“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-yə "BB+" səviyyəsində emitentin uzunmüddətli kredit reytinqini və uzunmüddətli maliyyə dayanıqlılığı reytinqini verib.
Reytinqlər üzrə proqnoz “Stabil”dir.
“PAŞA Sığorta” şirkətinin reytinqləri Azərbaycanın ümumi sığorta bazarında şirkətin lider mövqelərinə dair agentliyin rəyini, eləcə də müqayisə olunan Azərbaycan və beynəlxalq şirkətlərlə müqayisədə sığorta fəaliyyətinin yüksək göstəricilərini əks etdirir. Eyni zamanda, agentlik Azərbaycanda ümumi sığorta sektorunun yüksək sahə və ölkə risklərini qeyd edir. "Bundan başqa, fikrimizcə, investisiya portfelində yüksək riskli aktivlərin böyük həcmdə olması və investisiya portfelinin konsentrasiyası ilə bağlı risklər şirkətin reytinqlərinə mənfi təsir göstərir", - deyə agentlik vurğulayır.
“S&P” Azərbaycanın sığorta şirkətləri üçün əməliyyat fəaliyyətinin aparılması şərtlərini makroiqtisadi meyillər, sığorta məhsullarının aşağı nüfuzetmə səviyyəsi və sektorun artımının orta perspektivləri nəzərə alınmaqla mürəkkəb kimi qiymətləndirir. "Şirkət bazarın lideridir və uzunmüddətli iş təcrübəsi, brendin tanınması və biznesin şaxələndirilməsi ilə bağlı üstünlüklərə malikdir. Şirkət Azərbaycanın ümumi sığorta bazarının 36%-ni tutur: 2019-cu ildə şirkətin brutto sığorta haqlarının həcmi 148 milyon manat (təxminən $87 milyon) təşkil edib. Biz şirkətin bazar mövqelərini yaxın iki il ərzində saxlayacağını gözləyirik", - deyə məlumatda vurğulanır.
Milli ümumi sığorta bazarı avtomobil sığortası seqmentində yüksək konsentrasiya (2019-cu ildə ümumi brutto sığorta haqlarının həcminin təxminən 35%-i) ilə xarakterizə olunur, lakin “PAŞA Sığorta”nın biznesi yaxşı şaxələndirilib. Şirkətin biznesinin əsas istiqamətlərinə tibbi sığorta (2019-cu ildə brutto sığorta haqlarının 40%-i), avtomobil sığortası (20%) və daşınmaz əmlakın sığortası (18%) daxildir. "Biz gözləyirik ki, 2020-2021-ci illərdə şirkətin biznesinin təxminən 80%-i bu üç istiqamətin payına düşəcək. “PAŞA Sığorta”nın sığorta haqlarının böyük hissəsi tibbi sığorta çərçivəsində bir müqavilənin payına düşür (2019-cu ildə şirkətin ümumi brutto sığorta haqlarının təxminən 28%-i)”, - deyə məlumatda qeyd olunur.
"Bizim baza ssenarimiz çərçivəsində hesab edirik ki, “PAŞA Sığorta”nın sığorta haqlarının həcmi bu dövrdə hər il orta hesabla 5% artacaq ki, bu da Azərbaycanın ümumi sığorta bazarı ilə bağlı proqnozlarımıza uyğundur. Buna baxmayaraq, biz koronavirus pandemiyası və neftin qiymətinin volatilliyi ilə əlaqədar Azərbaycanın iqtisadi artım tempinə təzyiqlər nəzərə alınmaqla 2020-ci ildə sığorta haqlarının artım səviyyəsinin məhdudlaşacağını gözləyirik. Hesab edirik ki, bazarda, xüsusilə qiymətli kağızlar bazarında qeyri-sabitlik şirkətin investisiya gəlirinə mənfi təsir göstərə bilər", - deyə agentlik vurğulayır.
“S&P”nin qiymətləndirmələrinə görə, yaxın iki il ərzində “PAŞA Sığorta” yaxşı gəlirlilik göstəricilərini saxlaya biləcək. "Proqnozlarımıza uyğun olaraq, şirkətin kombinasiya edilmiş əmsalının (zərər və xərclər) 85%-dən aşağı səviyyədə qalacağı ehtimal olunur. Bu, şirkətin Azərbaycanın ümumi sığorta seqmentində lider olaraq, bazarda qiymət əmələ gəlməsinə təsir göstərmək qabiliyyəti, sərt anderraytinq standartları, eləcə də yüksək əməliyyat effektivliyi ilə şərtlənib. Biz qeyd edirik ki, şirkətin sığorta portfeli pandemiya risklərindən (o cümlədən koronavirus risklərindən), həmçinin turoperatorların öhdəlikləri ilə bağlı risklərdən müdafiəni nəzərdə tutmur.
“Bizin gözləntilərimizə görə, “PAŞA Sığorta”nın dividendləri şirkətin planlarına uyğun olaraq yaxın iki il ərzində xalis mənfəətin 50%-dən çox olmayacaq”, - deyə agentlik qeyd edir.
Şirkətin maliyyə riskləri profilinin qiymətləndirilməsi "BB" reytinq kateqoriyası səviyyəsində investisiya portfelinin orta kredit keyfiyyəti ilə məhdudlaşıb ki, bu da digər ölkələrin müqayisə oluna bilən sığorta şirkətləri ilə müqayisədə nisbətən aşağı səviyyədir. Bu, həm də Azərbaycanın bank sektorunda şirkətin investisiyalarının böyük konsentrasiyası ilə əlaqədardır.
"Biz “PAŞA Sığorta” şirkətinin sığorta sektorunda böyük iş təcrübəsinə malik olan yüksək ixtisaslı idarəetmə komandasına sahib olmasını və yaxşı inkişaf etmiş risk menecmenti praktikasının (Azərbaycanın digər sığorta şirkətləri ilə müqayisədə) mövcudluğunu müsbət amil kimi qiymətləndiririk", - deyə agentlik qeyd edir.
“S&P”nin qiymətləndirmələrinə görə, hazırda “PAŞA Sığorta” öhdəliklərə xidmət göstərmək üçün kifayət qədər likvidlik ehtiyatına malikdir: 2019-cu ilin sonuna olan vəziyyətə görə, likvidlik əmsalı 112% təşkil edib. Bu göstərici MDB regionunun “S&P Global Ratings” agentliyinin reytinqinə malik olan digər sığorta şirkətlərinin göstəriciləri ilə müqayisədə aşağıdır. Hazırda biz “PAŞA Sığorta”nın likvidlik ehtiyatlarını yetərli səviyyədə saxlayacağını gözləyirik. Bununla belə, likvid aktiv ehtiyatlarının azalacağı təqdirdə likvidliyin qiymətləndirilməsinə yenidən baxılması mümkündür", - deyə agentlik vurğulayır.
"Stabil" proqnozu yaxın 12 ay ərzində “PAŞA Sığorta”nın həm sığorta, həm də investisiya seqmentində yaxşı nəticələr sayəsində əməliyyat fəaliyyətinin yüksək göstəricilərini qoruyub saxlaya bilməsi gözləntilərini əks etdirir ki, bu da şirkətə kapitallaşmanın əhəmiyyətli səviyyəsini və Azərbaycanın ümumi sığorta seqmentində lider mövqeyini saxlamağa imkan verəcək.
“S&P” aşağıdakı hallarda yaxın 12 ay ərzində mənfi reytinq hərəkəti tətbiq edə bilər: Agentlik Azərbaycan Respublikasına qarşı mənfi reytinq hərəkəti tətbiq etdikdə, bu isə şirkətin investisiyalarının kredit keyfiyyətinə və əməliyyat şəraitinin pisləşməsi səbəbindən “PAŞA Sığorta”nın sığorta fəaliyyətinin nəticələrinə təzyiq göstərə bilər; sığorta portfelinin artım templərinin, sığorta və ya investisiya fəaliyyəti nəticəsində dividend ödənişlərinin və ya zərərin gözləniləndən daha yüksək olması nəticəsində kapitallaşma göstəriciləri azaldıqda (bu isə bizim baza ssenarimizdə nəzərdə tutulmayb); “PAŞA Sığorta” şirkətinin investisiya strategiyası daha aqressiv olduqda və onun investisiyalarının orta çəkili kredit keyfiyyəti "B" səviyyəsinə yaxınlaşdıqda.
"Biz ölkənin uzunmüddətli suveren reytinqinin "BB+" səviyyəsində olması faktını nəzərə alaraq, şirkətlə bağlı müsbət reytinq hərəkətini yaxın 12 ayda az ehtimal olunan hesab edirik”, - deyə agentlik vurğulayır.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət sığorta haqlarının yığım və ödəniş həcminə görə sığorta şirkətlərinin ilk üçlüyündə yer alır. “PAŞA Sığorta” 31 sığorta növü üzrə xidmət göstərir.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət