BP şirkəti Trans-Anadolu (Trans Anatolian Pipeline, TANAP) qaz kəməri layihəsində iştirak payının əldə edilməsi üzrə prosedurları başa çatdırıb. Bu barədə Türkiyənin “Son dakika” internet saytı məlumat verir.
Məlumata əsasən, TANAP layihəsində tərəfdaşlığa dair saziş cümə günü Türkiyədə bu ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev, TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birell və Türkiyənin BOTAS şirkətinin baş direktorunun müavini Mehmet Konuk tərəfindən imzalanıb.
Sənədə müvafiq olaraq BP şirkətinin layihədə payı 12% təşkil edir. Daha 58% SOCAR, 30% isə BOTAS-a məxsusdur.
T.Yıldız qeyd edib ki, son zamanlar bir sıra şirkətlər enerji layihələrinə investisiya qoyuluşlarını dayandırıblar. “Lakin dünyada neftin qiymətlərinin ucuzlaşması ilə əlaqədar qaz qiymətlərinin aşağı düşməsinə baxmayaraq, biz bu layihənin həyata keçirilməsini davam etdirmək niyyətindəyik”,- deyə nazir qeyd edib.
O, həmçinin xatırladıb ki, martın 17-də Qarsda TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçiriləcək.
Q.Birell, öz növbəsində qeyd edib ki, Türkiyə BP şirkətinin strateji tərəfdaşıdır. “Türkiyə son 5-10 ildə mühüm enerji mərkəzinə çevrilib. TANAP layihəsində tərəfdaşlıq bizim üçün vacib addımdır. Türkiyə üçün bu layihə enerji təhlükəsizliyi baxımından əhəmiyyətlidir”,- deyə o qeyd edib.
Qaz kəmərinin tikintisinə 2015-ci ilin aprel ayında başlanılması nəzərdə tutulub.
Xəbər verildiyi kimi, TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1800 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.
TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10-11 mlrd. dəyərində qiymətləndirilir.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, bp - 12%, BOTAS - 30%.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət