Azərbaycan Prezident Administrasiyası Avropa Parlamentinin respublika ilə bağlı qəbul etdiyi qətnaməni əsassız hesab edir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC dövlət informasiya agentliyinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər Qərbdəki bəzi islamofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir.
“Əminliklə demək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması və bu qurumun islamofob rəhbərliyinin də yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halı alıb”, - deyə Ə.Həsənov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyil.
“Onlara xatırlatmaq istərdim ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil”, - deyə Ə.Həsənov bildirib. O deyib ki, hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq və qanunların aliliyi təmin olunsun.
“Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun tələblərini əsas götürürlər. Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur və qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir və yerli məhkəmələrin qərarlarından həmin instansiyaya şikayət verilə bilər. Buna görə də konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”,- deyə Ə.Həsənov qeyd edib.
“Bu gün onlarla ölkənin iqtisadiyyatının çökməsi və milli sərvətlərinin talan edilməsində iştirak edən, yüz minlərlə insanın öz ölkəsini tərk etmək məcburiyyətində qalmasına səbəbkar olan bəzi Qərb liderlərinə qarşı sanksiyaların tətbiq edilməsi daha məntiqli və ədalətli olardı. Avropa Parlamenti Avropa İttifaqı məkanında dini və irqi ayrı-seçkilik, faşizm və ksenofobiya kimi halların qarşısını almalı, media nümayəndələrinin, QHT fəallarının hüquqlarının pozulmasını araşdırmalı və günahkarların cəzalandırılmasını tələb etməlidir”,- deyə o əlavə edib.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda korrupsiya hallarının araşdırılmasını tələb edən Avropa Parlamenti Avropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin müxtəlif vasitələrlə mənimsənilməsi hallarına qiymət verməli və bu özbaşınalığa qarşı etiraz edən vətəndaşların səslərinin susdurulmasına, etiraz aksiyalarının qəddar şəkildə dağıdılmasına göstəriş verən məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmalıdır: “Yaxşı olardı ki, Avropa Parlamenti Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının ayırdığı milyonlarla avro vəsaitin – Avropa vergiödəyicilərinin pullarının əslində hansı məqsədlərə xərcləndiyini araşdırsın və bu vəsaitlərin havaya sovrulduğunu anlasın. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində təsdiq olundu ki, bəzi QHT rəhbərləri Azərbaycan qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla xaricdən aldıqları qrantları Avropada mülklər əldə etməyə, özlərinin dəbdəbəli həyat tərzinə və şəxsi bank hesablarını doldurmağa xərcləyiblər”.
Avropa Parlamentinin beynəlxalq təşkilatları Azərbaycan Milli Məclisinə seçkilərə müşahidə missiyası göndərməkdən çəkindirmək çağırışına münasibət bildirən Ə.Həsənov qeyd edib ki, bu, həmin qurumun artıq reallıq hissini itirdiyini və müxtəlif dairələrin əlində oyuncağa çevrildiyini açıq şəkildə göstərir.
“Bu günlərdə Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Strasburqda avroparlamentarilər qarşısında çıxışı zamanı baş verən bir insidentlə bağlı istehza ilə demişdi ki, Avropa Parlamentinə hər cür adam düşə bilər. Onun fikrini inkişaf etdirərək bildirmək istərdim ki, Avropa Parlamenti həm də hər cür absurd və gülünc qətnamə qəbul edə bilər. Bu qurumun təcrübəsində belə hallar dəfələrlə olub və Azərbaycanla bağlı qəbul olunmuş sonuncu qətnamə də bir daha bunu təsdiq edir”, - deyə prezidentin köməkçisi qeyd edib.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivinə gəldikdə, Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfdaşlıq əlaqələrini, bərabərhüquqlu əməkdaşlığı davam etdirməyə hazır olduğunu dəfələrlə bəyan edib və bu gün də öz mövqeyində qalır. Lakin Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını qəbul etməyəcək, “böyük-kiçik” münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək. Artıq bu həqiqəti anlamağın və münasibətlərin pozulmasına yönəlmiş cəhdlərdən əl çəkməyin zamanıdır.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət