Azərbaycan hökuməti 2015-ci ilin sonuna kimi dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin dövlət tənzimlənməsi prosesini başa çatdırmağı planlaşdırır. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetində dərc edilmiş müsahibəsində deyib.
“Qiymət tənzimlənməsinə, ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılıb və dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.
Ş.Mustafayev Tarif Şurasının 250 dərman vasitəsinin qiymətlərinin təsdiq edilməsinə dair son qərarını şərh edərkən qeyd edib ki, bu qərar Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası çərçivəsində qəbul edilib.
“Prezident tərəfindən dərman vasitələri bazarında xaotik vəziyyətin müşahidə olunduğu, ədalətsizliklərin mövcudluğu, qiymətlərin süni şəkildə qaldırılması hesabına başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətlərinin bir neçə dəfə baha olduğu və insanların bu dərmanları almağa məcbur olduqları vurğulanıb. Dövlət başçısı bu pozuntulara son qoyulması və sentyabr ayından gec olmayaraq məsələnin artıq yeni müstəvidə həlli barədə tapşırıqlar verib”, - deyə nazir qeyd edib.
Ş.Mustafayev, həmçinin vurğulayıb ki, qiymətlərin tənzimlənməsi ilə şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır.
Onun sözlərinə görə, pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcək ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək.
Ş.Mustafayevin fikrincə, bu islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq.
“Digər tərəfdən dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcək. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcək ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq”, - deyə nazir qeyd edib.
O vurğulayıb ki, dərman vasitələrinin qiymətlərinə nəzarət aidiyyəti dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar vasitəsi ilə təmin ediləcək.
Onun sözlərinə görə, dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi və ya onların tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması hallarına yol vermiş əczaçılıq subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.
“Bu sahədə qiymət intizamının pozulmasına, dövlət tənzimləməsinin və nəzarətinin həyata keçirilməsi prosesində tələb olunan məlumatların subyektlər tərəfindən tam, düzgün və vaxtında verilməməsinə görə ciddi məsuliyyət tədbirləri və böyük məbləğdə maliyyə sanksiyalarını nəzərdə tutan qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib”, - deyə Ş.Mustafayev bildirib.
Bundan başqa, nazir vurğulayıb ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə yanaşı, keyfiyyətinə nəzarət də davam etdiriləcək.
Xəbər verildiyi kimi, Tarif Şurası həyati vacib və daha çox tələbat olan 250-dən çox dərman vasitəsinin qiymətini təsdiq edib.
“Tarif Şurasının qərarı ilə 2015-ci il sentyabrın 15-dən bu dərmanların satışı yalnız tənzimlənmiş qiymətlər əsasında mümkün olacaq. Dərmanların siyahısı http://www.tariffcouncil.gov.az/documents/Muqayise.pdf) ünvanında yerləşdirilib”, - deyə məlumatda qeyd edilir.
Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən, 40%-dən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90%-nin qiymətləri enib
Digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.
Azərbaycanda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi 4,5 mindən artıq adda dərman vasitəsini (20 mindən artıq dərman vasitəsi) əhatə edəcək. İlk növbədə həyati vacib və daha çox tələbat olan dərmanların qiymətləri tənzimlənəcək.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət