Çərşənbə günü Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirib.
Baş nazir son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artdığını bildirib. “Bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir”, - Nazirlər Kabinetinin mətbuat xidməti Əsədovun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8%, inflyasiya 2,8% təşkil edir.
Baş nazir bildirib ki, bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında gərginlik hiss olunur. “Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib”, - Rüstəmov vurğulayıb.
Elman Rüstəmov qeyd edib ki, martın 10-11-də keçirilən hərraclarda bazarın bütün tələbatı tam şəkildə ödənilib. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcəklər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2% icra olunub. Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5% artıb.
Cabbarov əlavə edib ki, “Azərbaycan iqtisadiyyatının istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur”.
Nazir, həmçinin əlavə edib ki, iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanıb hökumətə təqdim olunacaq.
Maliyyə naziri Samir Şərifov müşavirədə qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxarır. “Cari il üçün təsdiq olunmuş dövlət büdcəsinə nəzər salsaq görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, SOCAR-ın və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. SOCAR-ın gəlirlərinin formalaşmasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi buna təsir etmir. Neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3%-i səviyyəsindədir”, - nazir vurğulayıb.
Şərifov əlavə edib ki, koronavirus epidemiyası ilə bağlı bəzi ezamiyyələrin təxirə salınması gözlənilir.
Müşavirənin yekunları üzrə bir sıra qərarlar qəbul olunub. İlk növbədə, Mərkəzi Bank və Dövlət Neft Fondu valyuta bazarında sabitliyin qorunması məqsədilə zəruri tədbirlər görülməsi istiqamətində işləri davam etdirsin. Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsinin maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və büdcə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirsin.
Müşavirəyə yekun vuran baş nazir Əli Əsədov yaranmış qlobal iqtisadi vəziyyətin mürəkkəb olduğunu bildirərək deyib: “Lakin biz vəziyyətə gündəlik əsasda nəzarət edirik və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır. Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək”. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət