Azərbaycan hökuməti və BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT)2022-ci ilin payızında Ağdamda (Qarabağ iqtisadi rayonu) şəhərsalma mövzusunda illik konfrans keçirməyi planlaşdırır.
“Hazırda Azərbaycan və UN-HABITAT arasında ölkəmizdə şəhərsalma mövzusunda illik konfransın keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır. İlk konfransın cari ilin payızında Ağdam şəhərində keçirilməsi plalaşdırılır. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunmasına dair danışıqlar aparılır”, - “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdəki mənbə bildirib.
O qeyd edib ki, bu yaxınlarda Azərbaycan tərəfindən təşkilata $1,5 milyon məbləğində könüllü ianə olunub.
Dünən Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasının iştirakçılarına ünvanladığı videomüraciətdə qeyd edib ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir.“Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”, - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.
“Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir”, - prezident bildirib.
Əliyev əlavə edib ki, Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.
”Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir. Ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq”, - dövlət baçısı bəyan edib.
Onun sözlərinə görə, bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. “Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik”, - dövlət başçısı əlavə edib.
UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət