“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycan-Estoniya Ticarət Palatasının rəhbəri Yana Krimpe ilə müsahibəsi
-Yana, zəhmət olmasa, Azərbaycan-Estoniya Ticarət Palatasının fəaliyyətinin əsas istiqamətləri barədə danışın.
- Azərbaycan-Estoniya Ticarət Palatası 8 ilə yaxındır fəaliyyət göstərir və onun əsas məqsədi həm Azərbaycanda, həm də Estoniyada biznesə kömək göstərmək, əlaqələr qurmaq və özünü bu iki ölkənin bazarlarında reallaşdırmaqdan ibarətdir. Baxmayaraq ki, Ticarət Palatasının fəaliyyəti hər iki ölkənin bazarlarına yönəlib, Azərbaycanda Estoniya biznesi Estoniyada Azərbaycan biznesinə nisbətən daha çoxdur. Bu, ilk növbədə onunla əlaqədardır ki, bazarlar öz ölçüsünə görə çox müxtəlifdir. Estoniyalı iş adamlarının özlərini Azərbaycanda daha çox reallaşdırmaq imkanı var, nəinki azərbaycanlıların Estoniyada.
Bu gün Azərbaycanda əsasən İKT sektorunda 10-dan çox Estoniya şirkəti fəaliyyət göstərir. Estoniya bütün dünyada yüksək texnologiyalar sahəsində uğurları ilə məşhurdur. Eləcə də Azərbaycanın tikinti bazarına da intensiv şəkildə investisiyalar qoyulur. Son illər Azərbaycanda ağacdan olan tikililərə maraq son dərəcə artıb. Sağlam həyat tərzi artıq çoxdan dəb deyil – dərk edilmiş tələbatdır. Bütün dünyada ağac məmulatları ekoloji cəhtdən ən təmiz material hesab olunur, axı ağac özü havanı təmizləyir, ətraf mühitin zərərli maddələrini özündə toplamır.
Estoniyanın meşə emalı və ağac evlərin tikintisi üzrə qədim ənənələri var və azərbaycanlı istehlakçılar bunu lazımınca qiymətləndirdilər. Bundan başqa, qida sənayesi sahəsində ixtisaslaşmış şirkətlər var. Bu şirkətlər Estoniyadan içkilər, qida məhsulları tədarük edir. Bu sahədə alkoqollu və alkoqolsuz içklərin iri istehsalçıları təmsil olunublar. Məsələn, azərbaycanlı uşaqların bütün dünyada məşhur olan Angry Birds oyunundan çox sevdiyi içkilər Estoniya şirkəti tərəfindən tədarük edilir.
-Neçə şirkət palatanın üzvüdür və onlar hansı istiqamətlərdə ixtisaslaşırlar?
-20-yə yaxın müxtəlif şirkət palatanın üzvüdür. Biz ciddi uçot aparmırıq, bizim fəaliyyətimiz özünü maliyyələşdirmə üzərində qurulub. Təəssüf ki, bizim Azərbaycanda səfirliyimiz yoxdur və Bakıya gələn bütün biznesmenlər, turistlər bir qayda olaraq bizim Ticarət Palatasına müraciət edirlər və biz hər zaman onlara məmnuniyyətlə yardım edirik. Azərbaycandakı hər bir eston bizim şəxsi qonağımızdır, biz Azərbaycanın qonaqpərvərlik ənənəsinə əməl edirik. Eyni hal Azərbaycan biznesinə də aiddir. Bizə estoniyalı həmkarları ilə əlaqələr qurmaq istəyən azərbaycanlı biznesmenlər tez-tez müraciət edirlər. Biz hər zaman hansısa əlaqələr yaradırıq, görüşmək, münasibət qurmaq, əməkdaşlıq etmək imkanına malik insanlarla tanış edirik. Həmçinin turizm və viza məsələləri ilə bağlı müraciətlər də daxil olur.
- Azərbaycan-Estoniya münasibətlərinin inkişafını necə qiymətləndirirsiniz?
Mən ölkələrimiz arasında iqtisdi və siyasi sahələrdəki ikitərəfli münasibətləri müsbət qiymətləndirirəm. Bizim tarixlərimiz çox oxşardır. Bununla yanaşı, ölkələrimiz ərazi ölçüləri, geosiyasi vəziyyətinə görə də bənzərdir. Bütün çətinliklərə baxmayaraq, əminəm ki, bizim kiçik ölkələrimiz bütün bu çətinlikləri aşaraq ayaqda durmaq və yaşamaq üçün immunitet qazandılar. Ölkələrimiz arasında ən yüksək siyasi səviyyədə isti münasibətlər var. Estoniya hər zaman Azərbaycanı dəstəkləyib və onun bugünkü vəziyyətini anlayır. Biz ən başdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tamamilə sabit mövqe tutmuşuq və bu mövqe heç bir zaman dəyişməyib. Bu mövqe Azərbaycan və Estoniya arasında strateji münasibətlər qurularkən də aydın şəkildə səsləndirilib. Estoniya Avropa Şurasında sədrlik etdiyi dövrdə Azərbaycanı bu təşkilata daxil olarkən də dəstəkləyib. Prinsip etibarı ilə istənilən məsələdə - istər siyasi, istər iqtisadi olsun - Estoniya imkanları daxilində kömək etməyə çalışır. Estoniyada azərbaycanlılara münasibət çox müsbətdir. Baltikyanı ölkələrdə, xüsusilə Estoniyada azərbaycanlılara hər zaman böyük maraq var, estonlar Azərbaycan mətbəxini sevirlər, öz ailə şənliklərini tez-tez Azərbaycan restoranlarında qeyd edirlər. Tallin cazın Baltikyanı paytaxtı olaraq hər zaman Bakı cazı ilə maraqlanır. Əgər siz Tallinə gəlsəniz, burada azərbaycanlılara necə isti münasibət göstərildiyinin şahidi olarsınız. Estonlar üçün Azərbaycan onların hər zaman görmək və tanımaq istədikləri qədim mədəniyyətə malik olan nağıllardakı uzaq şərq ölkəsidir.
- Azərbaycanlılar estonlarda nə ilə assosiasiya olunurlar?
-Yalnız müsbət cəhətlərlə. Əgər siz azərbaycanlılara qarşı yaranmış bəzi stereotipləri nəzərdə tutursunuzsa, bunlar Estoniyada yoxdur. Bizim ölkədə bəzi dövlətlərdə yaranmış stereotiplər yoxdur. Estoniyada azərbaycanlılar bazarla assosiasiya olunmurlar. Baxmayaraq ki, ölkədə həm də ticarətlə məşğul olan çoxlu sayda azərbaycanlı var. Bəlkə də ona görə ki, bizdə bazarlar başqa cür qurulub, orada həm eston kəndliləri, həm də başqa millətlərin nümayəndələri ticarətlə məğul olurlar. Əgər siz gəlsəniz və estonlardan azərbaycanlıları soruşsanız, əminəm ki, onlar barəsində ancaq yaxşı sözlər eşidəcəksiniz.
Yana, siz həm də “BEST Solutions” şirkətinin təsisçisisiniz. Şirkətiniz Azərbaycanda nə ilə məşğuldur?
- Bugünkü dəyərlərə görə, bu, Azərbaycanda iri bir şirkətdir. “BEST Solutions” İT texnologiyaları ilə məşğul olan Azərbaycan şirkətidir, əsas istiqamətimiz elektron hökumətin inkişafı və bununla bağlı ən yeni texnologiyaların tətbiqidir. Cəsarətlə deyə bilərəm ki, biz Azərbaycanda elektron hökumətin yaranmasının əsasında dayandıq və digər şirkətlərlə yanaşı öz töhfəmizi verdik. Biz Estoniyanın dünyada tanınmış 10 ildən çox tarixə malik təcrübəsindən istifadə etməklə elektron hökumət sistemi, elektron dövlət portalı yaratdıq.
Bu gün biz Azərbaycanda daimi yaşayan insanlar üçün mobil telefonda “Asan imza” rəqəmsal mobil sistemin texniki operatoruyuq. Mən bunu nəinki Azərbaycanda, həm də bütün dünyada ən innovativ istiqamətlərdən biri hesab edirəm. Hesab edirəm ki, bu, Azərbaycanın dünya bazarında İT texnologiyaları sahəsində yeni innovasiya siması olacaq. Biz bu yöndə əminliklə hərəkət edirik və gələcəkdə istehlakçılarımıza dünyada analoqu olmayan maraqlı və yeni həllər təqdim etməyi planlaşdırırıq.
- Sizin şirkətin “ASAN xidmət”lə nə kimi əlaqəsi var?
Biz “Asan imza” layihəsində və bir sıra digər layihələrdə tərəfdaşıq. Lakin biz yalnız “ASAN xidmət”lə deyil, həmçinin Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə də əməkdaşlıq edirik. Konkret “ASAN xidmət”ə gəlincə, deyə bilərəm ki, bu mərkəz yalnız vətəndaşlara xidmət göstərmək üçün deyil, həm də Azərbaycanda innovasiyaların inkişafı üçün yaradılıb. Bizə bu agentliklə işləmək çox xoşdur, çünki o, həm yeni yaradılıb, həm də heyəti gənclərdən ibarətdir. Bu, bizə işləməyə kömək edir, biz asanlıqla ümumi dil tapırıq. innovasiyaların nə olduğunu anlayırıq, onların nə məna daşıdığını, Azərbaycana nə üçün lazım olduğunu başa düşürük. Həmçinin ölkənin gələcəyinə bu qədər istedadlı gəncin töhfə verməsini görmək çox xoşdur. Onların ideyaları bizim şirkətimizdə hər zaman dəstəklənir.
Biz cənab prezident İlham Əliyevə təqdim edilmiş “ASAN parkinq” (mobil telefon vasitəsi ilə parkinq - İF-Az) layihəsi üzərində işləyirik. Bu, intellektual parkinq sistemidir. Bu gün Estoniya bu həlli dünyanın 10-dan çox ölkəsinə, o cümlədən ABŞ-a ixrac edib. Məqsəd şəhərimizin küçələrində nizam-intizam yaratmaqdır. Bu sistem Amerikanın, Rusiyanın və digər dövlətlərin şəhərlərində artıq özünü doğruldub. Əgər nəzarət sistemi, parkinq sisteminə planlı yanaşma olmazsa, biz bundan sonra da tıxaclarda qalmalı olacağıq. Layihə hələ ki, işlənmə mərhələsindədir. Biz vəziyyətin mümkün həlli kimi bu layihənin təqdimatını keçirmişik.
-Şirkətiniz tərəfindən daha hansı layihələr işlənib hazırlanır?
- Çoxlu başqa planlarımız var. Biz bu gün gənclərlə sıx əməkdaşlıq edirik. Biz, həmçinin RİTN və “ASAN xidmət”lə yanaşı, tərəfdaşımız olan Vergilər Nazirliyi ilə işləyirik. Vergilər Nazirliyində Azərbaycanın ən innovativ sertifikat mərkəzlərindən biri yerləşir. Mərkəz bütün Avropa tələblərinə cavab verir. Azərbaycan biznesinin Avropada rəqəmsal məkanda sövdələşmələr apara bilməsi üçün bu nazirliklə həm Azərbaycan, həm də Avropa ölkələrində rəqəmsal imzanın qəbul edilmə sisteminin yaradılması üzərində məhsuldar iş aparılır. İlk belə həll “BakuTel-2013” sərgisində təqdim ediləcək. Əgər Estoniyada biznes tərəfdaşınız varsa, siz bu sistemin köməyi ilə onunla görüşmədən də hər hansı bir müqavilə və ya digər sənədlər imzalaya bilərsiniz.
- Bu xidmətdən istənilən şəxs istifadə edə bilərmi, yoxsa hər hansı bir məhdudiyyət var?
- Bu xidmətdən istənilən vətəndaş və ya Azərbaycan Respublikasının daimi sakini yararlana bilər. Azərbaycan qanunvericiliyinə əsasən, üç növ sertifikat mövcuddur: vətəndaşlar, sahibkarlar və dövlət məmurları üçün. Bizim “Asan imza” ilə bağlı həllimizdə fərqimiz odur ki, sizə kartoçkalar, oxuyucu qurğular, sənədi imzalamaq məqsədilə kompüterlər üçün müxtəlif proqram təminatı lazım deyil, sadəcə mobil telefon üçün “Asan imza” SİM-kartı kifayətdir.
- Sadalananlardan başqa daha hansı layihələri tətbiq etmək niyyətindəsiniz?
-Azərbaycanda İKT-nin inkişafı üçün ən innovativ və perspektiv planlar çoxdur. Mən qabaqcadan danışmağı sevmirəm. İşi başa çatdırdıqdan sonra mütləq onun nəticələri barədə xəbər verəcəyik. Estoniyalı həmkarlarımın bir vaxtlar mənə dedikləri kimi, biz estonlar tez hərəkət etmək üçün çox düşünürük.
- Sizcə, bu innovasiyalar Azərbaycanda öz yerini nə dərəcədə tapacaq?
-Mən səkkiz ilə yaxındır Azərbaycanda yaşayıram. Və artıq mənə doğmalaşmış bu ölkədə nələrin baş verəcəyinə etinasız yanaşmıram. Ola bilər ki, mənim övladlarım burada böyüsünlər. Mən hesab edirəm ki, Azərbaycan hər kəsə məlum olan neft-qaz ölkəsindən daha çox potensiala malikdir. İnkişaf tempini müqayisə etmək olar. Deyək ki, 2003-cü ildəki Azərbaycanla bugünkü Azərbaycan arasında çox böyük fərq var. Bunu hamı görür və başa düşür. Sözün texnoloji anlamında bu gün innovasiyalara malik ölkə qalib gələcək.
Bu mənada Azərbaycanın uğur qazanmaq üçün əsasları var və biz ölkənin yeni innovasiya simasını yaratmaq üçün maksimal şəkildə öz töhfəmizi vermək istəyirik. İstəyirik ki, onun haqqında sadəcə neft-qaz ölkəsi kimi danışmasınlar, biz dünyaya öz texnoloji nailiyyətlərimizi nümayiş etdirə bilək. Yaxın gələcəkdə biz Azərbaycan texnologiyalarını böyük miqyaslarda ixrac edə biləcəyik. “Asan imza” layihəsi çox yaxşı nümunədir. Biz Azərbaycana Estoniya həllini idxal edəndə bunu özünəməxsus şəkildə etdik, yeni idarəetmə sistemi yaratdıq. Və bu gün Estoniya artıq Azərbaycan modelini tətbiq etməyə başlayıb.
Söhbət etdi: Fərdin İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət