Türkiyə Trans-Anadolu boru kəmərinin (TANAP) ötürmə qabiliyyətinin artırılmasını dəstəkləyir. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və energetika naziri Pərviz Şahbazov (4 fevral 2022-ci ildə - İF) Azərbaycanın kəşfiyyat və hasilata yatırımları sürətləndirə və çox qısa vaxt ərzində bu xətti qazla doldura (TANAP) biləcəyini ifadə ediblər. Türkiyə də öz tərəfindən TANAP-ın gücünün artırılmasını dəstəklədiyini bildirib. Avropadan da bənzər tələblər var. Ümid edirik ki, TANAP üzərindən Avropaya yeni qaz həcmləri nəql olunacaq”, - deyə o, türkiyəli jurnalistlərə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, nazir vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan digər ölkələrlə bu layihənin perspektivləri qiymətləndirilib.
Bununla yanaşı, o əlavə edib ki, CQD-nin komponenti olan TANAP Türkiyə ilə yanaşı, Avropanın da enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Hazırda ildə 16 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Bunun 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Yunanıstan, Bolqarıstan və İtaliyaya göndərilir.
“TANAP qaz kəmərinin layihələndirilməsi zamanı onun ötürmə gücünün ildə 31 milyard kubmetr təşkil edəcəyi planlaşdırılmışdı. Bu artım gələcək tələb və təklifə uyğun olaraq həyata keçiriləcək. Bəlkə də çox gözləmədən boru kəmərinin planlaşdırıldığı layihə gücünə çıxacağını görə biləcəyik”, - deyə o bildirib.
F.Dönmez qeyd edib ki, TANAP-la sadəcə Azərbaycan qazını deyil, bölgədəki digər ölkələrin də qazını Avropaya nəql etmək mümkündür. “Azərbaycanın energetika naziri bildirib ki, Türkmənistanla birlikdə “Dostluq” yatağından hasilata başlamaq planlaşdırılır. Bizim də Türkmənistanla uzun illərə dayanan dostluğumuz və təbii qaz sazişimiz var, lakin uyğun marşrut və boru xətti olmadığı üçün bu günə qədər həyata keçirilməyib. Bəlkə qarşıdakı illərdə Transxəzər layihəsi həyata keçirildiyində bölgə ölkələri yeni mənbəyə qovuşmuş olacaqlar”, - deyə nazir vurğulayıb.
TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti 16 milyard kubmetr təşkil edir. Bu həcmin 10 milyard kubmetrinin Avropaya, 6 milyard kubmetrinin Türkiyənin qərb regionlarına nəqli nəzərdə tutulur. Gələcəkdə borunun illik gücü 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə çatdırılacaq.
SOCAR-ın proqnozlarına görə, TANAP Türkiyənin təbii qaza olan tələbatının 12%-ni qarşılayacaq.
TANAP-ın səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP (12%) şirkətləridir. Bu boru kəməri 15 il ərzində səhmdarlara ildə ümumilikdə $1,45 milyard gəlir gətirəcək, bunun 58%-i Azərbaycanın payına düşəcək.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət