Çərşənbə günü Volqoqradda IV Rusiya-Azərbaycan Forumu çərçivəsində “Bakı” parkının təməlqoyma mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Mərasimdə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nüfuzlu nümayəndə heyəti, respublikamızın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK), Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Volqoqrad vilayəti hökumətinin nümayəndələri iştirak ediblər.
Volqoqrad vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Oleq Kirsanov mərasimi açaraq qeyd edib ki, iqtisadiyyatın bir çox sahələrində Azərbaycan ilə Rusiya arasında yaranmış möhkəm əlaqələri qiymətləndirmək çətindir.
“Parkın tikintisinin başlanması və onun yaxın vaxtlarda başa çatdırılması tarixi şəhərimizin xəritəsində yeni inci görməyə imkan verəcək. Biz beynəlxalq əməkdaşlığımızın yeni təməl daşını qoyuruq. Bütün volqoqradlılar adından azərbaycanlı dostlarımıza demək istəyirəm ki, biz həmişə sizi burada görməyimizə şadıq, siz Volqoqrad torpağında ən sevilən qonaqlarsınız. Yeni parkın bünövrəsinə qoyacağımız kapsul dövlətlərimizin gələcəyinin rəhnidir”, - deyə O.Kirsanov qeyd edib.
Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov mərasimin iştirakçıları qarşısında çıxış edərək söyləyib ki, xatirə kapsulunun gələcək nəsillər üçün saxlanması Rusiya ilə Azərbaycan arasında sarsılmaz dostluğun rəmzi olacaq.
Belə obyektlərin tikilməsinin gözəl ənənəyə çevrildiyini söyləyən V.Çernov xatırladıb ki, keçən il Həştərxanda Rusiya-Azərbaycan dostluğu körpüsü açılıb. O, Heydər Əliyev Fonduna, Volqoqrad vilayətinin Azərbaycan diasporuna və belə əhəmiyyətli, xeyirxah təşəbbüsləri həyata keçirənlərə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd edib ki, “Bakı” parkının salınması barədə razılaşma bu il aprelin əvvəlində Azərbaycan nümayəndə heyətinin Volqoqrada səfəri zamanı əldə edilib. Ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, dostluq parkının salınması sahəsində kompleks işləri ən qısa müddətdə yerinə yetirmək qərara alınıb.
“İnanıram ki, əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış xalqlarımız, ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi olan bu park volqoqradlıların ən gözəl və sevimli istirahət yerlərindən biri olacaq. Sevindirici haldır ki, parkın təməli Stalinqrad döyüşündə alman-faşist işğalçılarının sovet qoşunları tərəfindən darmadağın edilməsinin 70 illiyinin qeyd olunduğu ildə qoyulur. Bu Qələbəni digər xalqların nümayəndələri ilə yanaşı döyüşlərdə qəhrəmanlıq və igidlik göstərmiş Azərbaycan əsgərləri də yaxınlaşdırmışlar. Biz fəxr edirik ki, Stalinqrad döyüşü iştirakçılarının – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı, mayor Xıdır Mustafayevin adları müharibənin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılacaq”, - deyə o söyləyib.
Ə.Həsənovun sözlərinə görə, Volqoqradda yaşayan azərbaycanlıların indiki nəsli də xalqlarımızın çoxəsrlik ənənələrini layiqincə davam etdirir.
“Volqoqradın Azərbaycan diasporu arasında çox nüfuzlu insanlar var. Onlar vilayətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Rusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şöbəsi dostluq parkının yenidən qurulmasında bilavasitə iştirak edir”, - deyə o əlavə edib.
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri söyləyib ki, Həştərxanda Heydər Əliyev Fondunun təşəbbüsü və Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının dəstəyi ilə bir sıra buna bənzər layihələr həyata keçirilib.
“Tezliklə həştərxanlılar da Bakıda dostluq parkı açacaqlar. Bu, bütöv bir dövr ərzində azərbaycanlıların və rusların bir-birini başa düşmək bacarığı nümayiş etdirdiklərinə, qarşılıqlı hörmətin əvəzsiz təcrübəsini qoruyub saxladıqlarına dəlalət edir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdükləri siyasət sayəsində ikitərəfli Rusiya-Azərbaycan münasibətləri inkişaf edir və genişlənir. Biz bundan sonra da əlaqələrimizin dərinləşməsi və genişlənməsi istiqamətində irəliləyəcəyik”, - deyə o vurğulayıb.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qonaqpərvərliyə görə Volqoqrad tərəfinə minnətdarlığını bildirərək deyib ki, bu gün təkcə Volqoqradda yaşayan azərbaycanlılar üçün deyil, həm də Rusiyada yaşayan və işləyən bütün azərbaycanlılar üçün bayramdır.
“Volqoqradda bu günlər artıq xalqlarımız və ölkələrimiz arasında dostluğun nümayişinə çevrilir. Bu, bizim üçün çox vacibdir. Çünki biz qonşuyuq, qonşular isə mehribanlıq şəraitində yaşamalıdırlar. Yeni park illərlə xalqlarımız arasında dostluğun rəmzi olacaq”, - deyə P.Bülbüloğlu əlavə edib.
P.Bülbüloğlu bildirib ki, park bir neçə ay ərzində qurulacaq və artıq sentyabrda açılacaq.
Sonra Ə.Həsənov və VəÇernov gələcək nəsillərə ünvanlanmış müraciəti imzalayıblar.
Müraciətdə deyilir: “Biz, forum iştirakçıları və Volqoqrad sakinləri əminik ki, salınacaq park təkcə şəhərlərimiz arasında deyil, həm də dövlətlərimiz arasında dostluğun rəmzi olacaq. Bu park birgə səylər nəticəsində yarandığı kimi, biz də gələcək nəsillərin rifahı naminə Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqlarının qarşılaşdıqları bütün çağırışları birlikdə dəf edəcəyik. Bu kapsulu bünövrəyə qoymaqla bundan sonra da ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı yolu ilə getmək barədə birgə niyyətlərimizi təsdiq edirik”.
Sonra kapsul yeni parkın bünövrəsinə qoyulub.
Volqoqradın mərkəzi mədəniyyət və istirahət parkı fəaliyyətə ötən əsrin 60-cı illərindən başlayıb. Həmin vaxt şəhərin mərkəzi hissəsində fəal tikinti işləri aparılırdı. Parkın birinci layihəsi 1967-ci ildə hazırlanıb. Sonra layihəyə dəyişikliklər edilib. Son illər parkın 26 hektarlıq ərazisi baxımsız vəziyyətə düşüb. Hazırda mərkəzi mədəniyyət və istirahət parkında ərazinin abadlaşdırılması işlərinə başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət