Gürcüstanın «Кавказъ-плюс» ictimai-siyasi qəzetinin saytında bu yaxınlarda gürcü arxeoloqlar tərəfindən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "David Qareci" monastır kompleksində aşkarlanmış tapıntılara həsr olunan analitik material dərc edilib.
Bu materialı heç bir ixtisar olmadan təqdim edirik.
Azərbaycan-Gürcüstan münasibətləri mehriban qonşuluq və əməkdaşlığın parlaq nümunəsidir. Bu, David Qareci monastır kompleksinin (Azərbaycanda adı – Keşikçi dağ) taleyi ilə bağlı məsələdə özünü tam şəkildə göstərib. Bu kompleks Azərbaycan-Gürcüstan dövlət sərhədində yerləşir, onun böyük hissəsi Azərbaycan ərazisindədir. Burada, Keşikçi dağ silsiləsində neolit dövrü düşərgələrinin olduğu çoxsaylı mağaralar kompleksi mövcuddur Həmçinin o da məlumdur ki, sonradan mağaraların bir hissəsi rahib hücrələrinə çevrilib.
Bu gün David Qareci monastırı (Müqəddəs David) gürcü zəvvarların və turistlərin ziyarət edə bilməsi üçün Gürcüstan tərəfinin istifadəsinə verilib. David Qareci kompleksi Gürcüstanın əsas ziyarətgahlarından və görməli yerlərindən biri hesab olunur və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Burada arxeoloji qazıntılar da aparılır.
Bu günlərdə Gürcüstan mətbuatında belə bir məlumat yer alıb: bir qrup gürcü arxeoloq orta əsr David Qareci mağara kompleksindəki hücrələrin sakinlərinin sirrini açan nadir tapıntılar aşkar edib". Gürcüstan Milli Muzeyinin mütəxəssisləri qaya içərisində oyularaq düzəldilmiş rahib hücrələri və əlavə otaqlar komplesindən ibarət olan Müqəddəs David monastrında qazıntılar zamanı mis qablar, saxsı və şamdanlar aşkar ediblər. Bütün qablar çox yaxşı vəziyyətdə qalmışdı. Jurnalistlərin sözlərinə görə, tapıntı barədə ekspedisiyanın rəhbərlərindən biri, professor Nodar Baxtadze özünün “Facebook” səhifəsində məlumat verib. Arxeoloqlar güman edirlər ki, tapılan əşyalar son orta əsrlərə aiddir. "Ehtimala görə, monastır qardaşlığının üzvləri bu xəzinəni XVII əsrin əvvəllərində İran istilaçılarının hücumları dövründə burada gizlədiblər", - deyə Baxtadze yazıb. KİV-də tapılmış artefaktların şəkilləri də dərc edilib.
Bu xəbər bizim diqqətimizi cəlb etdi, çünki tapılmış əşyaların zahiri görünüşü mənə yaxşı tanış gəldi. Buna görə də biz bu məsələ ilə bağlı Azərbaycan alimlərinə müraciət etməyə qərar verdik. Azərbaycanlı ekspertlərin fikrincə, professor Nodar Baxtadze tapılmış artefaktların tarixi və mənsubluğu ilə bağlı nəticə çıxarmaqda bir qədər tələsib.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix və fəlsəfə elmləri doktoru Gülzadə Abdulova bildirib ki, dərc edilmiş şəkillərə əsasən, söhbət təkcə azərbaycanlı deyil, digər arxeoloqlara da yaxşı məlum olan nümunələrdən gedir. Bu, indiyə kimi Azərbaycan məişətində geniş istifadə olunan ənənəvi mis və saxsı qablardır. Milli Azərbaycan Tarixi Muzeyi və ölkənin digər fondlarında çoxlu sayda belə nümunələr saxlanılır. "David Qareci” kompleksində aparılan qazıntılar zamanı tapılmış qablar Azərbaycan məişəti üçün səciyyəvidir. Tapıntıların arasında yalnız bir əşya – qulplu iri qab XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid ola bilər, qalan qablar isə XIX əsrin sonu - XX əsrin əvvəllərinə aiddir", - deyə G.Abdulova əminliklə qeyd edib.
Onun sözlərinə görə, bu cür qulpsuz iri qazanlar XIX əsrin sonlarında Azərbaycanda, xüsusilə misgərlərin məskunlaşdığı məşhur Lahıc qəsəbəsində, həmçinin başqa regionlarda kustar üsulla istehsal edilməyə başladı. Keşikçi dağda (David Qareci) tapılmış qab-qacaq və qazan dəsti böyük bir ailənin ehtiyacları üçün – yeməyin hazırlanması və süfrənin düzəldilməsi zamanı gündəlik istifadə üçün yararlıdır. Qazan, qapaq, çömçə, kəfkir, məcməyi, sini, şamdan – bütün bunlar yaxın vaxtlara qədər istənilən Azərbaycan ailəsinin mətbəx avadanlığının ayrılmaz hissəsi olub” – deyə o vurğulayıb.
Bundan başqa, mis məmulatlar torpağa basdırıldıqda oksidləşir. Və əgər söhbət XVII əsrdə torpağa basdırılmış və yalnız indi aşkar edilmiş qablardan getsəydi, onlar monastır kompleksi ərazisində aparılan qazıntılar zamanı aşkarlanmış nümunələrdən daha çox oksidləşərdi. Misin az dərəcədə oksidləşdiyini əks etdirən şəkillərə əsasən, bu qablar XVII əsrdə deyil, bir əsrdən az bir vaxtda basdırılıb.
G.Abdulovanın sözlərinə görə, hələ Sovet hakimiyyəti illərində Azərbaycanın müxtəlif regionlarında işləmiş arxeoloqlar tez-tez bu cür əşyalar tapırdılar. Belə qablar varlı ailələrə məxsus idi. Otuzuncu illərdə, "kollektivləşdirmə" və "qolçomaqlıqdan salma" dövründə bir çoxları repressiyadan qorxaraq, xalça, qab-qacaq və digər avadanlıqları torpağa basdıraraq gizlədirdilər. Repressiya dalğası çəkildikdən sonra əmlak gizlədildiyi yerdən qazılıb çıxarılırdı. Ancaq cəzalandırılmış ailələrə məxsus olan əşyalar elə basdırıldığı yerdə də qalırdı. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Abbas İslamov da bu fikri dəstəkləyir. O, uzun illərdir Keşikçi dağ mağaralarını və Cənubi Qafqazda bu cür digər abidələri tədqiq edir. Elmi işçi qeyd edib ki, tapılmış qabların üslub və elementləri XIX əsrə aiddir. O, həmçinin deyib ki, Azərbaycanda mis qabları iki halda torpağa basdırırdılar. Birincisi, çox vaxt çoban ailələri bu cür edirdi, onlar yaylaqdan qışlağa gedərkən özləri ilə böyük yük daşımamaq üçün qab-qacaq dəstini həm qış, həm də yay düşərgələrində torpağa basdırırdılar. İkincisi, həyat üçün təhlükə olduqda, ailə əmlak və avadanlığı aparmaq imkanına malik olmadıqda qabları torpağa basdırırdılar.
Biz David Qareci monastır kompleksinin tarixini qətiyyən şübhə altına qoymuruq. Və şübhə etmirik ki, bu gün orada işləyən arxeoloqlar onun tarixinin bir çox detallarına işıq salacaqlar. Gürcüstan - qədim, yüksək və özünə xas mədəniyyəti olan ölkədir. Bu, özünü ədəbiyyatda, rəssamlıqda və bir çox digər sahələrdə büruzə verir. Gürcüstanda sənət məktəbi (o cümlədən mis qabların hazırlanması kimi sahədə) də mövcuddur. Ancaq dərc edilmiş şəkillər çətin ki, XVII əsrdə asket həyatı ilə əlaqəli olsun.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət