“İnterfaks-Azərbaycan” agentliyinin İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş ilə müsahibəsi
- Azərbaycana səfərinizin məqsədi barədə məlumat verərdiniz.
- İlk öncə qeyd etməliyəm ki, Azərbaycanın 25 illlik müstəqilliyi dövrü ərzində İranla bütün istiqamətlərdə münasibətlər genişlənib. Xüsusilə, son üç il ərzində Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhanı yeddi dəfə görüşüblər. Bu, Azərbaycanla İran arasında qarşılıqlı münasibətləri daha da yüksək səviyyəyə çatdırmaq üçün iki ölkə liderinin siyasi iradəsinin ən yaxşı göstəricisidir.
Ərdəbil Əyaləti Azərbaycanla 370 kilometr uzunluğunda sərhədə malikdir. Bizim dilimiz, dinimiz, mədəniyyətimiz ümumidir. Azərbaycanda Ərdəbil əsilli çox sayda insan yaşayır. Hazırda Biləsuvarda sərhəd-keçid məntəqəsindən (Azərbaycan-İran sərhədində Qoşatəpə məntəqəsi - İF-Az) hər gün təxminən 1 min insan keçir.
Böyük nümayəndə heyəti, özəl biznesin nümayəndələri ilə Bakıda səfərdəyik. Onlar Azərbaycan tərəfi ilə işgüzar əlaqələri olan şəxslərdir. Nümayəndə heyətinə əczaçılıq fabriki və iqtisadiyyatın digər sahələrinin nümayəndələri daxildir. Əsas məqsədimiz - Azərbaycanla ticari-iqtisadi münasibətləri inkişaf etdirməkdir.
Azərbaycanda olduğumuz zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşdük. Bu şəhərdə bir sıra sənaye müəssisələri və fabriklərlə tanış olduq. Sumqayıtda keçirilən səmərəli görüş nəticəsində Ərdəbildən sahibkarlarla əməkdaşlığa, xüsusilə qarşılıqlı sərmayələrə dair razılıq əldə edilib. Bizim iş adamları Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaq niyyətində olduqlarını bildiriblər. Bundan başqa, azərbaycanlı sahibkarları Ərdəbilə investisiya yatırmağa dəvət etdik.
Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın sədri Şahin Mustafayevlə görüş keçirdik. Şükürlər olsun ki, bu gün ticarət sahəsində bir çox problemlər öz həllini tapıb. Bəzi məqamlar var idi ki, onlar da həll olundu.
O cümlədən, prezident İlham Əliyevlə görüşdük. Dövlət başçınız bizi mehriban və dostluq şəraitində qəbul etdi. Sumqayıt və Ərdəbilin qardaşlaşmasına dair qərar qəbul olundu.
Bundan başqa, Bakıda kənd təsərrüfatı naziri Heydər Əsədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşlərimiz planlaşdırılıb.
- Sumqayıt və Ərdəbil şəhərləri arasında qardaşlaşma haqqında sənədin imzalanması nə zaman planlaşdırılır?
- Bu sənəd 2016-cı ilin sonuna kimi imzalanacaq. Ümid edirəm ki, cari ilin sonuna qədər Zakir Fərəcov və Şahin Mustafayev əyalətimizin imkanlarınin şahidi olmaq, sərmayə yatırmaq üçün sahələrlə tanışılıq məsədilə bir qrup sahibkarla Ərdəbilə səfər edəcəklər.
- Azərbaycanda olduğunuz zaman hər hansı sənədlərin imzalanması nəzərdə tutulur?
Prezidentlərin iştirakı ilə iki ölkənin nazirləri səviyyəsində sənədlər artıq imzalanıb. Məhz həmin sənədlərdə qeyd olunan vəzifələrin icrası məqsədilə Azərbaycandayıq.
Lakin, səfər çərçivəsində Ərdəbildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasıvə İran tərəfindən müvafiq struktur arasında sənədin imzalanması nəzərdə tutulur.
Əsas məqsədimiz hər iki istiqamətdə insan axınını artırmaq, turizmi inkişaf etdirməkdən ibarətdir. Azərbaycanlı iş adamlarını Ərdəbilin turizm potensialı ilə tanış olmağa dəvət etdim. Bizim mineral sularla əhatə olunan yerlərimiz var. Hər il təxminən 5 mln. turist bura səfər edir. Sahibkarlarınız bizim turizm və ASK sahələrində imkanlarımızla tanış olsunlar.
İki ölkənin hökuməti və prezidentlər əsas xətti təsdiq ediblər. Bizim vəzifəmiz - əyalətlər səviyyəsində münasibətləri inkişaf etdirmək və qarşılıqlı sərmayələr üçün yol açmaqdır.
- Bir əyalət olaraq Ərdəbil Azərbaycana konkret nə təklif edə bilər?
- Biz bir neçə təklif irəli sürmüşük. Birincisi, süd məhsulları - süd, pendir, qatıq istehsalı, o cümlədən qablaşdırma materiallarında reklamların hazırlanması ilə məşğul olan müəssisələr bizdə yaxşı inkişaf edib. Həmçinin ASK sahəsində məhsulların istehsalı məqsədilə azərbaycanlı iş adamlarına torpaq ayıra bilərik. Bundan başqa, beşulduzlu otelin tikintisi üçün torpaq sahəsi ayrmaq mümkündür.
Azərbaycana gəlincə isə, ötən il Ərdəbildən sizin ölkəyə 100 min ton kartof tədarük olunub. Düzdür, gömrükdə bir qədər çətinliklər oldu, lakin onlar artıq həll olunub. Cüzi məqamlar qalıb ki, onların da həlli barədə razılğa gəlmişik.
Ərdəbildə Azərbaycan vətəndaşları məşhur Savalan dağını ziyarət edə bilərlər. Bu, hündürlüyünə görə İranda ikinci dağdır. Onun hündürlüyü 4888 metrdir. İl ərzində 40-45 min nəfər onun zirvəsinə çıxır. Hazırda burada geotermal işlər aparılır, torpağın altından buxar çıxır. Biz həmçinin Azərbaycan tərəfi ilə həmin buxarın elektrik enerjisi əldə etmək üçün istifadəsinə dair danışıqlar aparmışıq.
Orada 500 növ çiçək bitir, bal istehsal olunur, 100 minə yaxın mineral su mənbəyi var. Yeraltı suyun temperaturu müsbət 84 dərəcə təşkil edir.
Goğrafi baxımdan biz çox yaxınıq. İki saata Biləsuvara, oradan daha iki saat ərzində Ərdəbilə çatmaq mümkündür. Azərbaycanlı qardaş-bacılarımızın tez və maneəsiz sərhədi keçməsi məqsədilə sərhəd-keçid məntəqəsinin yenidənqurulmasına $3 mln. sərmayə yatırmışıq. Hər gün 200-ə yaxın iri tonnajlı yük avtomobili Azərbaycan-İran sərhədini keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedir.
Şah İsmayıl Xətaininbabası Şeyx Səfiyəddin Ərdəbillinin məqbərəsinin Ərdəbildə olduğunu qeyd etmək yerinə düşərdi. Şah İsmayıl özü də orada dəfn olunub. Bizim bir neçə qədim məskun yerimiz, muzeylərimiz var. Onlar hamısı ziyarətçilər üçün açıqdır.
Bir sözlə, həm iqtisadi, həm də mədəni əlaqələrin qurulması üçün çoxlu şərait var.
- Azərbaycan prezidenti ilə görüşü necə qiymətləndirirsiniz?
- Biz bu görüşü çox vacib kimi qiymətləndiririk. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə İlham Əliyevi təbrik etdik, prezident Həsən Ruhaninin təbriklərini çatdırdıq. İlham Əliyev Ərdəbil barədə müsbət fikirlərini bildirdi, onun qədim tarixi və mədəniyyətini qeyd etdi.
İlham Əliyevin İrana gələcək səfərləri zamanı Həsən Ruhanidən Azərbaycan prezidentinin Ərdəbilə səfərinin təşkili barədə xahiş edəcəyimə dair qərar qəbul olundu. Azərbaycan tərəfi ilə görüş zamanı bizə bildirdilər ki, Ərdəbilin imkanlarının təşviqinə dair nazirliklərə tövsiyyələr təqdim olunacaq.
Prezident İlham Əliyevə bizə ayırdığı zamana və səmimi söhbətinə görə minnətdarlığımızı bildiririk. Həmin görüş zamanı qeyd olundu ki, bizə tərcüməçilər lazım deyil. Biz ana dilimizdə söhbət edirik.
- Agentliyimizə ayırdığınız zamana görə sizə minnətdarıq.
- Siz də sağ olun. Səmimi qəbula görə prezident İlham Əliyevə, nazirlərə və digər vəzifəli şəxslərə minnətdarlığımızı bildiririk.
Söhbət etdi Fərdin İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət