Banklar maliyyə sektorunun əsas arteriyası sayılır. “Moody`s Investors Service” beynəlxalq agentliyinin analitiki Lev Dorf “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycanın bank sektorundakı vəziyyət, son tendensiyalar, mümkün risklər və problemli məqamlar barədə danışıb.
“Moody`s Investors Service” agentliyi “Banking System Outlook: Azerbaijan" adlı növbəti məruzəni dərc edib. Agentlik son bir ildə Azərbaycanın bank sektorunda dəyişiklikləri necə qiymətləndirir?
-Aprel ayının sonunda biz Azərbaycanın bank sektorunun inkişafı üzrə stabil proqnozu təsdiq etdik. Belə ki, biz bankların aktivlərin keyfiyyəti, kapital, mənfəətlilik və effektivlik, likvidlik və fondlaşdırma kimi əsas göstəricilərinin 12-18 ay ərzində sabit qalacağını gözləyirik.
Ötən illərdə olduğu kimi, bu gün bank sektoru üzrə proqnozumuzu müəyyənləşdirən əsas amil makroiqtisadi sabitlik və Azərbaycanda bankların inkişafı üçün əlverişli əməliyyat mühitidir. Hesab edirik ki, əlverişli əməliyyat mühiti bankların maliyyə göstəricilərinə müsbət təsir göstərməyə davam edəcək. Bizim proqnozlarımıza əsasən, 2014-cü ildə Azərbaycanda iqtisadi artım 5% təşkil edəcək və iqtisadiyyatın əsas aparıcı qüvvəsi qeyri-neft sektoru olacaq ki, bu sektor da dövlət və özəl investisiyalar hesabına artmaqda davam edəcək.
Ötən il bank sektoru kifayət qədər sürətli templə inkişaf edib - məcmu kredit portfeli, ilk növbədə istehlak kreditləşməsinin artımı hesabına 25% artıb. Biz 2014-cü ildə istehlak kreditlərinin artım tempinin xeyli azalacağı ilə əlaqədar banklar tərəfindən kreditləşmənin artım tempinin 20% azalmasını proqnozlaşdırırıq.
2014-cü ildə Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsinə dair qərar qəbul edib. Sizin fikrinizcə, bu addıma nə dərəcədə ehtiyac var idi?
Biz tənzimləyici tərəfindən istehlak kreditləri üzərində nəzarətin gücləndirilməsini müsbət qiymətləndirir və bu tədbirlərin sabit inkişafı təmin edəcəyini, uzunmüddətli perspektivdə bank sektorunun risklərini əhəmiyyətli dərəcədə azaldacağını düşünürük. Daha öncə qeyd etdiyim kimi, məsələ bundadır ki, Azərbaycanda istehlak kreditləri son illər yüksək templə artıb - təkcə 2013-cü ildə artım 40%-ə yaxın təşkil edib.
Bank sektorunda rəqabətin güclənməsi gəlirlilik marjasının azalmasına gətirib çıxardı və bu, bankları mənfəət əldə etmək üçün digər imkanlar axtarmağa məcbur etdi. Hazırda yüksək gəlirlilik pərakəndə satışda, yəni istehlak kreditləşməsində müşahidə olunur. Və biz görürük ki, bu sektora maraq əvvəlki illərdə artıb ki, bu da yüksək artım tempinə səbəb olub.
Biz bundan əvvəlki hesabatımızda qeyd etmişdik ki, kreditlərin sürətli və nəzarət edilməyən artımı potensial olaraq onların keyfiyyətinin son dərəcə pisləşməsinə, gecikmiş kreditlərin çoxalmasına gətirib çıxara bilər. Əgər əhalinin borc yükü belə sürətli templərlə artmaqda davam etsə, bir neçə ildən sonra kreditlər üzrə ödənişlər əhalinin gəlirlərinin böyük hissəsini təşkil edə bilər. Buna görə də biz AMB tərəfindən tədbirlərin vaxtında həyata keçirildiyini düşünürük. Bu tədbirlər əhalinin kreditləşməsinin artımını olduqca ləngidəcək və verilən istehlak kreditlərinin keyfiyyətini yüksəldəcək.
Eyni zamanda biz istehlak kreditlərinin keyfiyyətində hələ ki, problem görmədiyimizi, risklərin məhdudlaşdığını bildiririk, çünki əhalinin nisbi kreditləşməsi kifayət qədər aşağıdır. İstehlak kreditlərinin səviyyəsi qeyri-neft sektoru üzrə ÜDM-in təxminən 14%-ni, ev təsərrüfatlarının borcları isə əhalinin nominal gəlirinin 17%-ə qədərini təşkil edir. Bizim istehlak krediti sektorunda problemlər müşahidə etdiyimiz başqa ölkələrdə bu göstəricilər daha yüksək idi.
-Daha bir məqama toxunmaq istərdim. Ötən ilin sonunda Mərkəzi Bank banklar üçün minimal kapitala dair tələblərin 50 mln. manata qədər artırılması haqqında normativin yerinə yetirilmə müddətinin 2015-ci il yanvarın 1-dək uzadılması barədə qərar qəbul edib. Bu vaxtın verilməsinə zərurət var idimi və bütün banklar bu tələblərə əməl edə biləcəkmi?
- Tənzimləyici vəziyyəti qiymətləndirərək qərarlar qəbul edir və bu və ya digər qərarın məqsədəuyğunluğunu əsas tutur. Kapitala dair yeni tələblər bank sektorunun sabitliyinin möhkəmlənməsinə, zəif bankların sayının azalmasına yönəlmişdi və biz güman edirik ki, qoyulan məqsədə əsasən nail olunub. Bank bazarının böyük hissəsini təşkil edən böyük və orta banklar artıq yeni tələblərdə nəzərdə tutulandan daha artıq kapitala malikdirlər. Biz Azərbaycanda bankların sayının azaldılması prosesinin tədricən həyata keçəcəyini və sektora təsir etməyəcəyini gözləyirik, çünki dəyişə bilən bankların payı çox azdır.
- “Moody`s”in icmalında Azərbaycanın bank sistemində struktur zəifliklərinin saxlandığı yenidən qeyd edilir. Bu zəifliklər nədən ibarətdir?
- Biz ənənəvi struktur zəifliklərini qeyd edirik ki, bu, yalnız Azərbaycan bankları üçün səciyyəvi deyil, regionun digər ölkələrində bankların əksəriyyətinə aiddir. Bunlar arasında uzunmüddətli fondlaşdırma çatışmazlığını ayırmaq olar. Azərbaycanda depozit bazası qısamüddətlidir və kredit portfelinə nisbətən ləng artır. Fərq dövlət fondlarının və beynəlxalq maliyyə təşkilatlarının vəsaitləri ilə qismən aradan qaldırılır. Həmçinin iqtisadiyyatın nisbətən zəif diversifikasiyası ilə bağlı müəyyən çətinliklər mövcuddur, axı qeyri-neft sektorunun artımı əsasən iri banklar tərəfindən maliyyələşdirilən uzunmüddətli infrastruktur layihələrinə qoyulan investisiyalarla bağlıdır. Kiçik orta biznes sektoru isə hələ kifayət qədər inkişaf etməyib və keyfiyyətli borcalanların sayı məhduddur. İri korporativ müştərilərin maliyyələşdirilməsi bankların portfelində yüksək konsentrasiyaya gətirib çıxarır.
- “Moody`s” Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyəti necə qiymətləndirir?
- Biz Azərbaycanın bank sisteminin aktivlərinin keyfiyyətini bütün bank sisteminin 60%-ni üstələyən məcmu aktivlərə malik 7 iri bankdan alınmış məlumatlar əsasında təhlil edirik, buna görə də biz ölkə iqtisadiyyatının müxtəlif sektorlarında baş verənlərdən yaxşı xəbərdarıq. Bununla da ümumilikdə bank sistemi üzrə nəticə çıxara bilərik. Artıq qeyd etmişik ki, bankların kredit portfelinin keyfiyyətində yüksəliş 2011-ci ildən başlayıb və 2013-cü ilin sonunadək onlarda əhəmiyyətli yaxşılaşma müşahidə olunub. Bankların ümumi portfelində 90 gündən çox gecikmiş və restrukturlaşdırılmış kreditlərdən ibarət problemli borcların payı iki dəfə - 2010-cu ilin sonunda 24%-dən 2013-cü ildə 12%-dək azalıb. Bu yaxşılaşma əsasən 2008-2009-cu illərdə baş vermiş maliyyə böhranına qədər başlanmış layihələr və iri kreditlər hesabına mümkün olub.
Bu gün bankların kredit portfelinin keyfiyyəti sabitdir və ölkədəki əlverişli iqtisadi vəziyyətlə dəstəklənir. Yüksək neft qiymətləri hökumətə büdcə xərclərini artırmağa və iri infrastruktur layihələri həyata keçirməyə, iş yerləri yaratmağa, eləcə də neftin qiyməti azalmağa başlayarsa, təhlükəsizlik yastığı rolunu oynayan valyuta ehtiyatlarını artırmağa imkan verir.
Son illər istehlak kreditlərinin sürətlə artmasına baxmayaraq, onlarda problem payı çox deyil - təxminən 3-4%. Biz onların keyfiyyətinin Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərlə dəstəklənəcəyini gözləyirik.
“Moody`s”, həmçinin Azərbaycanda bir sıra bankların reytinq qiymətləndirməsini həyata keçirir. Yaxın vaxtlarda hansı bankların reytinq qiymətləndirməsində dəyişiklik gözlənilir?
Son il ərzində biz Azərbaycan bankları üzrə bir sıra müsbət reytinq hərəkəti aparmışıq. Belə ki, “Unibank”, “Bank Respublika” və ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının reytinqləri üzrə proqnozları “müsbət”ə dəyişmişik. “Bank Technique”in reytinqləri üzrə proqnoz “sabit”ə dəyişib, “Bank of Baku” və “Xalq Bank” kimi bankların reytinqləri bir pillə yüksəlib. Bu hərəkətlər bankalrın maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşması və onların növbəti illərdə də bu trendi qoruyacaqları ilə bağlı gözləntilərimizlə şərtlənib.
Söhbət etdi Anar Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət