“İnterfaks-Azərbaycan” agentliyinin Böyük Vətən Müharibəsi veteranı, 1997-2002-ci illərdə Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi olmuş general-polkovnik Tofiq Ağahüseynov ilə müsahibəsi
- Əziz Tofiq müəllim, İlk növbədə icazə verin Sizi Almaniya faşizmi üzərində qazanılan Böyük Qələbənin 70 illiyi münasibətilə təbrik edim.
Minnətdaram.
-Son zamanlar müəyyən dairələr faşizm üzərində böyük qələbənin qazanılmasında SSRİ-nin rolunu azaltmağa çalışırlar. Bu addımlar nə ilə əlaqədardır?
-Bu suala belə cavab verərdim. İkinci Dünya müharibəsinin qanlı döyüşlərində şəxsən iştirak etmiş veteranlar nə qədər ki, sağdırlar, SSRİ-nin bu müharibədə xilaskarlıq rolunu azaltmaq cəhdlərinə qarşı mübarizə aparmaq imkanı hələ ki, var. Bu, ağır və uzun sürən müharibə oldu və əgər Sovet İttifaqı olmasaydı, çətin ki, Qərb və ABŞ Almaniyanın öhdəsindən gələrdi. Lakin hər bir halda bu proses uzun illər davam edə bilərdi, bu isə nə ilə nəticələnərdi, bilinmir. Əgər indi Çörçil və Ruzveltin memuarlarını oxusaq, görmək olar ki, onlar SSRİ-nin rolunu nə qədər yüksək qiymətləndiriblər. Bütün bu hadisələr mənim gözlərimin qarşısında baş verib, mən müharibə yollarını keçmişəm, iki böyük əməliyyatın – Vislo-Oder və Berlin əməliyyatlarının iştirakçısı olmuşam.
Biz Berlini alanda amerikalılar və ingilislər səhv etmirəmsə, Almaniya paytaxtından təxminən 200 kilometr uzaqda idilər. Qələbə üçün əlbəttə, onlar da əmək vermişdilər, bombardman edirdilər, döyüşlərdə iştirak edirdilər, lakin əsas ağırlıq Sovet İttifaqının üzərinə düşüb. SSRİ müharibədə çoxlu sayda insan itkisi verib. Buna görə də SSRİ-nin İkinci Dünya müharibəsində rolunu azaltmaq məqsədilə hər tərəfdə, o cümlədən də bir zamanlar bizimlə çiyin-çiyinə döyüşmüş, indi isə SSRİ-nin nə vaxtsa onun ərazisini işğal etməsi barədə bəyanatlar verən Ukraynanda gedən söhbətlər indi dünyada baş qaldıran hansısa qüvvələrin işinə yarayan saxtakarlıqdan başqa bir şey deyil.
Mən əminəm ki, bu cəhdlər boşa çıxacaq. Arxivlər saxlanılıb, lazım gələrsə, onları açmaq olar. Bu məsələ ilə bağlı alimlər çox yazıb. Buna görə də şəxsən mən buna o qədər də əhəmiyyət vermirəm. Və düşünürəm ki, bu məsələ nə Qərbə, nə də ABŞ-a fayda verməyəcək.
- Həmçinin yubiley ərəfəsində cəmiyyət Ermənistan tərəfinin faşistlərin əlaltıları olmuş şəxslərin, o cümlədən Qaregin Njde kimi tanınan Qaregin Ter-Arutyunanın milli qəhrəman kimi təqdim edilməsi cəhdləri ilə üzləşib. Bundan əlavə, ermənilər belə cəhdləri təkcə Ermənistanda deyil, Rusiyada da həyata keçirirlər.
-Təəssüf ki, belə proseslər bu gün təkcə Ermənistanda deyil, Ukraynada da müşahidə olunur. Bizim veteranlar cəmiyyətimiz dövlət başçılarına, o cümlədən Rusiya prezidentinə məktub ünvanlayaraq bu məsələ ilə bağlı öz fikrini bilidirb. Mənim fikrimcə, faşizm əlaltılarının qəhrəmanlaşdırılması siyasəti həm də SSRİ-nin böyük qələbədəki rolunun azaldılmasına yönəldilib. Rusiyada çoxlu sayda erməni yaşayır, istər Stavropol, istər Krasnodar, istərsə də Moskvanın özündə ermənilər çoxdur. Görünür ki, onlar orada böyük nüfuza malikdirlər. Məsələn, ermənilər qondarma soyqırımının 100 illiyini qeyd edəndə Rusiya və Fransa prezidentləri anım mərasimlərinə qatılmaq üçün İrəvana gəldilər. Lakin sonra Fransa prezidenti görünür ki, Azərbaycana münasibətdə bunun doğru addım olmadığını hiss etdiyi üçün vəziyyəti düzəltmək məqsədilə Bakıya da gəldi.
-Ölkəmizin bir çox ictimai-siyasi xadimləri, o cümlədən Milli Məclisin deputatları Bakıya qarşı ədalətsiz münasibət olduğunu bildirirlər, onların fikrincə, Bakı “Qəhrəman şəhər” adı almalıdır.
- Bu məsələyə gəlincə, yenə də qeyd etmək istərdim ki, Ermənistan Azərbaycanın qələbənin qazanılmasındakı rolunu azaltmaq istəyir. Baxmayaraq ki, Azərbaycan xalqının faşizm üzərində qələbədə rolu çox böyükdür. Bu yaxınlarda kosmonavt Yuri Baturin Bakıya gəlmişdi, o, burada çıxış etdi və Azərbaycanın qələbənin qazanılmasındakı rolundan danışaraq marşallar Jukov və Rokossovskidən sitatlar gətirdi.
Azərbaycanın böyük qələbəyə verdiyi töhfələri qiymətləndirməmək mümkün deyil. Əlbəttə, Ukrayna, Belarus, Rusiya böyük insan itkisi verib, lakin Böyük Vətən müharibəsi illərində cəmi 3 milyondan bir qədər çox əhalisi olan Azərbaycan da 300 min nəfər itki verib. Əlbəttə, Azərbaycan olmasaydı, qələbə barədə danışmaq mümkün olmazdı, axı Böyük Vətən müharibəsində Sovet İttifaqını yanacağın 70% ilə Azərbaycan təmin edib. Və çox qəribədir ki, qələbədən sonra Sovet İttifaqında respublikamıza qarşı antiazərbaycan siyasəti yürüdüldü.
Unutmaq olmaz ki, Azərbaycan SSR 4 milli diviziya, o cümlədən Berlinə qədər gedib çıxmış 416-cı diviziyanı yaratmışdı. Mən nə qəzetlərdə, nə də insanların söhbətlərində almanların tərəfində döyüşən satqın azərbaycanlıların olduğuna rast gəlməmişəm. Əksinə, KİV-lər həmişə ön cəbhədə düşmənə qarşı vuruşmuş azərbaycanlılar - Mehdi Hüseynzadə və digər qəhrəmanlar barədə yazırdılar. Buna görə də Bakının rolunun lazımınca qiymətləndirilməməsi fikri ortaya çıxır, axı bizim şəhər cəbhəyə yalnız neft, döyüş sursatları, təyyarələr göndərməyib, həm də qaçqınları qəbul edib. Bu məsələnin həll edilməməsi bu işlə məşğul olan insanların vicdanının yüküdür. Bu gün isə Azərbaycan azad, müstəqil ölkədir. Biz özümüz şəhərimizə qiymət verə bilərik. Biz MDB-nin və ya bir başqasının Böyük Vətən müharibəsində Bakının rolunu qiymətləndirməsinə ehtiyac duymuruq. Biz özümümz bu məsələni həl edə bilərik. Milli Məclis müvafiq qərar qəbul edə bilər.
-Siz Böyük Vətən müharibəsi yolunu keçmisiniz. Bu gün isə Azərbaycan torpaqlarımızn 20%-ni işğal etmiş qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə görürsünüz?
-Mən şəxsən əminəm ki, Azərbaycanın Milli Ordusu bu gün torpaqlarımızı azad etmək iqtidarındadır. Lakin bu məsələdə həmişə bir sual var - kim buna mane ola bilər? Buna görə də mən insanlarımızın, gənclərimizin həlak olmasını istəməyən Azərbaycan prezidentini başa düşürəm. Bu gün respublikamız tərəqqi dövrünü yaşayır, istənilən müharibə isə dövlətin tənəzzülünə gətirib çıxarır. Buna görə də ölkəmiz problemi sülh yolu ilə həll etməyə çalışır və bu istiqamətdə böyük işlər görülüb. Yadınıza salın, Dağlıq Qarabağ münaqişəsi başlayanda dünya birliyi Azərbaycana qarşı necə münasibət göstərirdi. ABŞ hətta Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq etdi. Amma bu gün bu məsələdə tamamilə başqa fon müşahidə olunur.
Lakin bir məqam var. Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlasa, Rusiya kənarda qalacaqmı? Bunu demək çətindir. Buna qarşı durmaq üçün həmişə səbəb tapıla bilər. Ya “sülh bağlamağa məcbur etməyə” çalışacaqlar ya “referendum” keçirəcəklər, yaxud da Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına Azərbaycan ərazisindən atılan uzaq mənzilli mərmi düşəcək. Bəhanə hər zaman tapılacaq. Buna görə bu, çox çətin məsələdir. Bunun necə həll olunacağına dair bizim Ali Baş Komandan qərar verəcək. Lakin hesab edirəm ki, indi bu işlərə başlamağın zamanı deyil.
-MDB məkanında Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirləri necə qiymətləndirirsiniz?
-Bütün ağıllı dövlətlər bu bayramı qeyd edirlər. Ukrayna nədənsə bunu istəmədi. Bu yaxınlarda, bir-iki ay əvvəl səfirlik “Ukraynanın azad edilməsinin 70 illiyi” medalının buraxılacağı barədə elan etdi, lakin birdən-birə hər şey kəskin şəkildə dəyişdi. Ölkədə yeni rəhbərlik hakimiyyətə gəldi. İndi onlar Qərbin göstərişləri ilə hərəkət edirlər. Amerika nə desə, Ukrayna rəhbərliyi də o cür hərəkət edir.
Bu gün Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, müasir Rusiya tarixində, yəni Sovet İttifaqının süqutundan sonrakı dövrdə bugünkü qədər möhtəşəm 9 May paradı olmayıb. Azərbaycan prezidenti də ora gedəcək, bizim bölük də orada iştirak edəcək. Bu parada Çin, Monqolustan və bir çox başqa dövlətlərin rəhbərləri gələcəklər. Bu, Böyük Vətən müharibəsində qələbənin əhəmiyyətini dünyaya nümayiş etdirməlidir.
-Böyük Vətən müharibəsində qələbədən 70 il sonra təhlükəsizliyi təhdid edən hansı təhdidlər var? Bu təhdidlər haradan gəlir?
Təhdid okeanın o biri tayından gəlir. ABŞ bütün dünyanı idarə etmək istəyən super güc olmaq istəyir. Vaşinqton onlardan asılı olan hökumətləri hakimiyyətə gətirmək istəyir. Amma Rusiya böyük dövlət kimi bununla razılaşa bilməz. Stalindən başlayaraq bu gün Putin olmaqla Rusiya hər zaman buna qarşı mübarizə aparır. Yeltsinin zamanında isə bu mövqe bir qədər dəyişmişdi.
Hesab edirəm ki, Rusiya doğru hərəkət edir. Diqqət yetirin, bir neçə il əvvəl Liviya və İraqda vəziyyət necə idi. Orada hər şey qaydasında idi. Həmin Liviyada insanlar çox gözəl yaşayırdılar. Amma indi bu ölkə yavaş-yavaş dilənçi vəziyyətinə düşür. Bəs İraqda nələr baş verir? Yəməndə? Bütün Avropa qaçqınlarla dolub. Bütün bunlar uzaqgörən siyasət yürütməyən Amerika üçün yaxşı nəticələnməyəcək.
- Siz bugünkü gənclərə nə xeyir-dua verərdiniz?
Bizim ölkəmizə gəlincə, bu gün Azərbaycan müstəqil və düzgün siyasət yürüdür. Dünən prezident veteranlarla görüşdü və ölkəmizin hansı xəttin tərəfdarı olduğunu söylədi. Mən onunla 100% razıyam. Sovet vaxtında mən heç vaxt düşünmürdüm ki, Azərbaycan nə vaxtsa bu qədər yüksələcək. Xoşbəxtlikdən bu günü görmək mənə nəsib oldu.
Və mən gənclərimizə nə demək istəyirəm. Onlar indi çox gözəl ölkədə yaşayırlar və müstəqil Azərbaycanın onlara verdiklərini layiqincə qiymətləndirməlidirlər. Mən Stalinin, bütün baş katiblərin dövründə yaşamışam. Azərbaycanda başqa ölkələrlə müqayisədə həyat heç vaxt belə yüksək səviyyədə olmamışdı.
Bir məqamı da əlavə etmək istəyirəm. Bəzən bizə sual verirlər ki, niyə bizdə az general var? Axı biz pis vuruşmurduq. Deyək ki, mən bir general-polkovnikəm, əvvəllər isə general-leytenantlar az idi. Bunun da öz səbəbləri var. Heydər Əliyev birinci katib olmazdan əvvəl azərbaycanlıları hərbi məktəblərə, akademiyalara, aviasiya məktəblərinə qəbul etmirdilər. Yalnız o, Naxçıvanski adına hərbi məktəbi yaratdıqdan sonra azərbaycanlıların bu məktəblərə qəbul edilməsinə nail oldu. Əvvəllər isə azərbaycanlı çağırışçıları yalnız inşaat batalyonlarına xidmət etməyə göndərirdilər. Heydər Əliyevin yürütdüyü bu siyasət bu gün ona gətirib çıxardı ki, indi bizdə on generaldan doqquzu Naxçıvanski adına hərbi liseyin yetirməsidir.
Bəzən məndən soruşurlar ki, bütün bunların fonunda mən general-polkovnik rütbəsinə necə çatdım? Mən orduda 46 il xidmət etmişəm və hesab edirəm ki, mənin sadəcə bəxtim gətirdi ki, mənim həyat yolumda qarşıma beynəlmiləlçi insanlar çıxdılar. Əlbəttə, mənim general kimi formalaşmağımda Heydər Əliyev aparıcı rol oynayıb. Mən 30 ildən çoxdur ki, onu tanıyırdım. O, həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi və mən bunun üçün ona son dərəcə minnətdaram.
Başqa insanları da qeyd etmək istəyirəm. Məsələn, çox hörmətli general-leytenant Hüseyn Rəsulbəyov. O, Bakı dairəsinin zenit-raket qoşunlarının komandanı idi. O, mənə çox kömək edib. Rəsulbəyov dairə qərargahında işləyirdi, komandan idi, mən isə əvvəlcə polk, sonra diviziya və korpus komandiri oldum. Və o, hər zaman məni mümkün xoşagəlməz hadisələrlə bağlı xəbərdar edir, bu və ya digər hadisələrdə necə hərəkət etmək lazım olması barədə məsləhətlər verirdi. Bunun üçün mən ona çox minnətdaram.
Məni Bakıya təyin etdikdən sonra, təəssüf ki, biz birlikdə işləyə bilmədik. Rəsulbəyov ehtiyata getdi, nədənsə daha xidmət etmək istəmədi. Onu rabitə naziri təyin etdilər. O, çox uğurla fəaliyyət göstərirdi. Biz çox sıx ünsiyyət saxlayırdıq, təəssüflər olsun ki, o, vaxtından əvvəl dünyasını dəyişdi. İki il sonra, 2017-ci il iyunun 26-da general-leytenant Hüseyn Rəsulbəyovun anadan olmasının 100 ili tamam olacaq. Düşünürəm ki, respublikada bu tarixi qeyd edəcəklər.
Bundan başqa, Sovet İttifaqı marşalı Pavel Batitski, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, SSRİ aviasiyasının əsas marşalı Aleksandr Koldunov, ordu generalı Afanasi Şeqlov kimi beynəlmiləlçi rəhbərlər də olub. Onların hamısı mənə kömək edirdilər, baxmayaraq ki, mən azərbaycanlı idim. Onlar heç vaxt buna fikir vermirdilər. Hər şey necə gedirdi? Əgər işləyirsənsə, deməli, nəyəsə layiqsən. Hesab edirəm ki, mən indi malik olduğum rütbəyə bu insanların sayəsində çatmışam. Sovet İttifaqında azərbaycanlılara pis münasibət göstərilməsi isə çox ağır gəlir.
Söhbət etdi Rasim Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət