Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bəyan edib ki, Bakı etnik prinsipə görə ölkəyə girişə qadağa qoymur.
“Birincisi, deməliyəm ki, bizimlə bölüşdüyünüz informasiya yumşaq desək, həqiqətə uyğun deyil. Bizdə etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirlərində iştirak edirlər. Ermənistandan olan komanda iştirak edib, mən hətta xatırlayıram ki, Ukraynanın milliyyətcə erməni olan bir nümayəndəsinə gümüş medalı şəxsən özüm təqdim etmişəm. O, qızıl medal qazanan azərbaycanlı boksçu ilə fəxri kürsüdə yanaşı dayanmışdı. Mən onun da əlini sıxıb təbrik etdim və bu, zaldakı adamların ürəyincə olmasa da, onlar məni uzun müddət alqışladılar”, - deyə o, “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın sualına cavabında bildirib.
Dövlət başçısı əlavə edib ki, Simonyanın sualında müəyyən qərəzlilik var. “Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycana müxtəlif tədbirlərə gələndə də eyni vəziyyət baş verir. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub, mən öz iş kabinetimdə onunla görüşmüşəm. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabı qoruyub saxlamağımıza təəccübləndi, o, özü buna şahiddir. Mən belə nümunələri çox misal gətirə bilərəm – erməni soylu deputatlar, ictimai xadimlər, digər ölkələrin vətəndaşları. Bizdə qadağa yoxdur. Narahatlıq var, daha doğrusu, vardı ki, belə hallar xaotik şəkildə baş verəndə hansısa insidentlərin ola biləcəyi barədə müəyyən risk var. Çünki təqribən 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Mən özümlə kitab gətirmişəm, bu, hətta kitab deyil, “Qarabağ işğaldan əvvəl və sonra” adlı fotoalbomdur. Mən onu sizə təqdim edəcəyəm, siz baxarsınız, bu, hər bir sözdən yaxşıdır, orada nə baş verib və təbii ki, çoxlu zərərçəkən, valideynlərindən, yaxınlarından məhrum olan çoxlu insanlar”, - deyə İ.Əliyev bildirib.
O vurğulayıb ki, indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. “Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir. Biz öz vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik. Buna görə xahişimiz ondan ibarətdir ki, ya Ermənistan vətəndaşları, ya da erməni soyadlı vətəndaşlar Azərbaycana gələndə müvafiq orqanlar məlumatlandırılsın. Xüsusi halda Rusiyadan söhbət gedirsə, səfirlik və səfir Polad Bülbüloğlu bu təlimatları bilir. Azərbaycana gəlməyə rədd cavabı verilən hallar olub. Lakin belə hallar məhz ona görə olub ki, bu formal qaydalara riayət edilməyib”, - deyə dövlət başçısı qeyd edib.
İ.Əliyev əlavə edib: “Erməni silahlı dəstələrinin nəzarəti altında olan əraziyə təsadüfən düşmüş, öz evlərinə getmək istəyən və tutulub saxlanmış, sonra əsir götürülmüş və işgəncələrə məruz qalmış azərbaycanlıların başına gələnlər barədə danışmaq istəmirəm. Bu, başqa mövzudur. Lakin düşünürəm ki, müharibə başa çatandan sonra əgər Ermənistan rəhbərliyi sülh müqaviləsi üzərində işləməyə başlamaq barədə bizim ideyaları qəbul etsə, belə səfərlər müharibədən əvvəl olduğu kimi adi hal ala bilər. İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Onların sayı deyilən 30 mindən azdır. Yəqin ki, 30 min 10-15 il bundan əvvəl olub, bununla belə onlar var, yaşayırlar və normal yaşayırlar, heç kəs onlara heç bir iddia irəli sürmür. Buna görə də sizin sualınıza cavab vermək imkanından istifadə edərək sizi Azərbaycana gəlməyə dəvət etmək istərdim. Siz görərdiniz ki, heç bir məhdudiyyət yoxdur”.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət