Türkmənistan qazının Trans-Anadolu qaz kəməri (TANAP) ilə Türkiyə və daha sonra Avropaya nəqli 10 ildən tez müddətə mümkün deyil. Müstəqil ekspert, Azərbaycan Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban belə hesab edir.
Cümə axşamı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə və Azərbaycan Türkmənistan qazının Trans-Anadolu qaz kəməri (TANAP) ilə nəqlində maraqlıdır.
“Bu məsələ biznes qarşısında kifayət qədər maraqlı perspektivlər açır. Axı 90-cı illərdə (ötən əsrin - İF-Az) bu layihədə yalnız biznes fəal olub, siyasət isə ondan sonra gəlirdi. İndi hər iki seqment Türkmənistan qazının Avropa bazarlarına nəqli üzrə möhtəşəm layihənin reallaşdırılmasında bir-birinə yardım edə bilər”, - deyə İ.Şaban qeyd edib.
Lakin ekspert hesab edir ki, bu, yaxın perspektivdə həll olunacaq məsələ deyil.
“Bu, ən yaxşı halda yalnız 10 ildən sonra həyata keçirilə bilər, çünki TANAP 2025-ci ildən tez olmayaraq maksimal ötürmə gücünə malik olacaq”, - deyə ekspert vurğulayıb.
İ.Şabanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının qəbul etdikləri Aşqabad bəyanatında təbii qazın Xəzər dənizi regionundan Türkiyə ərazisi ilə Avropaya nəqlinin xüsusi əhəmiyyətinin vurğulanmasına da diqqət yetirmək lazımdır.
“Tərəflər bu cür konsensusa ilk dəfə gəliblər, baxmayaraq ki, ötən il Bakıda keçirilən görüş zamanı da qazın nəqli məsələsi bu üç ölkənin XİN başçılarının diqqət mərkəzində olub. İkincisi, bu sənəd tərəflərin niyyətlərini göstərən siyasi xarakter daşıyır. Yəni burada layihənin kommersiya məsələləri və aspektləri nəzərə alınmır”, - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, Türkmənistan qaz hasilatı ilə məşğul olan ölkə olaraq, öz qazının müxtəlif marşrutlarla və ayrı-ayrı alıcılara ixrac edilməsində maraqlı tərəf kimi “mavi yanacağı”nı “qərb” marşrutu ilə Avropaya nəql etmək niyyətində olduğunu bildirib.
“Azərbaycan və Türkiyə bu mənada Türkmənistanı əmin ediblər ki, əgər rəsmi Aşqabad gələcəkdə konkret niyyət bildirərsə, o zaman onun təşəbbüsünü dəstəkləyəcəklər”, - deyə o vurğulayıb.
Ekspert, həmçinin diqqəti üç ölkənin XİN başçılarının birgə bəyanatında “Cənub Qaz Dəhlizi” layihəsinin deyil, məhz TANAP layihəsinin qeyd olunması faktına yönəldib.
“Məsələ ondan ibarətdir ki, “Cənub Qaz Dəhlizi” dedikdə, TANAP-ın davamı, sonradan bu layihəyə Trans-Adriatik qaz kəmərinin (TAP) qoşulması nəzərdə tutulur. TAP-ın layihələndirilməsi zamanı, hətta həcmin gələcəkdə 2 dəfə artacağı nəzərə alınmaqla yalnız Azərbaycan qazının həcmləri üçün nəzərdə tutulmuşdu. TANAP-ın maksimal ötürmə həcmləri TAP-ın illik həcmlərindən 11 mlrd. kubmetr çoxdur. Bununla əlaqədar TANAP-ın manevr etmə qabiliyyəti TAP-ın qabiliyyətindən yüksəkdir, çünki Türkiyə sərhədindən həm Azərbaycan, həm də Türkmənistan qazının Avropanın müxtəlif ölkələrinə nəqlini təmin etmək mümkündür”, - deyə o qeyd edib.
«Region +» jurnalının baş redaktorunun müavini Fuad Hüseynəliyev isə bildirib ki, Aşqabadda səslənən bəyanatlar Türkmənistan qazının Avropaya nəqlinin təşkili üçün əsas ola bilər.
Azərbaycan tərəfindən yaradılan “Cənub Qaz Dəhlizi” infrastrukturu gələcəkdə Türkmənistandan, İraqdan, daha uzun perspektivdə isə İrandan qaz nəqlinə xidmət edə bilər. Hazırkı mərhələdə Türkmənistan üçün qazın əsas satış bazarı Çindir. Lakin yaxın illər ərzində Rusiya qazı da bu bazara daxil olacaq, bu isə qiymət qoyulma məsələsində Çin şirkətlərinin rəqabətini və mövqeyini gücləndirəcək. Buna görə Türkmənistan üçün prioritet məsələ Avropa qaz bazarında güclənmək və öz payını əldə etməkdən ibarətdir.
Ekspert xatırladıb ki, Xəzəryanı dövlətlərin başçlılarının son sammitində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov vurğulayıb ki, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi - bu cür boru kəmərlərinin tikintisi onların dibinin hissələri ilə keçdiyi dövlətlərin suveren hüququdur və bu səbəbdən yalnız onların razılığı ilə həyata keçirilə bilər. “Bununla Q.Berdıməhəmmədov mümkün ekoloji təhdidlərə istinad edən RF və İranın müqavimətinə baxmayaraq, gələcəkdə Trans-Xəzər qaz kəməri məsələsini aktuallaşdırmaq niyyətini nümayiş etdirdi”, - deyə o qeyd edib.
“Bununla əlaqədar Malayziyanın “Petronas” şirkətinin “Şahdəniz” layihəsinə daxil olmasını da qeyd etmək olar. Bu şirkət nəinki neftlə, həm də təbii qaz yataqları ilə zəngin olan Türkmənistanın dəniz yataqlarını fəal işlədir. Bu şirkətin Xəzərin hər iki tərəfində qaz layihələrində iştirakı da Trans-Xəzərin carçısı ola bilər”, - deyə o vurğulayıb.
F.Hüseynəliyev hesab edir ki, Türkmənistan qazının Avropaya çıxışı RF üçün Çin və Cənubi-Şərqi Asiya bazarında daha geniş perspektivlər açır, çünki əsas rəqibi digər regiona aparır.
Ekspertin sözlərinə görə, qazın Avropaya nəqli üzrə danışıqlar prosesində Türkmənistanın fəallığı regionun dəyişən enerji xəritəsinin bir neçə trendləri barədə xəbər verir. Onun fikrincə, bununla bərabər, Türkmənistan qazının Avropaya nəqli üçün yeganə imkan kimi Trans-Xəzər qaz kəməri və sonradan “Cənub Qaz Dəhlizi” sisteminin istifadəsi qalır.
“Qərb ilə Rusiya arasında güclənən qarşıdurma tam olaraq enerji müstəvisinə keçə, xüsusilə də qaz müharibələrinə çevrilə bilər. RF-nin Ukrayna qaz nəqli sistemi vasitəsilə 2020-ci ildən etibarən qaz tədarükündən imtinası və “Türk axını” layihəsinin təşəbbüsü ona gətirib çıxara bilər ki, Avropa “Cənub axını” ilə olduğu kimi, bu layihəni də təcrid edə bilər”, - deyə F.Hüseynəliyev vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin mövqeyi ondan ibarətdir ki, Ukrayna qaz nəqli sistemi, həmçinin “Şimal axını” mövcud olduğu halda RF-dən Avropaya yeni qaz kəmərlərinə heç bir zərurət yoxdur. Digər tərəfdən, qaz tədarükünə dair uzunmüddətli müqavilələr adətən qazı alan dövləti təhvil vermə məntəqəsi kimi nəzərdə tuturlar, istehlakçılara qədər qaz kəmərlərinin çəkilməsinin lazım olduğu üçüncü ölkənin ərazisini deyil. Tərəflərin cari mövqelərinin qorunub saxlanılması perspektivdə RF-dən Avropaya digər alternativlərin xeyrinə qaz ixracının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Xəbər verildiyi kimi, 2015-ci ilin mart ayında TANAP qaz kəməri “borusunun” təməlqoyma mərasimi keçiriləcək. Aprel ayında qaz kəmərinin tikinti işlərinə başlamaq planlaşdırılır. TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.
Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%. SOCAR-ın prezidenti R.Abdullayev bəyan edib ki, TANAP layihəsinin iştirakçılarının tərkibində və ya səhmdarların iştirak payında dəyişikliklər planlaşdırılmır. Hətta layihəyə yeni səhmdarlar qoşulduqda belə SOCAR nəzarət paketini, yəni səhmlərin 51%-ni özündə saxlamaq niyyətindədir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət