Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistana təzyiqləri artırmağı gözləyir.
İ.Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərliyi ilə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib.
“Düşünürəm ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi, - yəqin ki, onların regiona səfər etməyi planlaşdırdığını bilirsiniz, - beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır”, - İ.Əliyev görüş zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır.
“Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir”, - İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Ermənistan başa düşməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
“Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”, - dövlət başçısı bəyan edib.
O həmçinin bildirib ki, uzun illərdir ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə vermir.
“Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur”, - İ.Əliyev əlavə edib.
Prezident xatırladıb ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir.
“Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır.Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik”, - o qeyd edib.
İ.Əliyev həmçinin Daölıq Qarabağda status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. O xatırladıb ki, bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir. Ermənistan buna sadəcə olaraq göz yumur və status-kvonu dəyişməz olaraq saxlamaq üçün əlindən gələni edir.
Prezident bildirib ki, Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiq artanda, onlar 2014-cü ildə olduğu kimi, təmas xəttində hərbi təxribatlara başlayırlar.
“Onlar hərbi helikopterlərlə bizim mövqelərimizə hücum edəndə və biz cavab vermək məcburiyyətində qalanda bu, bütünlükdə 2015-ci il ərzində danışıqların dondurulmasına səbəb oldu”, - İ.Əliyev vurğulayıb.
“2016-cı ildə təzyiq yenidən artmağa başlayanda (aprel döyüşləri - İF) onlar kəndlərimizi atəşə tutmağa başladılar və 6 mülki şəxsi qətlə yetirdilər, 20-dən artıq adam yaralandı və biz yenə də cavab verməli olduq”, - o əlavə edib.
Prezident bildirib ki, cavab çox ciddi və effektiv oldu.
“Biz ərazilərimizin mühüm hissəsini azad etməyə müvəffəq olduq. Ermənilər yenə də bunu bəhanə edərək bizi təcavüzdə günahlandırdılar və danışıqlara yenidən başlamaq üçün şərtlər irəli sürməyə başladılar. Sözsüz ki, Azərbaycan bu şərtlərin heç birini qəbul etmədi. Ermənilər bizim bunu heç vaxt qəbul etməyəcəyimizi yəqin ki, başa düşürlər. Bu, ola bilsin ki, onlar üçün məlum səbəblərə görə daha bir vaxt qazanmaq fürsəti idi. Beləliklə, 2016-cı ildə, ilin ikinci yarısında və 2017-ci ildə danışıqlarla bağlı vəziyyət bir növ dondurulmuşdur. Onların taktikası status-kvonu bacardıqları qədər dəyişməz saxlamaqdır”, - prezident vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, işğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. “ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Bütün binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər ermənilər tərəfindən dağıdılıb. Onlar Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədərək 613 günahsız insanı qətlə yetirdilər. Onların 100-dən çoxu qadın, 60-dan çoxu uşaq idi. Onlar bizim tarixi və dini abidələrimizi dağıdaraq mədəni irsimizə qarşı soyqırımı törətdilər. Vəziyyət belədir”, - İ.Əliyev bildirib.
Prezidentin sözlərinə görə, hazırda Ermənistan regionun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qondarma “Dağlıq Qarabağ respublikası”nın bir hissəsi kimi təqdim olunduğu yeni xəritələrini tərtib edir.
“Bu, onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik”, - İ.Əliyev bəyan edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır.
“Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək”, - o vurğulayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət