Milli Məclisin dünən keçirilən plenar iclasında “İcbari sığortalar haqqında” qanuna düzəlişlər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Qanuna edilmiş dəyişikliklərə əsasən, sığorta hadisəsi baş verərkən dövlət və bələdiyyə əmlakına zərər dəyibsə, sığorta şirkəti dəymiş ziyanın icbari qiymətləndirilməsini təmin etməlidir.
Bundan başqa, sığorta şirkəti sığorta ödənişi etməkdən imtina edərsə və ya edilən ödənişin məbləği sığortalanan şəxsi qane etməzsə, o, məhkəməyə və ya dövlət sığorta nəzarəti orqanına şikayət ərizəsi ilə müraciət edə bilər.
Habelə qanuna edilən düzəlişlərə əsasən, İcbari Sığorta Bürosunun (İSB) fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub. Əvvəllər büronun funksiyasına icbari sığortanın 4 növü üzrə sığorta hadisəsi baş verərkən qarşılıqlı münasibətlərin nizamlanması daxil idisə, qanuna edilən düzəlişlərdən sonra büronun fəaliyyəti genişləndiriləcək və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü də əhatə edəcək.
Qanuna edilən düzəlişlər icbari sığorta çərçivəsində informasiya sisteminin funksiyalarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, informasiya sistemi yalnız avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə deyil, həmçinin daha 4 sığorta növünə də şamil ediləcək. Bunlar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta, daşınmaz əmlakın sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası və sərnişinlərin sığortasıdır.
Bundan başqa, düzəlişlər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 il müddətinə bağlanmış müqavilə çərçivəsində sığorta haqlarının həcminin azaldılmasını nəzərdə tutur. 1 ay müddətinə müqavilə bağlanarkən sığorta haqqı illik tarifin həcminin 25%-ni təşkil edirdi. Düzəlişlərə əsasən, bu halda sığorta haqqının həcmi 20%-ə qədər azaldılır. Bununla yanaşı, tranzit məqsədi ilə ildə bir neçə dəfə Azərbaycan ərazisindən keçən, xaricdə qedyiyyata alınmış avtomobillərin sürücüləri 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta polisini əldə edə bilərlər. Əvvəllər onlar sığorta polisini Azərbaycana hər səfərlərində almalı olurdular.
Düzəlişlərə əsasən, yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsinin sürücüsü, avtomobilin sərnişini və ya piyada həlak olarsa, sığorta şirkəti iki iş günü ərzində (ölüm faktını təsdiq edən bütün sənədlər olmaq şərti ilə - İF-Az) həlak olanın ailəsinə sığorta məbləğinin 20%-i həcmində kompensasiya ödəmək hüququna malikdir. Sığorta hadisəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə polisin sahibinin müqəssir olması təsdiq edildikdən sonra sığorta şirkəti həlak olanın ailəsinə qalan məbləği də ödəyir. Əks halda sığorta şirkəti sığortalanmış şəxsdən subroqasiya tələb etmək hüququ əldə edir.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanunun tətbiqi çərçivəsində yaradılıb. Hazırda 12 sığorta şirkəti büronun üzvüdür.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət