üzləşdiyi humanitar problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün səy göstərəcək.
Azərbaycan bu gün adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə ən yüksək göstəriciyə malik ölkədir. Biz dünya birliyinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan Azərbaycan münaqişəsinin həll olunmamasının kökündə bir tərəfdən İrəvanın qeyri- konstruktiv siyasəti dayanırsa, digər tərəfdən də dünyada bu cür problemlərə qarşı geniş tətbiq edilən ikili standartlar siyasəti dayanır. Bu gün Azərbaycan sözün əsl mənasında ikili standartların tətbiqi praktikasına qarşı mübarizə aparır, beynəlxalq birliyə sübut etmək istəyir ki, dünya ictimaiyyətinin münaqişələrin nizamlanmasına ikili və laqeyd yanaşması ağır nəticələrin davam etməsinə gətirib çıxarır və beynəlxalq hüququn əsas prinsipini - dövlətlərin ərazi bütövlüyü prinsipini pozmuş təcavüzkar ölkənin cəzalanmaması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mane olur.
- Bakının BMT TŞ-nin üzvü olaraq hansı təşəbbüsləri daha uğurlu olub və digər dövlətlər tərəfindən dəstəklənib?
- Azərbaycan dünya birliyinin, o cümlədən BMT TŞ-nin üzvlərinin açıq dəstəyini qazanmış çox maraqlı təşəbbüslərlə çıxış edib. Bu, ilk növbədə, humanitar məsələlərdir. Məsələn, əgər BMT TŞ kontekstində danışsaq, bu gün Azərbaycanın dünya birliyinə beynəlxalq səviyyədə humanitar fəaliyyəti barədə danışmağa çox sözü var.
Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Agentlik İslam Yenidənqurma və İnkişaf Bankı ilə birgə Şimali Afrika dövlətlərinin dörd minə yaxın sakininin üzərində göz əməliyyatı keçirib. Bakı Fələstin xalqına humanitar yardım, eləcə də təbii fəlakətlər nəticəsində zərərçəkmiş ölkələrə humanitar maliyyə yardımı göstərir. O cümlədən təhsil və tibb sahələrində də dəstək göstərilir. Azərbaycan, həmçinin məktəb və digər lazımi infrastruktur tikintisində ehtiyacı olan ölkələrə köməklik göstərməyə hazır olduğunu bildirib. Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd etmək istəyirəm. Bu fondun geniş beynəlxalq humanitar fəaliyyəti sayəsində dünyanın bir çox ölkələrində ehtiyacı olanlara yardım göstərilib.
Yəni Azərbaycan özü kiçik ölkə olmasına baxmayaraq, bu gün humanitar yardım göstərir, müxtəlif ölkələrin nümayəndələrinin bizim ali məktəblərimizdə ixtisasartıma kursları keçməsinə şərait yaradır. Təhsil sahəsində biz Əfqanıstana və Fələstinə böyük dəstək göstərmişik, bu ölkələrdən olan tələbələr bizim dövlətin hesabına təhsil alırlar. Biz Əfqanıstanda bu dövlətin rəsmi şəxsləri üçün menecment, dövlət idarəçiliyi, diplomatiya, sərhəd xidməti məsələləri üzrə treninqlər təşkil etmişik.
Bizim beynəxalq humanitar fəaliyyətimiz bir çox dövlət və təşkilatları maraqlandırır. Humanitar istiqamətli təşəbbüslərimz beynəlxalq birlik tərəfindən dəstəklənib və yüksək qiymətləndirilib. Bu gün təhsil, tibb, humanitar yardım sahələrində Azərbaycandan yardım istəyən ölkələrin sayı artır. Və Azərbaycan humanitar yardım göstərməkdə maraqlı olan ölkə kimi bütün bu təklifləri nəzərdən keçirir və müvafiq addımlar atır.
- Azərbaycan bundan sonra BMT TŞ ilə əməkdaşlığı necə quracaq?
İlk öncə qeyd edim ki, Azərbaycan bu gün BMT tərəfindən tamamilə başqa cür qəbul edilir. Son bir neçə ildə ölkəmizin nüfuzu çox artıb və bu gün tamamilə başqa – ciddi, maraqlı və sanballı bir imicə malikdir. BMT TŞ-də üzvlük çağırışların çoxluğu ilə Azərbaycan diplomatiyası üçün ciddi imtahan idi. Baxmayaraq ki, Azərbaycanın BMT TŞ-də ikiillik qeyri-daimi üzvlük müddəti hələ bitməyib, mən tam məsuliyyətimlə deyə bilərəm ki, biz buna nail ola bildik, çünki bizim üzvlük müddətimizin böyük hissəsi artıq geridə qalıb. Biz bu vəzifənin öhdəsindən gələ bildik.
Digər tərəfdən Azərbaycan BMT TŞ kimi vacib təşkilatla əməkdaşlıq təcrübəsi qazandı. Biz indi bu sistemin bütövlükdə necə fəaliyyət göstərdiyini gözümüzlə gördük, onlarla necə əməkdaşlıq etməyin, hansı təşəbbüslər göstərməyin lazım olduğunu öyrəndik.
Azərbaycan çoxlu dostlar qazandı. Çoxtərəfli diplomatiyanın kökündə dayanan ikitərəfli diplomatiya bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda nüfuzunun artmasında çox güclü təməl rolunu oynayıb. Azərbaycan xüsusilə ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çox maraqlı manevr edib. Ölkəmiz ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün çoxlu enerji və vaxt sərf edib. Biz coğrafi cəhətdən Azərbaycana çox uzaq olan Latın Amerikası ölkələri ilə də əməkdaşlıq üçün fəal şəkildə müvafiq sahələr axtarmışıq.
Biz əvvəllər əməkdaşlıq və münasibətlərimizin müvafiq səviyyədə olmadığı ölkələrlə yaxınlaşmaq üçün müxtəlif yollar axtarmışıq. İki il ərzində biz çox iş görmüşük, irəli getməyə və dövlətimizn potensialından təyinatına görə istifadə etməyə çalışmışıq.
Söhbət etdi: Rasim Babayev.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət