Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Azərbaycanla İran arasında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, avtomobil körpüsünün inşası “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.
Təməlqoyma mərasimində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş iştirak ediblər.
Mərasimdə qeyd olunub ki, avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturu ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək.
Mustafayev bildirib ki, tikinti işləri başa çatdıqdan sonra 7 gediş-gəliş xətti olacaq dövlət sərhədindən buraxılış məntəqəsi, eləcə də avtomobil körpüsü ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun və 15 min insanın sərhəddən keçidi təmin olunacaq.
“Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”, - deyə baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünün də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.
Mustafayev əlavə edib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə bərpa işlərinin aparılmasına və ərazilərin potensialından səmərəli istifadə olunmasına xüsusi önəm verir.
“Hazırda bu ərazilərdə genişmiqyaslı proqramlar yerinə yetirilir, o cümlədən yeni nəqliyyat infrastrukturu yaradılır. Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub”, - deyə o qeyd edib.
Mustafayevin sözlərinə görə, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq.
O bildirib ki, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət