“bp-Azerbaijan” şirkəti bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulunu dənizə yola salıb.
“Bu gün ACE platformasının üst modulları ATA (“Amec” - “Tekfen” - “Azfen”) tikinti-quraşdırma sahəsindən dənizə yola salınıb. Obyektin dənizdə quraşdırılması və işə salınması üçün tələb olunan işləri minimuma endirmək məqsədilə yola salınmazdan əvvəl üst modulların əsas istismar sınaqları və yoxlamaları quruda həyata keçirilib”, - deyə şirkətin məlumatında bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, ACE platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19,6 min ton, hündürlüyü 36 metrdir.
“Bu gün ACE platformasının son hissəsini dənizə yola saldıq. (...). Bu platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək və sahildən idarə edəcəyimiz ilk dəniz platforması olacaq”, - deyə "bp"nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qari Counz bildirib.
O qeyd edib ki, platformanın üst modullarının təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılacağı planlaşdırılır.
“Bundan sonra isə platformadan ilk hasilat quyusunun qazma işlərinə başlamaq və 2024-cü ilin əvvəlində ilk nefti əldə etmək üçün dənizdə quraşdırma işlərinin və istismar sınaqlarının tamamlanmasına görə bizə bir neçə ay lazım olacaq”, - deyə Counz bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku bu ilin mart ayında “STB-1” barjı ilə dənizə göndərilib. 2023-cü il aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimi keçirilib.
“bp-Azerbaijan” şirkətinin məlumatına görə, üst modullar dənizə yola salındıqdan sonra tikinti işlərinin və istismar sınaqlarının dənizdə aparılacaq hissəsinin tamamlanması və ACE platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması məqsədilə birinci quyunun qazılması üçün bir neçə ay lazım olacaq.
“Azəri-Mərkəzi-Şərqi” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Qazma işləri “TURAN Drilling Company” tərəfindən həyata keçiriləcək. Yeni platforma gündə 100 min barel neft hasilatı üçün nəzərdə tutulub.
Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb.
Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Layihə çərçivəsində BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2022-ci ildə sözügedən müqavilə sahəsindən neft hasilatı 9% azalaraq təqribən 152 milyon barel (20 milyon ton) təşkil edib. Hasilat 6 platformadan həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət