“BP-Azerbaijan” şirkəti 2024-cü ilin I rübündə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun “Azəri Mərkəzi Şərqi” (ACE) platformasında ilk hasilat quyusunun qazılması işlərini başa çatdıracaq. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün jurnalistlərə açıqlamasında deyib.
“ACE platformasından ilk neftin bu il hasil olunacağı gözlənilir. İl ərzində bu platformadan üç hasilat quyusunun qazılması planlaşdırılır. İlk hasilat quyusunun qazılması prosesi birinci rübdə başa çatacaq”, - deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, birinci hasilat quyusunda qazma işlərinin nəticələri həm də layda olan təzyiq və AÇG blokunun işlənməsinin növbəti mərhələləri ilə bağlı digər məlumatların əldə olunması baxımından çox vacibdir.
“ACE layihəsi AÇG-dən neft hasilatı tempinin aşağı düşməsinin yavaşıdılmasına müsbət təsir göstərəcək”, - deyə B.Aslanbəyli vurğulayıb.
O qeyd edib ki, 2024-cü il ərzində SOCAR-la danışıqlar artıq müəyyən nəticə verə bilər və AÇG blokundan neft hasilatının kəskin azalmasının qarşısını almaq üçün proqram hazırlanacaq.
ACE platformasında ilk hasilat quyusunun qazılmasına 2023-cü il dekabrın 4-də başlanılıb. Quyunun dərinliyi 3188 metrə qədər təşkil edəcək.
“Azəri Mərkəzi Şərqi” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Qazma işləri “TURAN Drilling Company” tərəfindən həyata keçiriləcək.
Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
2023-cü ildə AÇG blokundan neft hasilatı 2022-ci illə müqayisədə 12,5% azalaraq 133 milyon barelə yaxın (18 milyon ton) təşkil edib.
2023-cü ildə blokdan gündəlik 363 min barel neft (2022-ci ildə 415,4 min barel) hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. 2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət