Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü danışıqlar prosesində uzun fasilədən sonra tərəflərin bir-birinin mövqeyi ilə tanış olması baxımından faydalı oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Mirzəzadə deyib.
“İki ölkə prezidentlərinin yenidən görüşünün təşkili çoxdan gündəmdə idi. Bu məsələ Azərbaycan və Ermənistan ictimaiyyətinin fəaliyyətsizlikdə ittiham etdiyi ATƏT-in Minsk Qrupu tərəfindən də dəfələrlə qaldırılıb”, - deyə deputat bildirib.
Bununla yanaşı, A.Mirzəzadə söyləyib ki, Bakı bu görüşün keçirilməsinə yalnız bir şərtlə razılıq verib ki, bu, hər hansı protokol prosesinin yerinə yetirilməsi xatirinə növbətçi görüş olmayıb, həqiqətən konstruktiv xarakter daşısın.
“İki il ərzində müzakirə oluna biləcək çoxlu məsələlər və yeni ideyalar yaranıb. Və bu məsələlər qapalı şəraitdə keçən görüşdə qaldırılıb. Nəticədə danışıqlar prosesinin yeni mərhələsinə təkan verilib, artıq dövlət başçılarının yeni görüşünün təşkilinə dair danışıqlar gedir. Bu günlərdə xarici işlər nazirlərinin görüşü gözlənilir. Yəni görünür ki, tərəflər müzakirə apara biləcəkləri məsələləri müəyyənləşdirə biliblər”, - deyə o vurğulayıb.
Bununla yanaşı, A.Mirzəzadə qeyd edib ki, İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına konstruktiv yanaşma nümayiş etdirməyə hələ hazır deyil.
“Ermənistanın məsələnin sülh yolu ilə həllinə nə dərəcədə hazır olması məsələsinə gəlincə, bu gün vəziyyət belədir ki, İrəvan bu mövqedən çox uzaqdır. Biz Ermənistan hökumətinin milliyyətçi siyasət yürütdüyünün şahidi oluruq və İrəvanın işğal altında olan Azərbaycan torpaqlarını qaytarmaqdan imtina etməsi Ermənistanın özünün daxili və xarici siyasətinə məhvedici təsir göstərir. Ermənistan ictimaiyyəti getdikcə daha aydın başa düşür ki, qonşu dövlətin ərazisinin işğalı Ermənistanın dövlətçiliyinə və inkişaf perspektivlərinə zərbə vurur”, - deyə deputat qeyd edib.
O deyib ki, bunun nəticəsi olaraq Ermənistan əhalisi öz vətənində heç bir perspektiv və inkişaf görməyərək kütləvi şəkildə ölkəni tərk edir.
“Bununla əlaqədar olaraq rəhbərlik danışıqlara getməyə və onun ürəyincə olmayan məsələləri müzakirə etməyə məcburdur. Hesab edirəm ki, bu gün yaranmış vəziyyət Ermənistan rəhbərliyindən problemə ciddi yanaşma tələb edir. Əks halda bu, onun gələcəyinə və bu gün Ermənistan cəmiyyəti qarşısında kəskin şəkildə duran məsələlərə ciddi zərbə vuracaq”, - deyə A.Mirzəzadə vurğulayıb.
Politoloq Fikrət Sadıqovun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü daha çox ATƏT-in Minsk Qrupunun həmsədrlərini və aparıcı dövlətlərin nümayəndələrini sevindirir.
“Mənə belə gəlir ki, onları danışıqlar masası arxasında gedən söhbətin mahiyyətindən daha çox dövlət başçılarını bir masa arxasında oturtmağa nail olma faktı sevindirir. Danışıqlar masasında isə heç bir əhəmiyyətli hadisə baş vermədi”,- deyə o bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi özünün sülhsevərliyini nümayiş etdirməklə bu çoxillik münaqişənin nizamlanması üzrə sülh prosesi formatını davam etdirməyə razı olduğunu, görüşməkdən imtina etmədiyini yenidən nümayiş etdirdi.
“Lakin eyni zamanda biz başa salırıq ki, bu cür formal protokol formatında keçirilən görüşlər vasitəçilərin təklif edə biləcəyi hər hansı konkret yeni ideyalarla müşayiət olunmur. Və əgər bu yoxdursa, müsbət nəticə də olmayacaq. Münaqişənin nizamlanmasına dair mövcud qətnamələr, aparıcı dövlətlərin liderlərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünün tanınması - bütün bunlar deyilənlərə bariz nümunədir”, - deyə F.Sadıqov qeyd edib.
O söyləyib ki, Azərbaycan tərəfinin güzəşt limitləri praktiki olaraq tükənib və indi söz İrəvandadır.
“Biz Ermənistanın konstruktiv mövqeyini və bu münaqişəni nizamlamaq arzusunu nümayiş etdirən ilk addımlarını - işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə başlamasını görməliyik. Bu olmasa, demək ki, danışıqlar prosesində heç bir irəliləyiş olmayacaq”, - deyə F.Sadıqov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət