Azərbaycanın Rus İcması Qarabağ regionundakı vəziyyətlə bağlı bəyanat yayıb.
“Martın 26-da səhər saatlarında Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat cəhdinin qarşısı uğurla alınıb. Gələcəkdə də belə hadisələrin baş verməməsi üçün Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mövqelərini dəyişdirir və möhkəmləndirir. Son hadisələrin fonunda Azərbaycanın tarixi torpağı olan Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur: “Biz Azərbaycanın etnik rus əhalisi, eləcə də bütün Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişafı dərinləşdirilməyə, ölkənin müdafiə qüdrətinin gücləndirilməyə yönəlmiş mövqeyini və fəaliyyətini, millətlərarası sülhü və dövlətimizin ictimai-siyasi sabitliyini qoruyub saxlama siyasətini tam dəstəklədiyimizi bildiririk. 44 günlük Vətən müharibəsində müxtəlif millətlərdən olan Azərbaycan vətəndaşları, o cümlədən, ruslar cəbhəyə yollanaraq, vahid “Dəmir Yumruq” halında birləşib düşməni darmadağın etdilər. Ağır döyüşlərin getdiyi günlərdə Azərbaycanın Rus İcması informasiya blokadasını yarmaq və regionda baş verən hadisələrlə bağlı həqiqətləri çatdırmaq üçün əlindən gələni etdi. Əsgərlər üçün cəbhəyə yüzlərlə bağlama göndərildi, mitinq təşkil edildi, paytaxt küçələrində Azərbaycan, Rusiya və Türkiyə bayraqları olan 30-a yaxın avtomobilin iştirak etdiyi avtomobil yürüşü ümumi Qələbə və Sülh arzusunun simvolu oldu”.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı müharibənin başa çatması ilə nəticələndi. Azərbaycan, demək olar ki, dərhal işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlayıb, Ermənistanı sülh müqaviləsi imzalamağa və regionda nəqliyyat kommunikasiyalarının inkişafı üçün birgə işləməyə çağırıb. Rusiya Bakının təşəbbüslərini və addımlarını fəal şəkildə dəstəkləyir.
Bununla belə, Rus İcması ciddi və bütün region üçün təhlükə yaradan həll olunmamış məsələlərin olduğunu bildirir: “Üçtərəfli bəyanatın 4-cü bəndinə uyğun olaraq, tərəflər razılaşıblar ki, Rusiyanın sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən çıxarılması ilə paralel olaraq regionda yerləşdirilir. Təəssüf ki, bu bənd indiyədək həyata keçirilməyib. Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlı birləşmələrinin olması regiondakı vəziyyətə mənfi təsir göstərir və uzunmüddətli sülhün bərqərar olmasına ciddi maneədir. Məhz bu birləşmələr öz cinayətkar fəaliyyətləri ilə Azərbaycan ərazisini atəşə tutmaqla dəfələrlə rus sülhməramlılarını pis vəziyyətdə qoyublar ki, bu da Bakı ilə Moskva arasında fikir ayrılığına səbəb olub”.
Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında 22 fevral 2022-ci il tarixli bəyannamədə bir daha vurğulanıb ki, iki dövlət münasibətlərini müttəfiqlik, əməkdaşlıq, müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına qarşılıqlı hörmət əsasında qururlar. Həmin bəyannamədə o da qeyd edilir ki, Rusiya və Azərbaycan öz ərazilərində digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətinin qarşısını alırlar.
Azərbaycanın Rus İcması Rusiyanı Bakının vəziyyətini və hərəkətlərini obyektiv qiymətləndirməyə, Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tezliklə çıxarılmasına töhfə verməyə çağırır: “Yalnız bu, regionda sülhün bərqərar olmasına, nəqliyyat kommunikasiyalarının tez bir zamanda açılmasına və iki xalq arasında əlaqələrin qurulmasına kömək edəcək”.
Bundan başqa, Rus İcması bildirir ki, 2022-ci il martın 27-də “Rossiya 24” telekanalının “60 dəqiqə” proqramının efirində Ədalətli Rusiya Partiyasının üzvü, Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanı Qarabağdakı hərəkətlərinə görə cəzalandırmağa və neft sənayesini bombalamağa çağırıb.
“Dövlət Dumasının deputatının təxribat xarakterli və Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin inkişafına fayda verməyən bu cür axmaq bəyanatlarını qətiyyətlə pisləyir və Ədalətli Rusiya Partiyasını deputat Delyaginin hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.
Təşkilat hesab edir ki, indiki şəraitdə Rusiyanın rəsmi sənədlərində və kütləvi informasiya vasitələrində “Dağlıq Qarabağ” adının, hüquqi baxımdan mövcud olmayan toponimlərin istifadədən çıxarılması da vacibdir. “Artıq Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamına əsasən, Qarabağ iqtisadi zonası ilə yanaşı Şərqi Zəngəzur da var. “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya tərəfindən tanınan və qəbul edilən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlikdir. Azərbaycanın Rus icması olaraq əminik ki, mehriban qonşuluq, yüksək mənəviyyat, qarşılıqlı hörmət Azərbaycan ilə Rusiya arasında möhkəm və uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Ümid edirik ki, Rusiya Federasiyasının rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün bütün tədbirləri görəcək”, - deyə bəyanatda vurğulanır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət