Azərbaycanın hüquq-mühafizə orqanları iyulun 10-da Gəncədə icazəsiz aksiyanın qarşısı alınarkən iki polis zabitini öldürməkdə şübhəli bilinən 2 nəfərin şəxsiyyətini müəyyən edib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, onlar Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovdur.
“Hazırda onların tutulması üçün intensiv iş aparılır”, - deyə məlumatda qeyd olunur.
2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daha əvvəl verilən məlumata görə, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd etmiş Yunis Səfərova dəstək məqsədilə keçirilib.
Xatırladaq ki, iyulun 3-də axşam saatlarında E.Vəliyevə silahlı hücum olub. İnsident nəticəsində yaralanan icra başçısı hazırda müalicə alır. Onun mühafizəçisi də yaralanıb.
İcra başçısına silahlı hücum etmiş Yunis Səfərov hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində tutulub.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunur ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.
Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət