Azərbaycan prezidenti İlham Əliyev Macarıstan şirkətləri ilə uğurlu əməkdaşlığa ümid edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Mən istəyirəm ki, macar iş adamları Azərbaycanda daha çox təmsil olunsunlar”, - deyə İ.Əliyev dünən Budapeştdə Azərbaycan-Macarıstan biznes forumunda çıxışı zamanı bildirib. Dövlət başçısı macar şirkətləri ilə əsasən enerji, kənd təsərrüfatı, kosmos sənayesi və digər sahələrdə uğurlu əməkdaşlıq qurulacağına ümidvar olduğunu deyib.
Prezident Macarıstan şirkətlərini “Cənub” qaz dəhlizi kimi iri layihələr reallaşdıran Azərbaycanla sıx əməkdaşlıq qurmağa çağırıb.
İ.Əliyev səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətindən danışıb. “Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və bu, Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq baxımından əhəmiyyətlidir”, - deyən dövlət başçısı ölkələrimiz arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, yüksək siyasi əlaqələrin biznes münasibətləri üçün də yaxşı şərait yaratdığını diqqətə çatdırıb.
Prezident son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə forum iştirakçılarına məlumat verib. Bildirib ki, təkcə ötən il Azərbaycana 28 milyard dollar investisiya qoyulub. Bu da ölkəmizdə əlverişli investisiya mühitinin olmasından xəbər verir.
Sonda dövlət başçısı Macarıstanın yerləşdiyi regionda müstəqillik rəmzi olduğunu bildirib və bu uğurlar münasibətilə təbriklərini çatdırıb.
Macarıstanın baş naziri Viktor Orban hazırda bütün bəşəriyyətin çətin dövr yaşadığını, dünyanın bir çox yerində münaqişələrin olduğunu vurğulayıb, 2008-ci ildən hökm sürən iqtisadi böhranın Macarıstana təsirindən danışıb.
O, Azərbaycan ilə Macarıstan arasında biznes əlaqələrinə toxunub, ölkələrimizin əməkdaşlıq naminə birgə addımlamaqda qərarlı olduğunu bildirib.
Azərbaycanın dünyəvi dövlət olduğunu, həm ölkəmizdə, həm də Macarıstanda ənənəvi dəyərlərə böyük önəm verildiyini deyən V.Orban respublikamızın iqtisadi baxımdan böyük nailiyyətlər əldə etdiyini söyləyib.
“Azərbaycanın enerji resurslarından istifadə etməklə digər sahələrdə inkişafın təmin olunmasında böyük nailiyyətləri var”, - deyə o söyləyib və imzalanan sazişlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin “Cənub” qaz dəhlizinin inşasının önəmini və Azərbaycan qazının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Azərbaycan bizim üçün dost ölkədir”, - deyən baş nazir Avropa İttifaqı və Avrozonanın gələcəyi ilə bağlı fikirlərini də bölüşüb.
Forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeni və innovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstəklə bağlı müxtəlif sənədlər imzalanıb. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət