“Abşeron” yatağının ikinci mərhələsi hasilatı 3-4 dəfə artırmağa imkan verəcək. Bunu prezident İlham Əliyev deyib.
“2021-ci ildə “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir”, - deyə dövlət başçısı bu gün AzTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var.
“Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır”, - deyə İ.Əliyev bildirib.
Prezident vurğulayıb ki, indi əsas diqqət Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. “Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin”, - deyə İ.Əliyev əlavə edib.
O qeyd edib ki, “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək.
“Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür”, - deyə dövlət başçısı diqqətə çatdırıb.
2016-cı il noyabrın 21-də SOCAR və “Total” arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% - operator) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malikdir.
2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.
I mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə çərçivəsində pik dövrdə illik 5 milyard kubmetrə yaxın qaz hasil oluna bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barrelə yaxın kondensat hasil olunacaq.
“Şəfəq-Asiman” strukturunda birinci kəşfiyyat quyusunun dərinliyi 6500-7000 metr təşkil edəcək. Struktur sahəsində dənizin dərinliyi 600-800 metr arasındadır. İlkin məlumatlara görə, məhsuldar qalın təbəqə təxminən üç kilometr təşkil edir və 5 km-dən 8 km-ə qədər dərinlikdən başlayır.
SOCAR və “BP Exploration” şirkətləri arasında blokun təqdiqatına dair müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma mümkünlüyü ilə 30 il müddətinə nəzərdə tutulub.
Strukturda üçölçülü seysmik tədqiqat işləri aparılıb. “Şəfəq-Asiman” strukturunun ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat təşkil edir.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 milyard təşkil edir.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Hazırda layihənin 4 komponentindən 3-ü reallaşdırılıb. TAP qaz kəmərinin tikintisi üzrə işlər 96% yerinə yetirilib.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ilin IV rübündə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunmaq üçün nəzərdə tutulub. Türkiyəyə ixrac 2018-ci ilin yayında başlayıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət